Kuber Pedi Avstraliyanın cənubundakı Adelaide şəhərindən 846 km şimalda yerləşən bir qəsəbədir.
“İki sahil” xəbər verir ki, hamı demək olar burada yerin altında yaşayır. Bu yer opal mədən sənayesinin mərkəzi şəhəri sayılır. Hazırda qəsəbənin yerli sakinlərinin yüzdə 60-ı yerin altında yaşayır. Bəs Kuber Pedi qəsəbəsini bu qədər maraqlı edən nədir?
Kuber Pedinin tarixi
Avstraliyanın cənubunda yerləşən bu qəsəbə yerli opal mədənlərindən gələn qırmızı tozlarla örtülü olur. Yerli sakinlər daha sərin və canlı bir hava əldə etmək üçün bütün yaradıcılıqlarından istifadə edərək köhnə mədənlərdə, hətta sığınacaqdan kilsəyə qədər yeraltı bir yaşayış məskəni yaradıblar. Maraqlıdır ki, qəsəbə sakinlərinin kökləri də yerin altında yaşayıb. Təxminən 100 il əvvəl gənc bir oğlan ərazidə bir neçə opal parçası aşkar edib. Buradan başlayan hekayə mədəncilərin bölgəyə axını ilə davam edib. Beləliklə qəsəbə qısa müddətdə dünyanın ən böyük opal qaynağı olmağı bacarıb.
Ən parlaq dönəmi olan 1970-1980-ci illərdə qəsəbə demək olar ki, 1000-dən çox mədənçini qəbul edirdi. Bu gün isə burada yalnız 100 mədənci yaşayır.
Enerji layihəsi
Bu maraqlı yeraltı şəhərciyin son zamanlarda diqqəti cəlb etməsinin başqa bir səbəbi də var. Bu elektrik enerjisi layihəsidir. 2017-ci ildə tətbiq olunan layihəyə görə, bölgənin günəşli və küləkli havasından istifadə edərək qəsəbənin bərpa olunan enerjisi şəhərə lazım olan enerjinin 70 faizini istehsal edir. Beləliklə, şəhərin böyük hissəsi bərpa olunan enerji ilə işləyir. Bundan əlavə, qəsəbədəki günəş panelləri Avstraliyanı dünyada önə çıxarır. Yaz aylarında istiliyin 53 dərəcəyə qalxdığı qeyd olunan ərazidə təmiz enerji mənbəyi şəhəri istiləşdirmək üçün istifadə olunan dizelin istiliyindən və tüstüsündən xilas olmağa imkan verib. 10 ilə yaxın bir müddətdə, opal mədən sənayesində bu qəsəbə indi özünə asanlıqla baxa bildiyindən yeni sakinləri cəlb etməyi bacarıb.
53 ildir opal mədənçiliyi ilə məşğul olan John Dunstan bölgəyə BBC Travel adından gələn jurnalist Clare Richardson və fotoqraf Henning Golla verdiyi açıqlamada Kuber Pedidə necə yaşadığını izah edib: “Yer altında yaşamağa alışdınsa,bir daha yenidən normal bir evdə yaşamaq istəmirsən. Heç vaxt buranı isitməyə və sərinləşdirməyə ehtiyacınız yoxdur. Yerin altında yaşamaq dinclikdir. 2018-ci ilin yayında temperatur 53 dərəcəyə çatanda dözülməz isti idi. Xüsusilə şimaldan küləklər gələndə elə bil sobanın içindəsən. Ancaq yer altındakı evlərimizdə bu istini ən az dərəcədə hiss edirsən."
Hollivudun sirli yeri
Sirli Kuber Pedi şəhəri Hollivud filmlərinin çəkildiyi yer olaraq da bilinir. Bu əsrarəngiz şəhərin maraqlı quruluşundan təsirlənən prodüserlər və rejissorlar filmlərini bu misilsiz məkanda çəkməyə üstünlük verirlər.
Qəsəbədə gəziləcək yerlər
Bu qəsəbədə görüləcək yerlər arasında yeraltı kilsələr və bir sənət qalereyası daxildir. Qəsəbədə mükafat qazanan bir otel də var. 19 otaq yer altında və 31 otağı yerin üstündə olan Desert Cave Hoteldə yayda çöldə tempratur 45 dərəcə olarkən oteldə 25 dərəcə, qışda çöldə 10 dərəcə olanda oteldə 17 dərəcə olur. Yeraltı otaqlarında heç bir pəncərəsi olmayan otel ziyarətçiləri tərəfindən ən yaxşı yatmaq yerlərindən biri hesab olunur. Bundan əlavə, qəsəbəni ziyarət etmək üçün gəzinti turları təşkil olunur. Bu fərqli turlara qatılaraq şəhərin tarixini öyrənə və opal mədənciliyi haqqında məlumat əldə edə bilərsiniz. Burada bir golf sahəsi də var. Ancaq hava çox vaxt isti olduğundan kurslar və oyunlar ümumiyyətlə gecə keçirilir.
Vüsal Cahanov, “İki sahil”