03 mart 2021 22:07
1108

Dünya şöhrətli azərbaycanlı şair Nizami Gəncəvi hamımızın sevimlisi və iftixarıdır

Dünya şöhrətli azərbaycanlı şair Nizami Gəncəvi hamımızın sevimlisi və iftixarıdır. Nizami Gəncəvidən bəhs etmək şərəfli və qürurvericidir. Böyük şairin yaradıcılığı ibrətamiz və düşündürücü olduğu üçün hər zaman böyük oxucu kütləsi qazanıb, sevilib və rəğbət qazanıb. Nizaminin yaradıcılığı təkcə Azərbaycan üçün deyil, dünya bədii ədəbiyyatı üçün tükənməz xəzinədir.

"İki sahil" xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov bildirib.

Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam qarşıya böyük və məsuliyyətli vəzifələr qoyduğunu diqqətə çəkən Baş katib Düsen Kaseinov deyib: “1941-ci il oktyabrın 19-da Leninqradın (Sankt-Peterburq) elm və mədəniyyət ictimaiyyəti Nizami Gəncəvi dühasının işığında bir araya gələrək böyük şairin anadan olmasının 800 illiyini təntənə ilə qeyd ediblər. Müharibənin qızğın bir vaxtında, blokada və zorakı mühitə baxmayaraq belə bir mərasimin keçirilməsi böyük Nizamiyə verilən yüksək dəyərin ən mühüm göstəricidir.”

Türk dünyasının tarixi şəxsiyyətlərinə yüksək dəyər verməyi TÜRKSOY-un mənəvi borcu kimi dəyərləndirən baş katib vurğulayıb ki, rəhbərlik etdiyi qurum cari ildə Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı çox mühüm layihələr həyata keçirəcək.