03 mart 2021 18:45
1052

Ermənistan əsgərinin Azərbaycan ərazisində yerləşdirilməsi dayandırılmalıdır: Tədbirlər görüləcək

Bu günlərdə XİN tərəfindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycan Respublikasının ərazilərində hərbi xidmət üçün göndərilməsi məsələsi ilə bağlı bəyannamə yayıldı.

“İki sahil” xəbər verir ki, bu məsələni şərh edən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib: “Öncə də bildirdiyimiz kimi, Ermənistanda fəaliyyət göstərən beynəlxalq media agentliklərinin, o cümlədən müstəqil kütləvi informasiya vasitələrinin məlumatlarında Azərbaycan və Ermənistan arasında bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın imzalanmasından sonra Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin aldadılaraq və ya zorla məcbur edilərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi fəaliyyətlərə cəlb edildiyi, bunun həm hərbçilərin həm də onların ailələrinin etirazına səbəb olduğu bildirilir. Bu xüsusda qeyd etmək istərdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın razılığı olmadan hər hansı bir formada yerləşdirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığının, eləcə də Ermənistanın özünün də tərəfdar çıxdığı digər beynəlxalq sənədlərin müddəalarının açıq şəkildə pozuntusudur. Azərbaycan öz suveren ərazilərində bu kimi qanunsuz əməllərin həyata keçirilməsinə icazə verməyəcək və bunun qarşısının alınması üçün bütün lazımı tədbirlər görüləcəkdir”.

XİN rəsmisi deyb ki, xarici işlər naziri Ceyhun Bayramov bu ilin 22 fevral tarixində BMT, ATƏT, NATO və Avropa Şurasının Baş katiblərinə, o cümlədən Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, ATƏT-in fəaliyyətdə olan sədri, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına Ermənistanın beynəlxalq hüquqa, üçtərəfli bəyanata, habelə beynəlxalq adət hüququna uyğun olaraq öz öhdəliklərini yerinə yetirməsi, silahlı qüvvələrini Azərbaycan ərazisində yerləşdirməsinin dayandırması, həmçinin üçtərəfli bəyanatın həyata keçirilməsinə mane olan bütün hərəkətlər və bəyanatlardan çəkinməsi istiqamətində sərəncamlarında olan lazımi tədbirlərin görülməsi ilə bağlı aidiyyəti dəlillər də əlavə olunmaqla müraciətlər etmişdir. Bu müraciətlərin davamı olaraq, Ermənistan tərəfinin qanunsuz əməlləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması sahəsində tərəfimizdən diplomatik kanallarla fəaliyyət davam etdiriləcək.

Bir daha vurğulamaq istərdik ki, bölgədə sülh və sabitliyin, rifah və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün Ermənistanın beynəlxalq hüquqdan, eləcə də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış birgə bəyanatlardan irəli gələn bütün öhdəliklərini tam şəkildə və vicdanla icra etməsinin alternativi yoxdur.