03 mart 2021 18:34
1092

Bu terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz

Ermənistan tərəfinin və onun havadarlarının tamamilə əsassız iddiaları Xarici İşlər Nazirliyi tərəfindən cavablandırılıb və bir daha qeyd etmək istərdik ki, Azərbaycan Respublikası 10 noyabr 2020-ci il tarixli bəyanatın öhdəliklərinə sadiq qalır və bu öhdəliklərin tam şəkildə yerinə yetirilməsi istiqamətində müvafiq addımları atır. Bu məsələ ilə bağlı ən ali səviyyədə dəfələrlə münasibət bildirilmişdir. Qeyd etmək istərdim ki, hərbi əsirlərin mübadiləsi məsələsində Azərbaycan tərəfi xüsusi həssaslıq göstərərək Vətən müharibəsi zamanı əsir düşmüş 43-ü hərbçi və 28-i mülki şəxs olmaqla, ümumilikdə 71 erməni vətəndaşını 10 noyabr tarixli üçtərəfli bəyannamənin 8-ci bəndinin şərtlərinə uyğun şəkildə qarşı tərəfə qaytarmışdır.

“İki sahil” xəbər verir ki, bunu  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva müsahibəsində deyib.

Leyla Abdullayeva deyib ki, Ermənistan tərəfinin süni şəkildə qaldırdığı “62 nəfər” məsələsinə gəldikdə isə, məlum olduğu kimi, üçtərəfli bəyanatın imzalanmasında sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə göndərilən və Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş anti-terror əməliyyatı nəticəsində ələ keçirilmiş bu terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz. Belə ki, tutulmuş həmin qrup tərəfindən törədilmiş terror aktları nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu şəhid olmuş, 1 mülki şəxs isə ağır yaralanmışdır. Hazırda sözügedən məsələ Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən araşdırılır. Bildiyiniz kimi, məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramov tərəfindən BMT Baş katibi Antonio Quterreşə ünvanlanan və BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılan məktubda bu xüsusda təfərrüatlı məlumat təqdim edilmişdir.

Əlavə olaraq bildirmək istərdik ki, Azərbaycan tərəfi bəyannamənin şərtlərinə sadiq qalaraq işğaldan azad edilmiş ərazilərdə erməni hərbi qulluqçularının meyitlərinin tapılması və toplanması istiqamətində lazımi şərait yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Rusiya sülhməramlıları ilə birgə Ermənistan tərəfinə köməklik göstərir. Bu günədək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində tapılan 1274 cəsəd qarşı tərəfə təhvil verilmişdir.

Bütün bu məsələlərin fonunda hərbi əsirlərin mübadiləsi məsələsinin qabardılması, lakin beynəlxalq humanitar hüquqda adət normalarını pozaraq Ermənistanın işğaldan azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minalara dair xəritəni təqdim etməkdən imtina etməsinin isə beynəlxalq səviyyədə müzakirə olunmaması, məsələ ilə bağlı ikili standartların mövcudluğundan xəbər verir. Hərbi əməliyyatların bitməsindən bu günədək işğaldan azad olunmuş ərazilərdə 12-si mülki şəxs və 6-sı hərbi qulluqçu olmaqla, ümumilikdə 18 nəfər minaya düşərək olmuş, eyni zamanda 62 hərbi qulluqçumuz və 9 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Qeyd olunan faktlar Azərbaycan tərəfinin 10 noyabr tarixli bəyannamədən irəli gələn öhdəliklərə sadiq qaldığının və bölgədə sülhün təmin edilməsində, Ermənistanın isə əksinə, bəyannamə öhdəliklərini pozaraq hər vəchlə bölgədə gərginliyin artırılmasında maraqlı olduğunu açıq şəkildə göstərir.