27 fevral 2021 08:35
1139

Azərbaycanlı deputatdan ermənilərə Qarabağ silləsi

Ülviyyə Ağayeva: Erməni silahlı dəstələrinin müharibədən, üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində nə işi vardı?

ATƏT-in qış sessiyası çərçivəsində keçirilən Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər üzrə Ümumi Komitənin iclasında erməni deputat Azərbaycan tərəfin hərbi əsirləri terrorist adlandıraraq Ermənistana qaytarmamaqda ittiham edib.

“İki sahil” xəbər verir ki, Milli Məclisin deputatı Ülviyyə Ağayeva buna cavab olaraq, erməni deputatı hər dəfə Azərbaycanı yalan məlumatlarla ittiham etməkdə günahlandırıb, Ermənistanın hər zaman terrorizmi dəstəklədiyinin heç kəsə sirr olmadığını bildirib. AZƏRTAC-ın məlumatına görə, o, həmkarına “Erməni silahlı dəstələrinin müharibədən, 3 tərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində nə işi var idi?” sualını da ünvanlayıb.

Ülviyyə Ağayeva deyib ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə böyük diqqət ayıran bir ölkədir. Beynəlxalq əməkdaşlıq ölkələr arasında əlaqələrin inkişafında xüsusi rol oynayır: “Burada ölkəmi təmsil etdiyim üçün bu gün Azərbaycan xalqının üzləşdiyi böyük bir humanitar fəlakətdən danışmaq istəyirəm. Xocalı soyqırımının XX əsrdə insanlığa qarşı yönəlmiş ən qəddar faciələrdən biri olduğunu artıq bir çox dünya ölkələri tanıyıb. Xocalı soyqırımı 29 il əvvəl fevralın 26-da törədilib. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizi işğal altına düşmüşdü.

İndi hamınız bilirsiniz ki, təxminən 30 ildən sonra Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərini azad etmişdi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma vətənlərində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Günahsız insanlar qətlə yetirilmişdir. Azərbaycanın Xocalı şəhərində xalqımıza qarşı hərbi cinayət törədilmişdir. Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı şəhərində törədilən soyqırımı nəticəsində 613 mülki şəxs öldürülüb, bunlardan 106-sı qadın, 63-ü uşaqdır. Artıq bir çox ölkə Xocalı soyqırımını bir soyqırım aktı kimi tanıyıb.

Ermənilər, eyni zamanda, işğal olunmuş torpaqlarda tarixi və dini abidələrimizi dağıdıblar. ATƏT işğal olunmuş ərazilərə fakt araşdırma missiyaları göndərib və bu barədə hesabatlarında açıq şəkildə bildirib”.

Qeyd edək ki, ATƏT-in qış sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev və üzvü Əminə Ağazadə iclas iştirakçılarını müharibədən sonra tutulan silahlı qruplaşma üzvlərinin hərbi əsir yox, məhz terrorist olmaları barədə məlumatlandırıb.