04 mart 2021 22:50
1123

Dövlətimiz hər zaman öz əsgər və zabitinin yanındadır

Hərbçilərimizin sosial müdafiəsi, onların sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində olan əsas məsələlərdəndir. Bu  günlərdə müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrin müəyyən edilməsi də bunu bir daha təsdiq edir.

“Azərbaycan Bayrağı” ordenli, Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri, müharibə veteranı, ehtiyatda olan polkovnik Elmar Hüseynov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, postmüharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq, müdafiə nazirinin müvafiq əmrinə əsasən, hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilməsi təqdirəlayiqdir: “Xatırlatmaq istərdim ki, əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz, işğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub. Əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir. Zənnimcə bu bir daha subut edir ki, dövlətimiz hər zaman öz əsgər və zabitinin yanındadır. O əsgər və zabitinin ki, onlar  44 günlük Vətən müharibəsində dünyanı heyrətə salan şanlı Qələbəyə imza atdılar və işğal altında olan ərazilərimizi düşməndən azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdilər. Başqa sözlə, ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradəsi nəticəsində mümkünsüzü mümkünə çevirdi. Yeri gəlmişkən onu da qeyd edim ki, dövlətimizin başçısı öz çıxışlarında, müsahibələrində həmişə çox haqlı olaraq qeyd edir ki,  bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir. Bəli, hər bir yaşayış məntəqəsinin azadlığı qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir.”

Müddətli əlavələri müzəffər ordumuza daim diqqət yetirilməsinin, eyni zamanda, ölkəmizdə insan amilinə mühüm önəm verilməsinin parlaq ifadəsi kimi dəyərləndirən müsahibimiz  təəssüflə vurğuladı ki, son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə Vətən müharibəsindən  sonra hərbi qulluqçuların əməkhaqqının azaldılmasına dair müxtəlif səpkili populist yazılar  dərc edilirdi: “Hətta məsələnin mahiyyətini dərk etməyən “ekspertlər” də müxtəlif şərhlər verirdilər.  Bununla da onlar ordumuzun imicinə xələl gətirməyə çalışırdılar. Amma onlar bilmirdilər ki, Ermənistan üzərində zəfər qazandıqdan sonra orduya cəlb edilən hərbiçilərin bir hissəsi tərxis edilmiş, bununla əlaqədar Müdafiə Nazirliyinin hərbi qulluqçularının sayının dəqiqləşdirilməsi  zərurəti yaranmışdı. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə əlaqədar əmr imzalanmalı idi ki, bu da qısa zaman kəsiyində baş verdi.  Onu da bildirim ki, Vətən müharibəsindən əvvəl və Vətən müharibəsi zamanı da Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib. Bir daha vurğulayıram ki, hərbi qulluqçulara əlavə ödənişlərin verilməsinin davam etdirilməsi çox müsbət addımdır. Şübhəsiz, bu zəruri addım hərbçilərimizə olan dövlət qayğısının təzahürüdür”.

Qvami Məhəbbətoğlu, “İki sahil”