03 mart 2021 23:26
1568

Erməni vandalizminin qurbanı olan bütün tarixi abidələrimiz bərpa ediləcək

Tarixi abidələrimiz əcdadlarımızdan bizə miras qalan milli sərvətlərimizdir. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə böyük məhəbbətlə yanaşan Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyev həm də bu dəyərlərin qoruyucusu idi.

Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyev də son 17 ildə digər sahələrlə yanaşı, həm də mədəni irsin qorunması, tariximizin saxtalaşdırılmasının qarşısının alınması istiqamətində əsaslı layihələr reallaşdırıb.  2008-ci ildə Azərbaycanın “Avropa memarlıq abidələrinin qorunmasına dair” Konvensiyaya qoşulması barədə saziş imzalanıb. Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq etdiyi “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən bir sıra layihələr həyata keçirilib.

Məlumdur ki,30 ilə yaxın zaman kəsiyində əzəli torpaqlarımız olan Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı 7 inzibati rayonunun Ermənistanın işğalına məruz qalması nəticəsində, mədəniyyət abidələrimiz yerlə-yeksan edilib. Statiskaya əsasən işğal nəticəsində Azərbaycana aid 500 tarixi-memarlıq abidələri, 100-dən çox arxeoloji abidə, minlərcə əsərin qorunduğu 22 muzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən məhv edilib.

 Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib ki, azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ona görə də mədəni abidələrimizin, dini abidələrimizin qorunması Mədəniyyət Nazirliyinin başlıca vəzifəsi olacaq: “Mənim təşəbbüsümlə bir çox tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər çox tarixi abidələrimiz var. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişini aparmalıdır, siyahıya almalıdır, yeni siyahılar tərtib etməlidir. Çünki vaxtilə dövlət tərəfindən qorunan abidələrin siyahıları dəqiq tərtib edilməmişdir”.

Ölkə başçısı dağıdılmış ərazilərdə mədəni obyektlərin, mədəniyyət ocaqlarının, dini abidələrimizin, tarixi şəhərlərimizin bərpasının başlıca vəzifə olduğunu xüsusilə diqqətə çatdırıb. Artıq operativ qərargaha məsələ ilə bağlı göstəriş verildiyini bütün tarixi abidələrimizin, mədəniyyət ocaqlarımızın siyahıya alınmasının vacibliyini bildirərək söyləyib ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalıyıq və o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik: “İşğaldan azad olunmuş torpaqlarda yerləşən bir çox abidə tamamilə məhv edilib, mənimsənilib, bəzilərinin memarlıq quruluşu dəyişdirilərək yararsız hala salınıb”. Dövlət başçısının göstərişinə əsasən bərpa olunacaq bütün tarixi abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik siması pozulmayacaq.

Cənab İlham Əliyev fevralın 26-da 4 dildə 4 saatdan artıq davam edən mətbuat konfransında dünyanın 35-dən artıq kütləvi informasiya vasitəsinin nümayəndələrinin suallarını cavablandırarkən də diqqəti Ermənistanın Azərbaycana qarşı apardığı məkrli siyasətə yönəldərək bildirdi ki, Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir.

Ulu Öndərin mədəniyyət siyasətinin reallaşması işində  onun adını şərəflə daşıyan Fondunun böyük xidmətləri vardır. Fond Azərbaycan milli- mədəni irsinin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılması sahəsində və ölkənin beynəlxalq mədəni əlaqələrinin həyata keçirilməsində əvəzolunmaz rol oynayır.

Dağıdılmış abidələrimizin bərpası ilə bağlı  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsindəki paylaşımında da deyilir ki,  30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. “Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır”.

Sözügedən paylaşımda vurğulanır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik: “Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar”.

 

Günel Eyyubova, «İki sahil»