02 mart 2021 21:53
848

Qarabağ yaxın gələcəkdə “yaşıl enerji” zonası kimi tanınacaq

Erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsindən sonra hazırda azad edilən ərazilərimizin bərpa və yenidən qurulması, həmin ərazilərdə iqtisadi inkişafın formalaşması ilə bağlı sistemli və kompleks tədbirlər sürətlə həyata keçirilir. Bərpa-quruculuq işləri geniş miqyası ilə diqqət çəkir. Belə ki, eyni vaxtda həm dəyən ziyan qiymətləndirilir, həm minatəmizləmə prosesi aparılır, həm də infrastruktur layihələri reallaşdırılır. Bütün bunlardan sonra isə sosial obyektlərin, inzibati binaların inşası, nəhayət, məskunlaşmaya başlanılması nəzərdə tutulur.

"İki sahil" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. O bildirib ki, Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında qeyd edilənlərlə bərabər, bir sıra mühüm məqamlara da toxunub. Dövlətimizin başçısı azad edilən ərazilərin bərpası prosesindən danışarkən, bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayıb. Azərbaycan Prezidenti bu zaman qardaş Türkiyənin ölkəmizə münasibəti barədə xüsusi danışıb, bu ölkənin müharibənin ilk günlərindən haqq işimizə böyük dəstək verdiyini, sonrakı vaxtlarda isə bölgəmizin sabitliyini qorumaq üçün önəmli rol oynayan Rusiya-Türkiyə Monitorinq Mərkəzində səmərəli fəaliyyət göstərdiyini xatırladıb. Bütün bunlardan sonra təbii ki, qardaş ölkə Qarabağın bərpasında da köməyini əsirgəməyəcək. İlk müqavilələrin Türkiyə şirkətləri ilə imzalanması da bunun bariz ifadəsidir.

“Yeri gəlmişkən, hazırda türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində səmərəli fəaliyyət göstərirlər. Onlar digər infrastruktur layihələrinin icrasında və tarixi abidələrimizin bərpasında da Azərbaycana qardaşlıq köməyi edəcəklər. Prezident İlham Əliyev bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. Bu baxımdan Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində ilk olaraq “ağıllı kənd” layihəsinin həyata keçirilməsi mühüm önəm daşıyır”, - deyə deputat vurğulayıb.

Milli Məclisin deputatı Rəşad Mahmudov fikirlərini davam etdirərək bildirib ki, inşa ediləcək “ağıllı kənd”lərdə sakinlərin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələri hesabına ödəniləcək. Eyni zamanda, texnoloji innovasiyanın tətbiqi istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi sahələrin inkişafını sürətləndirəcək. Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında da jurnalistin müvafiq sualına cavabında bu məsələ ilə bağlı deyib: “Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni, orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyərik”.

R.Mahmudov söhbətində Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqlarında ekoloji terror törətdiyini də vurğulayaraq, zəngin yeraltı və yerüstü sərvətlərin vəhşicəsinə istismar olunduğunu, regionun meşə örtüyünün məqsədli şəkildə məhv edildiyini, münbit torpaqların, su ehtiyatlarının ekoloji və radioaktiv çirklənməyə məruz qoyulduğunu xatırladıb. O, belə bir acınacaqlı şəraitin aradan qaldırılması, əvvəlki vəziyyətə qaytarılması üçün bundan sonra hələ çox iş görülməsi zəruriliyini bildirib.

Milli Məclisin deputatı daha sonra deyib: Erməni barbarlığı nəticəsində bölgənin təbii landşaftı ciddi deformasiyaya məruz qalıb. Təbii sərvətlərimiz qeyri-qanuni şəkildə istismar olunub. Dövlətimizin başçısının vurğuladığı kimi, düşmən, hətta uzun illər qeyri-qanuni məskunlaşmadan sonra əzəli torpaqlarımızı boşaldarkən ağacları kəsib, meşələrimizi məhv edib.

Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında diqqəti bu vandallıq əməlinə bir daha yönəldərək, xatırladıb ki, ərazilərin minalanması ilə bərabər, burada hər şey, bütün infrastruktur tamamilə dağıdılıb, kənd və şəhərlər xarabalığa çevrilib: “Mən azad edilmiş ərazilərdə dəfələrlə olmuşam, maşınla yüzlərlə kilometr yol gedirsən və yalnız dağıdılmış kəndləri görürsən, heç yerdə bircə bina da yoxdur. Ağdamda bircə bina da yoxdur. Təkcə qismən dağıdılmış bir məscid qalıb, ondan da ermənilər atəşin təshih edilməsi üçün oriyentir və müşahidə məntəqəsi kimi istifadə ediblər, oradan baxırlarmış ki, Azərbaycan qoşunları orada hərəkət edir, yoxsa yox? Füzulidə bircə bina da yoxdur. Hətta bayraq sancmağa yer yox idi. Biz bayrağı bayraq dirəyindən asdıq. Cəbrayılda da eyni vəziyyətdir. Zəngilanda, Qubadlıda bir neçə ev qalıb, onlarda da qanunsuz məskunlaşdırma aparılmışdır…”. 

İşğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin bərpası üçün kompleks tədbirlərin görülməsi nəzərdə tutulub. Bu torpaqların böyük potensialı hesabına “yaşıl enerji” zonasına çevrilməsi planlaşdırılıb. Məsələn, Kəlbəcər-Laçın zonasında daim güclü küləklər müşahidə olunduğundan külək stansiyalarının, Zəngilan-Cəbrayıl zonasında isə il ərzində bol günəş şüalarının mövcudluğu günəş stansiyalarının tikilməsini zəruriləşdirib. Beləliklə, bütün bu təbii imkanlar Qarabağın yaxın gələcəkdə “yaşıl enerji” zonasına çevrilməsini şərtləndirib. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir.