10 mart 2021 15:11
1441

Sloveniyanın təbii möcüzəsi- Bled gölü/FOTO

Bled gölü Sloveniyanın şimal-qərbində, Alp dağlarının ətəklərində yerləşən ölkənin təbii gözəlliklərindən biridir. Sloven dilində Blejsko jezero, Bleder See və ya almanca Veldeser See kimi tanınan Bled gölü eyniadlı qəsəbədə yerləşir. Sloveniyanın ən turistik yerlərindən biri olan bu göl hər il minlərlə qonağı qəbul edir.

“İki sahil” xəbər verir ki, bölgə keçmişdə dünya səviyyəli su idman yarışlarına da ev sahibliyi edib. Bura Sloveniyaya gələndə ağla gələn ilk yerlərdən biridir. Turistləri valeh edən bir gözəlliyə sahib olan Bled gölü Sloveniyanın milli simvollarından birinə çevrilib. Yamyaşıl meşələrlə əhatələnmiş bu göl hüzur dolu mənzərələri ilə diqqət çəkir. Göldəki adada tarixi bir kilsə ilə yanaşı bir neçə ev də var. Gölün suyu təmizliyi ilə görənləri valeh edir. Sloveniyanın paytaxtı Lyublyanadan 55 kilometr aralıda yerləşən göl həm uzunmüddətli, həm də bir günlük tətil üçün ideal bir məkandır. Bölgəyə Avropadan, xüsusilə Sloveniyanın müxtəlif bölgələrindən çox sayda ziyarətçi gəlir. Bu gölə getməyin ən asan yolu Lyublyanadan dəmir yolu vasitəsilə getməkdir. Bled gölünə ən yaxın dəmiryol stansiyası 4 kilometr məsafədədir. Lesce-Bled adlanan stansiya paytaxt Lyublyanadan bu təbii möcüzə gölünə gələnlərin tez və tez istifadə etdiyi marşurt xəttidir. Uzunluğu 2120 metr və eni 1380 metr olan Bled gölü dəniz səviyyəsindən 450 metr hündürlükdə yerləşir. 6 kilometr uzunluğunda ərazisi olan bu göl qayıq turları üçün də əlverişlidir. Avstriya-Macarıstan İmperiyasından gələn bir ənənə olduğundan 22 fərqli ailənin nəvələri bu göldə qayıqçılıqla məşğuldurlar.

Xüsusilə yaz və yay aylarında bölgəyə gələn turistlərin tez-tez üstünlük verdiyi sahələrin arasında qayıq turları da var. Göldə yerləşən adada olan monastır, bir vaxtlar bu bölgədə bir bütpərəst məbəd üzərində inşa edilib. Məryəm Ana Monastırı, bu gölün ən gözəl mənzərəsindən biridir. 17-ci əsrdə inşa edilmiş Məryəm Ana Monastırı fotoşəkilləri ən çox bəzəyən tikililər sırasındadır. 53 metr hündürlüyü olan qülləsi ilə diqqət çəkən monastırın zəngin və maraqlı bir hekayəsi var.

Əfsanəyə çevrilən hekayənin xülasəsi belədir: Rəvayətə görə, monastırın zəngin və maraqlı hekayəsi 16-cı əsrdə adada yaşayan dul Polixenanın faciəli hekayəsindən qaynaqlanır. Polixena ərinin ölümünü biləndə qızıl və gümüş toplayır və ərinin xatirəsinə onlardan bir zəng hazırlayır. Lakin güclü bir fırtına onu suya salır. Acısı daha da artan Polixena adanı tərk edir və Romaya köçüb rahibə olmağa qərar verir. O zaman Papa VII Klemens Polixenanın qara bəxtini öyrənir və ona yeni bir zəng təqdim edir. Papa VII Klemens Allaha inanan və üç dəfə zəngi vuranların istəklərinin qəbul olunacağı fərmanı verir. Bu gün ada məşhur bir evlilik yeri olaraq istifadə olunsa da, ənənələr heç vaxt unudulmur. Ənənəyə görə, xoşbəxt və uzunmüddətli bir evlilik üçün bəy gəlini 99 pilləli pilləkən boyunca gəzdirməli və kilsəyə aparmalıdır.

Gölün səthi qışda tamamilə donsa da başqa bir gözəllik qazanır. Qarla örtülü dağlarla əhatə olunmuş Bled gölündəki bu qeyri-adi mənzərə peşəkar fotoqraflarla yanaşı, həvəskarların da diqqət mərkəzindədir. Avropa Birliyinin üzvü olan Sloveniyanın bu təbii möcüzəsinə şahid olmaq üçün Şengen vizanız olmalıdır.

Qeyd edək ki, gölün ətrafında bir çox kiçik miqyaslı yaşayış yeri də var.

 Vüsal Cahanov, “İki sahil”