Müsahibimiz Azərbaycanın Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılovdur
- Cənab səfir, Azərbaycan-Qətər münasibətləri hansı səviyyədədir? Azərbaycan uzaq Qətərdən necə görünür?
- İkinci sualınızdan başlayaq, ölkələrimiz arasında məsafə uzaq olsa da qarşılıqlı hörmət, səmimi və mehriban əlaqələr sıx əməkdaşlıq bu məsafəni yaxınlaşdırır. Qeyd etməliyik ki, Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında ikitərəfli münasibətlər möhkəm təməl üzərində qurulub. Hər iki dost ölkə etibarlı əlaqələrin coğrafiyasını bütün sahələrdə genişləndirmək üçün davamlı səylər göstərirlər. Məlum olduğu kimi, iki ölkə arasında Müştərək İqtisadi Komissiya fəaliyyət göstərir. Bu komissiyanın müntəzəm iclaslarında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair mühüm qərarlar qəbul edilir. Bundan əlavə, qarşılıqlı investisiyaları təşviq etmək məqsədilə Birgə İnvestisiya İşçi Qrupu yaradılıb. Həmçinin ölkələrimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirlər. Qətər Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. İkitərəfli əlaqələrin gələcək perspektivlərinə gəldikdə, hesab edirik ki, hər iki tərəfin işgüzar dairələri üçün cəlbedici olan müxtəlif sahələrdə səmərəli əməkdaşlıq üçün hələ istifadə olunmamış potensial mövcuddur. Bu potensialın reallaşdırılması istiqamətində səfirlik öz səlahiyyətləri çərçivəsində ardıcıl addımlar atır.
- Azərbaycanın 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi Qətər mətbuatında necə işıqlandırılıb?
- İstər Vətən müharibəsinin gedişatında, istərsə də şanlı Qələbədən sonrakı dövr ərzində Qətər KİV-lərində müharibə və hadisələrin inkişafı ilə bağlı onlarla xəbər dərc olunub, xüsusən nüfuzlu “Əl-Cəzirə” telekanalında çoxsaylı süjet və reportajlar hazırlanıb. Ümumilikdə, bu yazılarda və reportajlarda Azərbaycanın ərazi bütövlüyünə vurğu edilib, Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olduğu bildirilib.
- Sadə qətərlilər bizim qələbəmizə necə reaksiya veriblər?
- Dövlətin rəhbərləri kimi sadə qətərlilər də Azərbaycanın qələbə çalmasını sevinclə qarşılayıblar.
- Bəs sosial şəbəkələr necə?
- Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli Bəyanatının imzalanmasından sonra yerli kütləvi informasiya vasitələri, müstəqil jurnalistlər və blogerlər tərəfindən çoxsaylı məlumatlar dərc edilib və geniş yayılıb. Həmin məlumatlarda, televiziya verilişlərində və məqalələrdə Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi vurğulanıb.
Qətərin tanınmış və böyük izləyici kütləsinə malik olan bir neçə bloqeri sosial şəbəkə üzərindəki hesab və platformalarından Azərbaycanın tarixi qələbəsi ilə bağlı paylaşımlar ediblər. Mən bir diplomat kimi bunları təqdirəlayiq hesab edirəm.
- Səfirliyinizin kollektivi Ermənistana qarşı informasiya müharibəsində, Azərbaycan həqiqətlərinin Qətər ictimaiyyətinə çatdırılmasında necə iştirak edib?
- Vətən müharibəsi zamanı Ermənistanın təcavüzkar siyasəti, onun hərbi-siyasi rəhbərliyi və qondarma cinayətkar xunta rejiminin törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərin ifşası, eləcə də Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinin çatdırılması və izah edilməsi istiqamətində Səfirlik ardıcıl fəaliyyət göstərib və bu iş davam etdirilir. Kollektivimiz bu məsələyə özünün prioritetlərindən biri kimi baxır.
- Azərbaycanla Qətər arasında perspektivdə yeni əməkdaşlıq layihələri nəzərdə tutulurmu?
- Əlbəttə. Hazırda siyasi, iqtisadi, ticarət və mədəni sahələri əhatə edən yeni əməkdaşlıq təşəbbüsləri üzərində iş gedir və bir sıra layihələr nəzərdə tutulub. Elə bir neçə gün öncə Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın çərçivəsində fəaliyyət göstərən Sərmayələr üzrə Birgə İşçi Qrupunun 2-ci iclası keçirilib. Həmçinin bu ilin 2 mart tarixində iki ölkənin işgüzar dairələri arasında videokonfrans formatında Biznes Görüşü təşkil olunub. Biz, eyni zamanda, ölkəmizlə Qətər Dövləti arasında kiçik və orta sahibkarlığın inkişafı sahəsində əməkdaşlığı təşviq edirik. Məlum olduğu kimi, bütün güclü iqtisadiyyatlar kiçik və orta biznesin üzərində qurulmuşdur və hazırda həm Azərbaycan, həm də Qətər kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verən ölkələrdəndir. Qətər Dövləti Yaxın Şərq və Şimali Afrika regionunun ən böyük qarışıq inkubasiya mərkəzi olan Biznes İnkubasiya Mərkəzinə sahibdir. Bu mərkəz kiçik və orta sahibkarlığın inkişafı və yeni startapların qurulması ilə ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verir. Bu baxımdan ölkəmizdə uğurla fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qətərin analoji qurumu arasında əməkdaşlığın qurulması qarşılıqlı faydalı olacaqdır.
- Konkret vaxt göstərə bilərsinizmi?
- Bəli. Qarşıdakı aylarda Azərbaycanla Qətərin elmi və mədəni dairələri arasında yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
- Dünyanı cənginə almış pandemiya əngəl yaratmır ki?
-Xeyr. Deyə bilərəm ki, pandemiyanın yaratdığı bütün əngəllərə baxmayaraq, qarşıya qoyulan hədəflər istiqamətində fəaliyyət uğurla davam etdirilir.
- Qətərdə həmvətənlərimiz çoxdurmu? Onlarla aparılan işlər hansı mərhələdədir?
- Qətərdə 200-dən çox soydaşımız var. Göründüyü kimi, o qədər də çox deyillər. Onlar, əsasən, neft-qaz sənayesi, turizm, xidmət sektoru, səhiyyə, idman və s. sahələrdə fəaliyyət göstərirlər. Vətəndaşlarımız arasında sıx birlik və həmrəylik mövcuddur. Ötən dövr ərzində Qətərdəki Azərbaycan icması təşkilatlanmışdır. Səfirliyimiz Qətərdəki Azərbaycan icmasının fəaliyyətinə öz dəstəyini əsirgəmir. Qətərdə yaşayan vətəndaşlarımızın hüquqlarının müdafiəsi, bu sahədə mövcud problemlərin aşkarlanması və müvafiq tədbirlərin görülməsi hər zaman səfirliyin diqqət mərkəzindədir. Konsulluq məsələləri diqqətdə saxlanılır, göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi istiqamətində zəruri addımlar atılır, Səfirliyə müraciət edən həmvətənlərimizin bütün məsələlərinə operativ qaydada qayğı ilə yanaşılır və onlara hərtərəfli yardımın göstərilməsi təmin edilir.
- Əhatəli cavablar üçün sağ olun!
-Siz də sağ olun! “İki sahil” qəzetinin kollektivinə uğurlar arzulayıram!
Vəli İlyasov, “İki sahil”