Min illərdir ki, müxtəlif ölkələrdən olan əsgərlər kapitulyasiya məqsədilə ağ bayraq qaldırırlar. Hamıya məlumdur ki, ağ bayraq “təslim oluram” mənasını verir. Bəs nə üçün kapitulyasiya simvolu kimi məhz ondan istifadə edilir?
Maraqlıdır ki, ağ bayraq məğlubiyyət rəmzi kimi min il bundan əvvəl həm Şərqdə, həm də Qərbdə bir-birindən xəbərsiz elə eyni dövrdə istifadə edilməyə başlanılmışdı.
Tarixçilər qədim imperiyaların ağ bayraqdan istifadə etdiklərini yazırlar, lakin nə üçün ağ bayraq sualına cavab tapa bilmirlər.
Əslində isə bunun əsas səbəbi qədimdə ağ parçanın daha geniş yayılmış olması, döyüş zamanı daha əlçatan olması idi. Bundan əlavə, ağ rəng bütün fonlarda seçilir deyə bu rəng bayrağa üstünlük verilmişdi. Digər bir səbəb isə ağ bayraqda heç bir emblem və simvolun olmaması idi, əlbəttə ki, heç kəs öz ölkəsinin bayrağını qaldıraraq rəqibinə məğlub olmaq istəməz.
Şərqdə ilk dəfə Çində istifadə edilməsi həmçinin, bu ölkənin mədəniyyəti ilə bağlı ola bilər. Ölüm və matəm Çində ağ rənglə assosiasiya olunur.
Nubar Süleymanova, “İki sahil”