07 mart 2021 16:30
1149

Respublikamızın hayatında qadınların rolu ildən-ilə artır

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1977-ci ilin 16 dekabrında  8  Martın  Beynəlxalq Qadınlar Günü kimi keçirilməsini qəbul və təsdiq etmişdir.  1998-ci ildə Azərbaycanda  qadınların problemlərinin həllinə köməklik göstərilməsi, onların  hüquqlarının daha yüksək səviyyədə qorunmasını, qadınların cəmiyyətdəki rolunun daha da artırılmasını təmin etmək məqsədi ilə  Qadın Problemləri üzrə  Dövlət Komitəsi yaradıldı.  Respublikamızda bu sahədəki problemlərin əlaqəli surətdə, kompleks şəkildə həll edilməsi məqsədi ilə bu komitənin bazasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  6 fevral 2006 – cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

Azərbaycanda qadınlar ölkənin ictimai-siyasi həyatında daima mühüm yer tutub. Azərbaycanda həyata keçirilən uğurlu gender siyasəti nəticəsində bu gün də qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında fəal mövqe tutaraq müstəqil, demokratik dövlət quruculuğunda yaxından iştirak edərək ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində  çalışaraq  əldə olunan uğurlarımızda mühüm rol oynayırlar. Ölkədə təhsil sahəsində çalışanların 73,3%-ni, əhaliyə səhiyyə və sosial xidmət göstərənlərin 77,0%-ni, əyləncə və incəsənət sahəsində çalışanların 62,5 %-ni qadınlar təşkil edir. Bələdiyyə üzvü  seçilmiş qadınların sayı əvvəlki illərə nisbətən 6 dəfə artaraq  5236 nəfərə çatmışdır. Bu da ümumi bələdiyyə üzvlərinin 35%-ni təşkil edir. Milli  Məclisdə təmsil olunan qadınların sayı da  artır. Əgər 1990-cı ildə  deputatların 4,3%, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə  hal-hazırda bu rəqəm 18,2 % təşkil edir. Azərbaycanda 1 qadın nazir, nazir müavini olan qadınların sayı isə 3 nəfərdən 8 nəfərə yüksəlib. Əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cü ildə bu rəqəm 35 idisə , hazırda bu rəqəm 76 nəfərdir. Qadın  məhkəmə hakimlərinin sayı 78 nəfərdir.

Uğurla həyata keçirilən hüquqi və demokratik dövlət quruculuğu işlərində böyük xidmətləri olan qadınlar elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə mühüm nəaliyyətlər əldə edirlər. 8 Mart Beynəlxalq qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik, işlərində və şəxsi həyatlarında uğurlar arzu edirəm.

Rauf  Əliyev

Milli Məclisin deputatı