27 fevral 2021 18:55
1287

Əsli Kazımova: Prezidentin mətbuat konfransı dünya mediasında əsas xəbər başlığına çevrildi

“İnformasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirməsi yönündə cənab Prezidentin yüksək diplomatik keyfiyyətlərə əsaslanaraq verdiyi açıqlamalar dünya mediasında böyük marağa səbəb oldu."

Bu fikri "İki sahil"ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. 

Onun sözlərinə görə, xüsusilə xarici və yerli mətbuat nümayəndələri üçün mətbuat konfransının Xocalı soyqrımı gününə təsadüf etməsi olduqca düşünülmüş bir addım idi: “Cənab Prezident İlham Əliyevin 44 günlük müharibə zamanı da, xarici mediaya verdiyi açıqlamaların hər biri diplomatik seminar kimi dünya birliyinə önəmli mesajlar vermək xarakterinə malik idi.  Prezident, ötən gün keçirilən mətbuat konfransında da verilən suallara təmkinlə və  faktlara əsaslanaraq cavabları ilə dünya mediasının əsas xəbər başlıqlarına öz imzasını atmış oldu. Hətta, Ermənistanda dövlət çevrilişinə cəhdlər, mövcud xaotik vəziyyətlə bağlı olduqca diplomatik yanaşma nümayiş etdirməsi  Azərbaycanın dünya ictimaiyyətinin gözündə demokratik və diplomatik əsaslara sahib siyasi kursa malik olduğunu göstərmiş oldu."
 
Ə.Kazımova qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə mərhələli əsasda quruculuq və bərpa işlərinin, nəqliyyat-logistika planlarının reallaşdırılması və onların əhəmiyyəti haqqında məlumatlar xarici və yerli jurnalistlər tərəfindən maraqla qarşılandı: "Bu yöndə verilən sualların cənab Prezident tərəfindən təhlil və şərh edilməsi Azərbaycanın Qarabağımızın gələcəyi ilə bağlı plan və hədəflərini xarici media nümayəndələrinin diqqətinə böyük ustalıqla çatdırıldı .  Xüsusi olaraq vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Türkiyənin Azərbaycana dəstəyi barədə mətbuat konfransındakı fikirləri, birmənalı olaraq,  Azərbaycan-Türkiyə qardaşlığına əsaslanaraq verdiyi səmimi cavablar, Türkiyə mətbuatında da hörmət və sevgi ilə qarşılanmışdır."
Partiya sədri onu da qeyd edib ki, Prezident İlham Əliyevin “Aprel müharibəsi”nin təfərrüatları barədə ilk dəfə açıqladığı məqamlar mühüm əhəmiyyət kəsb edir: "Eyni zamanda, Ermənistanın Xankəndi və hazırda erməni əhalisinin yaşadığı digər Azərbaycan torpaqlarındakı təxribat xarakterli hərəkətlərinin diqqətlə izlənildiyini, bəzi hallarda yolverilməz aktlara və sülhə xidmət etməyən hərəkətlərə yol verilməsi halında Azərbaycanın mövqeyi ilə bağlı qəti fikirlər səsləndirildi. Ümumiyyətələ, Prezidentin mətbuat konfransını Azərbaycanın informasiya mübarizəsi sahəsindəki növbəti uğuru adlandırmaq olar."

Yaqut Ağaşahqızı, "İki sahil"