05 mart 2021 22:38
733

Qadınlarımız zərif çiyinlərinə götürdükləri missiyanı şərəflə daşıyırlar

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, tədbirdə çıxış edən MEK-in direktoru, professor Məmməd Əliyev kitabxananın xanım əməkdaşlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Məmməd Əliyev çıxışında Azərbaycan qadınının respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak etdiyini, Vətənin müdafiəsində daim fədakarlıq nümayiş etdirməklə müqəddəs bir missiyanı həyata keçirdiyini və Vətən müharibəsi zamanı həm ön cəbhədə, həm də arxa cəbhədə yüksək qəhrəmanlıq göstərdiyini vurğulayıb.

Mərkəzi Elmi Kitabxananın qurulması və inkişaf etdirilməsində xanımların böyük zəhmətinin olduğunu deyən direktor, bildirib ki, MEK-də xidmət işinin təşkili və digər sahələrdə işin böyük hissəsi xanım əməkdaşların üzərinə düşür. M.Əliyev qeyd edib ki, tarixən Azərbaycan qadınının bütün dövrlərdə şərəfli səhifələr açmış çox gözəl örnəkləri olub. O, ulu öndər Heydər Əliyevin Azərbaycan qadınları haqqında söylədiyi fikri tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. “Bu gün Azərbaycan qadını cənab Preizdent İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti və qayğısı sayəsində ölkənin ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatında yaxından iştirak edirlər”, deyə Məmməd Əliyev bildirib.

Məmməd Əliyev qeyd edib ki, Azərbaycan qadınları zərif çiyinlərinə götürdükləri missiyanı şərəflə daşıyırlar. Bu şərəfli missiyanın təmsilçiləri arasında şəhid anaları, şəhid xanımları və şəhid bacıları da var. Azərbaycan xalqı Qarabağ döyüşlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı ilə Vətənə xidmət edən xanımların da xidmətini unutmayacaq, onları daim yad edəcəkdir.

Tədbirdə AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə də öz növbəsində qadınları bu gün münasibətilə təbrik edərək, tədbirin məramı və ümumilikdə, Azərbaycan qadınının cəmiyyətdəki fəal rolu haqqında danışıb. AMEA-nın qadın əməkdaşlarının elmi fəaliyyətlərindən bəhs edən Rəna Mirzəzadə, ölkənin tarixində, ictimai-siyasi həyatında Azərbaycan qadınlarının elm sahəsində əldə etdiyi nailiyyətlərdən, bütövlükdə elmdə gender bərabərliyi və dövlətin yaratdığı geniş imkanlardan danışıb.

Daha sonra MEK-in əməkdaşlarının hazırladıqları 8 Mart Beynəlxalq Qadınlar Gününün yaranma tarixinə həsr olunmuş videoçarx  nümayiş etdirilib. Tədbirdə MEK-in əməkdaşı Mətanət Muxtarova sözləri Fikrət Qocaya, musiqisi Sevil Əliyevaya aid olan "Ana" mahnısını royalda ifa edib.