05 mart 2021 21:48
1293

SİYASİ PARTİYALAR YAP-a QOŞULUR: KİMLƏR, NƏDƏN VƏ NİYƏ QORXURLAR?

Artıq hər kəsin məlumatı var ki, Azərbaycanda fəaliyyət göstərən 5 siyasi partiya Yeni Azərbaycan Partiyasına birləşmək haqqında qərar qəbul edib. Əlbəttə ki, bundan sonra da YAP-a qoşulmaq istəyən siyasi partiyaların sayının artması ehtimal olunur.

Sirr deyil ki, bu gün ölkəmizdə 60-dək siyasi partiya dövlət qeydiyyatından keçib. Həmin siyasi partiyaların fəaliyyəti bu və digər şəkildə cəmiyyət tərəfindən müxtəlif proseslər zamanı sezilib. Elə onlardan 21-i son parlament seçkilərində siyasi marafona qoşulmuşdu. Bu baxımdan, maddi-texniki vəziyyətindən və üzvlərinin sayından asılı olmayaraq, bu gün Azərbaycanda mövcud olan siyasi plüralizm və çoxpartiyalı sistem şərait yaradır ki, bütün siyasi partiyalar qanunvericilik çərçivəsində fəaliyyət göstərsinlər.

Əlbəttə ki, siyasi partiyaların birləşməsi, birgə fəaliyyət göstərməsi də sivil cəmiyyətlərdə müşahidə olunan prosesdir. Məsələn, belə bir təcrübə ilə biz Rusiyada rastlaşmışıq. "Ədalətli Rusiya" Partiyası "Həqiqət naminə" və "Rusiya vətənpərvərləri" partiyaları ilə birləşmişdi. Yaxud, Avropada millətçi partiyalar Avropa Parlamentində təmsil olunmaq üçün birləşməyə qərar vermişdilər. Yəni, bu cür birləşmə hadisələrinin baş verməsi, müxtəlif partiyaların daha böyük siyasi partiyaya qoşulmaq niyyətini bəyan etmələri məntiqli siyasi hadisədir. Çünki formalaşan yeni siyasi reallıqlar bu cür prosesləri labüd edir.

Azərbaycanda da COVID-19 pandemiyasından və 44 günlük Vətən müharibəsindən sonra yeni siyasi reallıqlar formalaşıb. Dövlət istər pandemiya, istərsə də müharibə zamanı üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Lakin dövlətin birbaşa ölkəni və vətəndaşları qorumaq, müdafiə etmək siyasətinə dəstək də mütləq verilməli idi.

İndi əsl zamanıdır ki, sual edək və cavab tələb edək: hansı siyasi partiya pandemiya zamanı insanların yanında oldu? Hansı siyasi partiyanın rəhbərliyi, fəalları qapı-qapı düşüb ailələrə yardım apardı, vətəndaşları çətin vəziyyətdə qoymadı? Hansı siyasi partiyanın gəncləri pandemiya zamanı insanlara xidmət başında olarkən COVID-19-a yoluxdu? Yaxud, hansı siyasi partiyanın rəhbərliyi, fəalları Ermənistanın hücum etdiyi ərazilərdə vətəndaşlara baş çəkdi? Hansı siyasi partiyanın fəalları şəhid ailələrinin, qazilərin yanında oldu, onların problemlərinin həllinə dəstək verdi?

Bütün bu sualların bir cavabı var: Yeni Azərbaycan Partiyası.

İndi siz deyin, Yeni Azərbaycan Partiyasından başqa xalqını düşünən ikinci partiya varmı? Bəlkə nə zamansa AXCP, Müsavat, VİP, Ağ Partiya rəhbərliyi, fəalları şəhid ailələrinə baş çəkdilər, qazilərə dəstək oldular? Görən varmı? Xeyir yoxdur, ola da bilməz. Çünki onlar xalqdan kənarda mövcud olan siyasi dərnəklərdir.

Yeni siyasi reallıqlar fonunda isə ümumxalq partiyası məhz YAP-dır. Bu səbəbdən də xalqın böyük əksəriyyətinin dəstək verdiyi YAP digər siyasi partiyalar üçün cəlbedici siyasi mərkəzə çevrilməkdədir. YAP-a birləşən və belə bir planı olan siyasi partiyaların məqsədi, amalı daha güclü Azərbaycan qurmaqdırsa, bu yolda onlar perspektiv fəaliyyətlərini YAP-la birgə görürlər.

Bu prosesə ləkə yaxmağa çalışanlar isə əlbəttə ki, sadəcə qorxurlar. Niyə qorxurlar? Səbəblərini özləri daha yaxşı bilirlər. Onlar YAP-a birləşən və belə bir niyyəti olan siyasi partiyaları ənənəvi olaraq sosial şəbəkələrdə qaragüruha “yem” etməyə çalışırlar. Guya YAP-a birləşən siyasi partiyaları heç kəs tanımır. Bəs, belədirsə, həmin siyasi partiyaları heç kəs tanımırsa, nə üçün Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli kimilər bu qədər narahatdır? Ötən 20 il ərzində Soros kimilərin qrantları ilə “heç kəsin tanımadığı” partiyaları belə Qərb uşaqlarının planlarına alət edə bilməyənlər hansı haqla təhqir kampaniyası təşkil edirlər?

Əlqərəz, artıq ölkədə yeni reallıqlar fonunda siyasi inteqrasiya – güc mərkəzi var. O da Yeni Azərbaycan Partiyasıdır. Onun kölgəsini qılınclayanlar isə sadəcə iflasa məhkumdur...

P.S. YAP-ın radikal müxalifət partiyalarından ən sadə fərqləndirici xüsusiyyəti də odur ki, o, fəaliyyətini reallıq üzərində qurur, AXCP, “Milli Şura” kimi sosial şəbəkələrdə, virtual dünyada yox…

Ramil Vəlibəyov,

YAP-ın Sosial media qrupunun rəhbəri