04 mart 2021 14:52
1131

Multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların dünyada alternativi yoxdur

Azərbaycanın beynəlxalq miqyasda ildən-ilə güclənən nüfuzu iqtisadi uğurlarla yanaşı, həm də siyasi liberallaşma və demokratikləşmə prosesinin dərinləşdirilməsi, insan hüquqlarının aliliyinin qorunması, habelə tolerantlıq və multikulturalizm sahəsində əldə olunan nailiyyətlərlə şərtlənir.  Özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələr sırasındadır. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub.

Azərbaycan Respublikası bu ölkəni özünün doğma evi hesab edən xalqların təhlükəsiz yaşamaları və adət-ənənələrini qorumaları üçün dövlət səviyyəsində bütün imkanlarını səfərbər etmişdir. Ölkə daxilində həyata keçirilən multikulturalizm siyasəti cəmiyyətdə mövcud olan etnik və mədəni baxımdan fərqli dəyərlərin qorunmasına səbəb olmaqla beynəlxalq münasibətlərdə etnik, dini, irqi və mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə hərtərəfli əlqələrinin inkişafı üçün əlverişli şərait yaradır. Belə siyasət də öz növbəsində dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına, xalqların sülh şəraitində birgə yaşama ənənələrinin formalaşmasına töhfə verir.

Sülh və birgə yaşamaya münasibət təəssüf ki, bədnam qonşumuz Ermənistanda o qədər də ürəkaçan deyil. Bütün dünyaya məlumdur ki, Ermənistan monoetnik ölkədir. Ölkədə demək olar ki, digər xalqların yaşaması üçün dövlət səviyyəsində heç bir iş görülməmişdir. Azərbaycan xalqından fərqli olaraq ermənilərin uzun illər ərzində formalaşmış xüsusilə qonşu xalqlara, o cümlədən fərqli mədəniyyətlərə aqressiv münasibəti bu gün regionda sülhü və təhlükəsizliyi təmin etmək yolunda əsas maneədir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, biz Dağlıq Qarabağda yaşayan ermənilərlə yox, erməni silahlı qüvvələri ilə mübarizə aparırıq. Bu fikir həqiqətən olduqca dəyərlidir. Səbəbi isə aydındır:  Azərbaycanda ən yüksək səviyyədə bəyan olunur ki, erməni xalqı bizim düşmənimiz deyil, biz xalqa qarşı mübarizə aparmırıq. Azərbaycan ordusu sadəcə öz torpaqlarını işğalçı qüvvələrdən və terroristlərdən təmizləyib, ermənilərdən fərqli olaraq istər Dağlıq Qarabağda, istərsə də Ermənistanda yaşayan mülki əhalini hədəfə almayıb. 30 ilə yaxındır ki, davam edən danışıqlarda olduğu kimi müharibənin ən qızğın dövründə də Azərbaycan tərəfi sülhyönümlü mövqeyini qoruyub saxladı. Azərbaycanın öz ərazi bütövlüyünü və sərhədlərini bərpa etməsi isə regiondakı sülhü və təhlükəsizliyi təmin etməsidir. Bu da istər Azərbaycan və Ermənistanda, istərsə də qonşu dövlətlərdə yaşayan insanların sülh və firavan həyatına xidmət edən amildir.

Sadəcə 44 günlük müharibə dövründə deyil, hətta atəşkəs rejiminin davam etdiyi illər ərzində də mülki əhalini hədəfə alan, terror cəhdləri edən Ermənistan isə Azərbaycan ərazisində işğal rejimini davam etdirməyə çalışaraq, ilk növbədə elə ermənilərin dinc həyatını təhdid edir. 44 günlük Vətən müharibəsi dövründə Gəncəyə, Tərtərə, Bərdəyə, Mingəçevirə, Xızıya atılan bombalar hələ də hər birimizin xatirəsindədir. Ermənistan hakimiyyəti həmin günlərdə sülhün və ümumbəşəri dəyərlərin onlar üçün heç nə ifadə etmədiyini və “qələbəyə” gedən yolda hər şeyə əl ata biləcəklərini aydın şəkildə ortaya qoydu. Əlbəttə ki, bu Azərbaycan cəmiyyəti üçün təəccüblü olmadı. Çünki, Xocalı soyqırımını törədən dövlətdən bundan başqasını gözləmək özlüyündə sadəlövhlük olardı. Məlumat üçün bildirmək istərdim ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi əməliyyatlar aparılmayan ərazisində ermənilərin hərbi cinayətləri nəticəsində 93 mülki şəxs həlak olmuş, 400-dən çox mülki şəxs yaralanmış, 3 mindən çox bina dağıdılmışdır. Bəli, erməni dövlətinin fəaliyyəti məhz budur.  Sadə camaatı, mülki insanları hədəfə almaq. İki dövlət arasındakı fərq də budur.

Şübhə yoxdur ki, Qarabağda yaşayan ermənilər üçün də Azərbaycanın idarəçiliyi altında yaşamaq daha yaxşı olacaqdır. Bu həm maddi cəhətdən, həm də mənəvi cəhətdən belədir. İndiki şəraitdə Qarabağ erməniləri üçün ən optimal variant Azərbaycan dövlətinin himayəçiliyini qəbul etmək və reallıqlarla uzlaşmaqdır. Çünki, Azərbaycan dəfələrlə öz mövqeyini bildirərkən, mülki insanlarla müharibə aparmadığını və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində olmadığını vurğulayıb. Ölkə başçısının da dediyi kimi, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanda yaşayan digər xalqların nümayəndələri kimi ermənilərin də öz dinlərini, dillərini yaşatmaq haqları olacaq. Onların ləyaqətli yaşamaq hüquqları qorunacaq. Ona görə də ermənilər anlamalı və qəbul etməlidir ki, gec və ya tez, 1 ilə ya da 3 ilə azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaq və Xankəndində və ermənilərin yaşadığı digər ərazilərdə inteqrasiya prosesi aparılacaq. Bundan başqa bir ehtimal yoxdur. Azərbaycan ordusu 30 il öncə zör gücünə torpaqlarından çıxarılan, evlərindən didərgin salınan vətəndaşlarımızın haqlarını bərpa edib. Canı-qanı bahasına ərazi bütövlüyünü təmin edib. Beləliklə, biz qayıdacağıq. Biz ata-baba yurdumuza dönəcək və o torpaqlarda qurub-yaradacağıq. Və unutmaq olmaz ki, bugün dövlətlər tərəfindən deyilən hər bir söz, atılan hər bir addım gələcəyə yatırımdır. Azərbaycan tərəfi bunun məsuliyyətini dərk edir və hər addımında buna uyğun siyasət aparır. Eyni münasibəti Ermənistandan da gözləmək bizim haqqımız və tələbimizdir. Ermənistanın dövlət nümayəndələri də bunu nəzərə almalı və şəxsi mənafeləri üçün erməni xalqını yalan vədlərlə aldatmaq yerinə reallıqlarla yaşamaları üçün çalışmalıdır. Başqa bir davranış tərzi onları sadəcə olduqlarından daha pis bir vəziyyətə gətirib çıxara bilər. Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur. Odur ki, ziddiyyətlərin qabarıq nəzərə çarpdığı müasir beynəlxalq münasibətlər sistemində münaqişələrə və qarşıdurmalara son qoymaq, müxtəlif xalqlar və dövlətlər arasında uzlaşmanı təmin etmək üçün multikulturalizm və birgə yaşama modellərinin inkişafı olduqca vacibdir.

Azad Namazov,

Pirallahı rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri