03 mart 2021 23:48
1292

Milli məfkurə yaddaşının ensiklopediyası

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun milli humanitar yaddaşın yaşadılması və gələcəyə obyektiv  şəkildə çatdırılması üçün apardığı ardıcıl araşdırmaların uğurlu nəticələrindən biri də bu yaxınlarda nəşr olunmuş “Molla Nəsrəddin” ensiklopediyasıdır.  

“Molla Nəsrəddin” ensiklopediyası AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanmış, institutun elmi şurasının qərarı ilə çap olunmuşdur. Bu ensiklopediyanı tanınmış tədqiqatçı, professor Vüqar Əhməd tərtib etmiş və çapa hazırlamışdır.

Ensiklopediya akademik İsa Həbibbəylinin “Molla Nəsrəddin ədəbi məktəbinin ensiklopediyası” adlı “Ön söz”ü ilə və  dövlətçilik etikasına və yüksək milli-mənəvi dəyər konseptlərinə uyğun olaraq, ulu öndər Heydər Əliyevin Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı haqqında fikirlərini və  bu möhtəşəm irsə verdiyi yüksək dəyəri ifadə edən   “Görkəmli dövlət xadimi Heydər Əliyev “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında” adlı dolğun məzmunlu məqalə ilə başlanır.

Ensiklopediyanın strukturu  müəyyənləşdirilərkən ilk növbədə onun dövrü məsələsi dəqiqləşdirilmişdir. Məlumdur ki, Molla Nəsrəddin xalq yaradıcılığında lətifə qəhrəmanıdır  və müdrik qoca arxetipini özündə ehtiva edən rəmzi  bir obraz kimi jurnalın adı olaraq seçilmişdir. Amma bu jurnal, jurnal olaraq qalmamış, bir ədəbi üslubda birləşən yazarların   ədəbi məktəbinə çevrilmiş və Azərbaycan ədəbiyyatı tarixində öz layiqli yerini tutmuşdur.

Ensiklopediyada bu xüsusiyyətlər nəzərə alınmış, “Molla Nəsrəddin” həm milli mətbuat tarixinin bir parçası olaraq jurnal kimi, həm ədəbi dilin təşəkkülündə önəmli bir rol oynamış üslub kimi, həm də maarifçi realist və satirik ədəbiyyatın parlaq bir dövrü olaraq ədəbi məktəb kimi təqdim edilmişdir. Burada jurnalın əsasını qoymuş müəllif-Cəlil Məmmədquluzadə və jurnal, jurnalda yazıları ilə iştirak edən çoxsaylı müəlliflər, bu gün də aktuallığını qoruyan mövzular müvafiq oçerklərdə nəşrə daxil edilmişdir.

Ensiklopediya klassik “Molla Nəsrəddin”çilərlə yanaşı, yeni “Molla Nəsrəddin”çiləri də unutmayıb. “Molla Nəsrəddin”lə əlaqəli araşdırma aparan tədqiqatçılar haqqında da ensiklopediyada məlumat verilib və onlar haqqında xüsusi bir biblioqrafiya da təqdim edilib. Belə bir etik yanaşma  tədqiqatçılar üçün böyük diqqət və hörmət olmaqla yanaşı, gənc araşdırmaçılar üçün də elmi tədqiqata təşviq baxımından əhəmiyyətlidir.

 Ensiklopediya akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə “Elm” nəşriyyatı tərəfindən yüksək poliqrafik səviyyədə nəşr edilib.

İnanırıq ki, “Molla Nəsrəddin” ensiklopediyası Azərbaycan mədəni məlumatlarını etibarlı şəkildə müasir cəmiyyətimizə təqdim etməklə yanaşı, onun gələcək nəsillərə də itkisiz və zədəsiz bir şəkildə çatdırılmasını təmin edəcəkdir.  

 

Ağaverdi Xəlil,

Filologiya üzrə fəlsəfə doktoru,

AMEA Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri