03 mart 2021 18:27
1408

Qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir

Milli Prioritetlərdə  nəzərdə tutulan  istiqamətlər növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq

Ölkə Prezidenti  İlham Əliyev 2003-cü ildən ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırmağa başladı. «Neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürən dövlətimizin başçısı  bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar ataraq qeyri-neft sektorunun inkişafını sürətləndirdi, həmçinin təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasına nail oldu.  İnkişafın Azərbaycan modelinin dünyada təqdir olunması səbəbsiz deyil. Dayanıqlı inkişafa xidmət edən  kompleks islahatlar Azərbaycana  dünyada ən islahatçı ölkə imicini qazandırıb.

Dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşmə davamlı inkişafa əsas verir. Bugünümüzün çağırışı budur ki, iqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın dərin şaxələnməsi, ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmalıdır. Neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir. İqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirməlidir. Yenilikçiliyə malik özəl bölmədə aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır. Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir. Lakin bu zaman ölkənin milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzində olmalıdır.

Dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilməli, bu sahədə şəffaflığın səviyyəsi artırılmalıdır. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır. Dövlətimizin başçısı İlham Əliyevin  Sərəncamı  əsasında təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də bu çağırışların yüksək səviyyədə cavablandırılması üçün vəzifələr və onların icra mexanizmləri öz əksini tapıb. Qeyd olunur ki, kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi  formalaşmalıdır.  Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi  növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə reallaşdırılacaq 5 Milli Prioritetdir. Cənab İlham Əliyev bununla növbəti 10 il üzrə inkişafın yol xəritəsini təqdim etdi.  Milli Prioritetlər, eyni zamanda, BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Bütün bu hədəflərə yol açan dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə təkmil islahatları, dövrün tələbinə uyğun olaraq atılan addımlardır. Prezident  İlham Əliyev ilk olaraq iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasının prioritetliyini açıqladı. Bu məqsədə uyğun olaraq ilk addım 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında» Fərmanın imzalanması oldu. Həmçinin regionların malik olduğu imkanlardan səmərəli istifadəni təmin etmək məqsədilə növbəti Sərəncam regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının təsdiqlənməsi ilə bağlıdır. Artıq bugünədək 3 Dövlət proqramı uğurla icra edilib və dördüncü sənədin irası davam edir. Regionlarla yanaşı,  Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramları qəbul olundu və uğurla icra edildi.  Bu sənədlərin uğurlu icrası nəticəsində iki milyondan artıq yeni iş yeri yaradılıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni iş yerlərinin yaradılması regionların inkişafı, qeyri-neft sektorunun inkişafı deməkdir. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, paytaxt və bölgələrimiz arasında fərq aradan götürülmüş, hər bir rayon, kənd, qəsəbə özünün inkişaf dövrünü yaşayır. Rayonlar arasında sağlam rəqabət gedir. İrəli sürülən təşəbbüslər xalq tərəfindən dəstəklənir, rəğbətlə qarşılanır. Bölgələrdə, kənd və qəsəbələrdə müasir infrastrukturun yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş imkanlar açır. Hər zaman bu reallıq önə çəkilir ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. 2008-ci ildən başlanan və nəticələri də hələ də bəzi ölkələrdə hiss olunan iqtisadi və maliyyə böhranını Azərbaycanın çox az hiss etməsi, eyni zamanda, ötən ildən dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizə sahəsində ölkəmizin ortaya qoyduğu təcrübə də deyilənlərin təsdiqidir. Azərbaycan təcrübəsində insanların sağlamlığının qorunması ilə yanaşı, dayanıqlı inkişafın təmin edilməsi, sosial dəstək proqramlarının uğurlu icrası əsas yer tutur. Azərbaycanın pandemiya ilə mübarizə dövründə 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi, hətta vaksinlərin alınması ilə bağlı dünyaya kasıb ölkələrə köməyə çağırışlar etməsi də qlobal problemi birgə aradan qaldırmaq istəyini ortaya qoymaqla yanaşı, ölkəmizin iqtisadi və sosial imkanlarının təqdimatı oldu. 

Dayanıqlı inkişafın əsas tələblərindən biri şəffaflığın təmin olunmasıdır. Şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da ölkənin hərtərəfli inkişafına stimuldur. 2003-cü ildə Dövlət Neft Fondunun vəsaitləri 800 milyon dollar təşkil edirdisə, 2021-ci ilin yanvarın 1-nə olan məlumata görə,  43 milyard dollardan artıqdır. Ölkə iqtisadiyyatına qoyulan investisiyanın həcmi 270 milyard dollara çatıb.  Valyuta ehtiyatlarımız 52 milyard dollara yaxındır. Qeyri-neft sektorunun inkişafına geniş imkanlar açan enerji sektorunda da davamlı uğurlara imza atılıb. Son 17 ilin bu sahədə əldə edilən uğurlara  diqqət yetirsək görərik ki, Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib edib.  2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəmərlərinin reallığa çevrilməsi, 2017-ci ilin oktyabrında Azərbaycanın tranzit imkanlarının təqdimatında əhəmiyyətli rol oynayan BTQ dəmir yolunun istifadəyə verilməsi,  növbəti illərdə çoxtərəfli əməkdaşlığın formalaşdırılması,  regional çərçivədə başlayan əməkdaşlığın coğrafiyasının genişlənməsi diqqətdən kənarda qalmır. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, əsas seqmentlərindən olan  TANAP istifadəyə verildi. 2020-ci ilin dekabrın 31-də isə Cənub Qaz Dəhlizinin son tərkib hissəsi olan TAP istismara verildi. 

Ölkəmizin iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır.  Dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyev ölkə həyatının bütün sahələrində islahatlar strategiyasını seçib. 2003-cü ildən yeni keyfiyyətlə davam etdirilən sosial siyasət nəticəsində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkələrdən biri oldu. Azərbaycan həyata keçirilən uğurlu, təkmil sosial-iqtisadi islahatları ilə beynəlxalq aləmdə qazandığı sosial dövlət imicinə yeni əlavələr etdi. İnkişafın Azərbaycan modeli artıq özünü təsdiqləmiş, müsbət təcrübə kimi öyrənilir. «Bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan beynəlxalq aləmdə də ən böyük zirvələrə çata bilmişdir.

Ölkə Prezidenti İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş  «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, həmçinin 12 istiqaməti əhatə edən Strateji yol xəritələri hazırlanaraq uğurla icra edilir. Məqsəd ölkənin hərtərəfli inkişafına nail olmaq, əhalinin sosial müdafiəsini gücləndirməkdir. İnkişaf Konsepsiyasında yer alan əsas hədəflər Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamasına, həmin dövrə qədər üç dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, eyni zamanda, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək idi. Konsepsiyanın imzalanmasından indiyədək atılan addımlara, əldə olunan sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir. Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması artıq reallıqdır. Aparılan islahatlar, həyata keçirilən onlarla Dövlət proqramlarının tətbiqi ilə ölkəmizdə  yoxsulluq və işsizlik 5 faizə enib. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə yoxsulluq səviyyəsi 49 faiz idi. Bazar iqtisadiyyatı prinsiplərinə əməl olunan Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün addımların atılması insanların yaşayış tərzini xeyli yaxşılaşdırmışdır. Sosial ədalət prinsipinə sadiq qalan ölkəmizdə əməkhaqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır.

Azərbaycan bütün sahələrdə təcrübəsi ilə nümunə oldu. Yeganə problemimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi ki, o da dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü,  xalqımızın birliyi sayəsində həll olundu, işğala son qoyuldu. Artıq doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışı gözləyirlər. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar yeni hədəfləri ortaya qoymaqla onların vahid icra mexanizminin müəyyənləşdirilməsini zərurətə çevirir. 2021-ci il Azərbaycanın həyatında quruculuq və bərpa dövrü kimi xarakterizə olunacaq. Artıq işğaldan azad edilmiş ərazilərimizdə  yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılıb. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac var. Dövlətimizin başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də  yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır.  Yeni reallıqlara uyğun olaraq regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək. Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin ediləcək. Bir sözlə, Milli Prioritetlərdə  nəzərdə tutulan  istiqamətlər növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq.

Yeganə Əliyeva, «İki sahil»