04 mart 2021 16:41
1041

Yaqut Əliyeva: Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə bu gün dini etiqad azadlığı tam şəkildə təmin edilir

“Dünyada yüksək milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus harmoniya yaradır. Qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilib.”

Bu sözləri “İki sahil”ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva deyib.

Y.Əliyeva bildirib ki, mədəniyyətlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə günümüzdə də yüksək şəkildə davam edir: “Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə bu gün dini etiqad azadlığı tam şəkildə təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər.” Y.Əliyeva qeyd edib ki, xalqımızın gen yaddaşından süzülüb gələn  dözümlülük, multikultural ənənə bizim üçün normal yaşayış, həyat tərzidir desək, əsla yanılmış olmarıq: “Çünki heç zaman Azərbaycanda dini, milli zəmində qarşıdurma olmayıb. Bu sahədə cəmiyyətdə formalaşmış dözümlülük, tolerantlıq və multikultural ənənələri ilə yanaşı, düşünülmüş dövlət siyasəti də çox böyük rol oynayır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət tərəfindən bu sahədə yaradılan bütün zəruri şərait və dəstək dünyaya örnək sayılacaq səviyyədədir. Ölkəmizdə tolerantlıq və multikulturalizm mühitinin daha da güclənməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub və hazırda bu siyasəti dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. Bu gün ölkəmizin hər kəs üçün multikultural məkana çevrildiyi təkzibedilməz faktdır. Azərbaycanda yaşayan müxtəlif xalqlar, mədəniyyət və din ardıcılları arasında qarşılıqlı hörmətin, birgəyaşayış ənənəsinin mövcudluğu əksər dünya ölkələri, beynəlxalq təşkilatlar, diplomatlar, din xadimləri tərəfindən də qəbul edilir və müxtəlif tədbirlərdə bir çox dövlətlər üçün örnək göstərilir.”

Röya Rasimqızı, “İki sahil”