Türkiyənin Muğla şəhərinin Yatağan rayonundakı Stratonikeia qədim şəhərin məclis divarındakı yazılarda tərəvəz, meyvə və ət qiymətləri ilə bağlı qərarların verildiyi görülür.
“İki sahil” xəbər verir ki, AA agentliyinə məlumat verən Stratonikeia və Lagina qazıntılarının başçısı professor Bilal Söğüt "Qiymətlər artdıqda inflyasiyanı nəzarətdə saxlamaq üçün Roma İmperatoru Diokletian tərəfindən ən yüksək qiymətlər siyahısı təyin olunub. 200-dən çox məhsulun adları və qiymətləri də yazılıb" deyib. Stratonikeia qədim şəhəri “Qladiatorlar şəhəri" olaraq da bilinir.
UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş, bir çox mədəniyyətə ev sahibliyi etmiş və dünyanın ən böyük mərmər şəhərləri arasında yer alan bu qədim məskən Yunanistan, Roma, Bizans, Osmanlı və Cümhuriyyət dövrlərindən də izləri özündə yaşadır. Bilal Söğüt bildirib ki, qədim şəhərdə qazıntı və bərpa işləri 12 ay davam edib. Buradakı məclis binasının şimal divarlarının çöl hissəsində latın, eyni divarın daxili tərəfində yunan və cənub divarının çöl hissəsində osmanlı yazılarının olduğunu söyləyən Söğüt, qədim dövrə aid məclis binasının 2 min ildən çox yaşının olduğunu bildirib. Yunan yazılarında stratonikiyalıların istifadə etdikləri təqvimin yer aldığını söyləyən Söğüt menipposların hazırladığı təqvimə əsasən savadsız insanların belə barmaqlarını sayaraq ayları saya bildiklərini, o dönəmdə aylardan birinin 28, digərlərinin isə 30 və 31 gün olduğunu deyib. Yunan dövrünün sonuna aid olan yazıda 12 ayın neçə gün olduğunu və sıralarını izah edən Söğüt yazılardan o təqvim yazılan zamanın 1505-ci ilə aid olduğunu bildirib: “Beləliklə əgər biz onların təqvimini istifadə etsək, indi 3500-ci ildə olarıq."
Yazılar məclis binasının divarlarında tam olaraq əks olunur
Məclis binasının da qədim dövrdə Stratonikeianın bir şəhər dövləti olduğunu göstərən bir tikili olduğuna diqqət çəkən Söğüt bu binanın çöl divarlarında latınca yazıların olduğunu söyləyib. O dövrdə satılan məhsullar haqqında məlumatlar var. Bu divarada bir litr zeytun yağından balığa, ayaqqabıdan çörəyə qədər 200-dən çox məhsulun adı və qiyməti də yazılıb. Məhsulları buradakı qiymətdən yüksək qiymətə satmaq imkanın olmadığını deyən professor siyahının inflyasiya ilə mübarizənin bir göstəricisi olduğunu söyləyib: "Əslində, o dövrdə birbaşa istehsalçıların və istehlakçıların dəstəkləndiyi sistemdən bəhs olunur. Bu yazı tarixi baxımından bizim üçün çox əhəmiyyətlidir.
“Təxminən 23 kvadratmetr ərazini əhatə edən yazının Anadoludakı ən gözəl nümunəsini burada qoruyuruq” deyən Söğüt şəhərin quruluş tarixinin və məclis qərarlarının binanın divarlarında da olduğunu bildirib. Yazılardan məclisin tərəvəz, meyvə və ət qiymətləri ilə əlaqədar verdiyi qərarları da görə bildiklərini söyləyən Söğüt bu yazıların işıq üzü görməsi üçün həssas araşdırmaların aparıldığını qeyd edib.
Vüsal Cahanov, “İki sahil”