04 mart 2021 20:55
1012

Ümumxalq məhəbbəti qazanmış Yeni Azərbaycan Partiyasının sıraları daha da genişlənir

Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin ümumi inkişafına misilsiz töhfələr verib. Yarandığı gündən xalqın ümid yerinə çevrilmiş Yeni Azərbaycan Partiyası cəmiyyətimizin lokomotivi kimi ölkədə cərəyan edən siyasi proseslərdə  daim avanqard rol oynamışdır. 1993-cü ildə iqtidara gələn YAP ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkənin vətəndaş müharibəsi təhlükəsindən xilas edilməsi, dövlət müstəqilliynin möhkəmləndirilməsi, ölkə iqtisadiyyatının dirçəliş yoluna çıxarılması, müasir ordunun yaradılması, torpaq islahatının aparılması kimi həlli vacib problemlərin tarix üçün olduqca qısa müddətdə aradan qaldırılmasında müstəsna xidmətlər göstərmiş və bütün bunlara görə ümumxalq məhəbbəti qazanmışdır. Ona görə də ilk illərdən başlayaraq bu partiyanın sıralarına qoşulanların sayı sürətlə artdı. Proses bu gün də davam etməkdədir.

Yeni Azərbaycan Partiyasının martın 5-də keçiriləcək qurultayına dair maraqlı məlumatlar əldə olunub. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanında liderlik edir.

 Azərbaycanın müxalif cizgili, yaxud da müstəqil sayılan 4 partiyası qurultayda Yeni Azərbaycan Partiyasına qoşulacaq.

- Azərbaycan Demokratik Sahibkarlar Partiyası ( sədri Qasım Qasımov), Azərbaycan Kəndli Partiyası ( sədri Məmməd Məmmədov), Azərbaycan Xalq Demokratik Partiyası ( sədri Rafiq Turabxan), Azərbaycan Yurddaş Partiyası ( sədri Gülay Quliyeva).

Həmin partiyalar qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçiriblər.

Vurğulamaq lazımdır ki, adları çəkilən partiyaların 800 minə yaxın  üzvü olan Yeni Azərbaycan Partiyasına birləşməsi təbii ki, dünənin, bu günün və sabahın partiyası olan YAP-ın Sədri, Prezident İlham Əliyevə məhəbbətdən irəli gəlir. Ermənistan kimi yağı düşmənin üzərində böyük qələbənin qazanılması Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin böyük xidmətləri sayəsində mümkün olmuşdur. Qarabağ münaqişəsinin ölkəmizin parlaq qələbəsi ilə həll edilməsi hətta ona müxalif partiyaların da rəğbətini qazandırmışdır. Cəsarətlə demək olar ki, adlarını çəkdiyimiz partiyaların addımı başqaları üçün nümunə olacaq, Vətənin rifahını üstün tutan bir çox digər partiyalar da YAP-a birləşəcəklər.

Vəli İlyasov, “İki sahil”