28 fevral 2021 11:30
1076

Yusif Bağırzadə: Ermənistan kimi qonşusu olan bir ölkə olaraq bizim daim hazır vəziyyətdə olmamız şərtdir

Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə mənzillər veriləcək, ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcək

“Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən çoxlu sayda Fərman və sərəncamlar imzalanıb. Dövlət başçımız tərəfindən imzalanan sərəncamlar onun bu vacib məsələyə son dərəcə həssas münasibət göstərildiyini bir daha təsdiq edir."

Bu sözləri "İki sahil"ə açıqlamasında politoloq Yusif Bağırzadə Prezidenti İlham Əliyevin Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında səsləndirdiyi fikirləri şrh edərkən deyib.

Yusif Bağırzadə bildirib ki, Prezident İlham Əliyevin bu il yanrın 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür: "Bu qəbildən olan insanların dövlət səviyyəsində qayğı ilə əhatələnməsi, hər birinin probleminin fərdi qaydada araşdırılması və həlli istiqamətində konkret addımların atılması xalqımız tərəfindən də çox yüksək qiymətləndirilir. Şəhid ailələrinin mənzillərlə təmin edilməsi, yaşayış şərtlərinin yaxşılaşdırılması, qazilərimizin realibitasiyası, işlə və avtomobillərlə təmin olunmaları və sair bu kimi addımlar göstərilən qayğının ana xəttini təşkil edir."

Politoloq qeyd edib ki, məlum olduğu kimi Ramanı kompleksində doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib: "2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Belə bir qısa müddətdə bütün bu kimi böyük işlərin görülməsi, sözün həqiqi mənasında, dövlətin şəhid ailələrinin mənzil problemlərinin tez bir zamanda həll edilməsinə çalışmasından xəbər verir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcək. Ümumilikdə bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib."

Y.Bağırzadə vurğulayıb ki, cənab Prezidentin də qeyd etdiyi kimi bizim müharibəmiz azadlıq müharibəsi idi: "Ermənistan isə işğalçılıq müharibəsi aparırdı. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Onu da qeyd edək ki, Azərbaycanın Ermənistan üzərində qələbə qazanması uzun illər ərzində aparılan məqsədyönlü hazırlığın nəticəsi idi. Ölkə bütün gücünü səfərbər etdi, bir çox illər ərzində ardıcıl siyasət aparıldı, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər görüldü. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Ordunun maddi-texniki bazasının gücləndirilməsindən, modernləşdirilməsindən tutmuş, canlı qüvvəsinin fərdi keyfiyyətlərinin artırılmasına qədər olan bütün sahələr üzrə sistemli addımlar atılmışdı. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad etdi. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi."

Politoloq onu da qeyd edib ki, Prezidentin görüşdə səsləndirdiyi digər mühüm məqam da ordu quruculuğu və ordumuzun bundan sonra da inkişafı ilə bağlı idi: "Prezident xüsusi olaraq vurğuladı ki, Ordu quruculuğu məsələləri daim diqqət mərkəzində qalacaqdır. Daimi və dayanqlı sülh istəyən dövlət təbii ki, hər an müharibəyə hazır olmalıdır. Ermənistan kimi qonşusu olan ölkə olaraq isə bizim daim hazır vəziyyətdə olmamız şərtdir. Odur ki, dövlət tərəfindən yeni silah müqavilələrinin imzalanması təqdirəlayiqdir və alqışlanmalıdır. Aparılacaq islahatlar daha çevik, daha döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaq."

Yaqut Ağaşahqızı, "İki sahil"