15 mart 2021 13:33
1820

Hər gün bir alma yedikdə orqanizmdə nə baş verir? - FOTO

Alimlər alma yeməyin orqanizmə və insan yaddaşına təsirini araşdırıblar. Tədqiqatların nəticələri “Stem Cell Reports” jurnalında dərc edilib.

Kvinslend Universitetinin və Almaniya Neyrodegenerativ Xəstəliklər Mərkəzinin mütəxəssislərinin siçanlar üzərində birgə apardıqları tədqiqatlar zamanı bəlli olub ki, almanın içərisində olan fitonidlərin yüksək konsentrasiyası neyrogenezi - yeni neyronların əmələ gəlməsi prosesini stimullaşdırır.

Onlar yetkin siçanların beyinlərindən kök hüceyrələr yetişdiriblər və sonra həmin hüceyrələrə almanın tərkibindəki fitonid maddələr olan quercetin və hidroksibenzoy-2 turşusu əlavə ediblər.

Alimlər bildirirlər ki, almanın tərkibindəki pesveratrol və epiqallokatexin-3-qallat kimi fitonutrientlər müxtəlif orqanlara, xüsusilə beyinə müsbət təsir göstərir.

Tədqiqatçılar bu effektin fiziki məşqlər zamanı yeni neyronların yaranmasının sürətlənməsi ilə oxşar olduğunu bildiriblər.

Alma bundan əlavə, arıqlamaq üçün də çox faydalıdır.

Lakin almanın hansı saatda yeyilməsinə, digər qidalarla düzgün uyğunlaşdırılmasına xüsusi fikir vermək lazımdır. Rusiyalı həkim-dietoloq Olqa Korableva çəkini azaltmaq istəyənlərin menyuya mütləq təzə, qurudulmuş və ya bişirilmiş alma qatmalı olduqlarını bildirib.

O, qeyd edib ki, almanı süd, kefir və digər süd məhsulları ilə yemək olmaz. İdeal variant-xəmirin tərkibində, qoz-fındıqla, turş olmayan meyvələrlə (banan və s.), toyuq əti ilə yeməkdir. Bişirilmiş alma həzmə və maddələr mübadiləsinə kömək edir.

Hansı daha faydalıdır- qırmızı yoxsa yaşıl?

Gün ərzində iki iri və ya üç xırda alma yemək olar. Bu meyvənin tərkibi dəmir, maqneizum, beta-karotin, C və A vitaminləri ilə zəngindir. Bir almanın tərkibində orqanizmin askorbin turşusuna olan ehtiyacının 25 %-i və yoda olan ehtiyacının müəyyən bir hissəsi var.

Faydalı maddələr almanın rəngindən asılıdır: karotin qırmızı və sarı almada, dəmir yaşıl almada çox olur. Şirin növ almalar diabet xəstələrinə məsləhət görülmür.  

Almadan hazırlanan müxtəlif məhsullar –mürəbbələr, marmelad, povidlo və s. də onun özü qədər faydalıdır. Bu məhsulların tərkibində olan kalium sinir və ürək-damar sistemi üçün faydalıdır.

Alma bağırsaqların da dostudur. Tərkibindəki petkin bağırsaqdan, ümumiyyətlə orqanizmdən toksinləri təmizləyir.

 Hər gün bir alma yedikdə maddələr mübadiləsi və dəri yaxşılaşır, xolestrin səviyyəsi aşağı düşür. Hipertoniklərdə alma təzyiqə müsbət təsir göstərir.

 Kimlərə alma yemək olmaz?

Yeməkdən yarım saat əvvəl alma yemək iştahı yaxşılaşdırır. Qastrit, mədə və bağırsaq xorası xəstəliklərində bütün turşuluğa malik məhsullar kimi alma da qadağandır. Almanın turşuluğu öd kisəsində iltihab proseslərini sürətləndirə bilər.

 Təzə yoxsa bişmiş?

 Bir çox tibbi pəhrizlərdə təzə alma qadağandır, lakin bişmiş alma yemək olar. Bişirərkən istilik nəticəsində turşuluq məhv olur, lakin petkin qalır, petkin isə bağırsaqlar üçün çox faydalıdır.  

Nubar Süleymanova, “İki sahil”