ABŞ-ın Fred Xantinqton Xərçəngi Araşdırma Mərkəzinin peyvənd və yoluxucu xəstəliklər şöbəsinin mütəxəssisləri koronavirus xəstəliyini keçirmiş insanların da vaksinasiyanın vacib olduğunu bildiriblər.
Onlar virusa yoluxub sağalan və vaksin olunan insanların qan plazmasında antitellər üzərində təcrübələr aparıblar. Alimlər yeni növ koronavirusun ilkin növü və Cənubi Afrika növünü neytrallaşdırmağa çalışıblar. Vaksinasiya olunmamış on könüllü donordan doqquzunun qanında Vuhan-Hu-1 virusunu neytrallaşdırmaq mümkün olub, lakin mutasiya olunmuş digər ştammları yalnız onlardan beşində neytrallaşdırmaq mümkün olub.
Koronavirusu keçirmiş şəxslərdə formalaşmış antitellər praktiki olaraq, yeni ştammlar qarşısında acizdir.Yeni ştammlar yoluxuculuğuna və patogenliyinə görə çox fərqlənir.Ona görə də, alimlər hesab edirlər ki, təkrar yoluxmadan orqanizmi yalnız peyvəndlənmə ilə qorumaq mümkündür.
Nubar Süleymanova, “İki sahil”