16 mart 2021 17:53
2260

Tarixi torpaqlarımıza qəhrəman xalq, müzəffər dövlət kimi qayıtdıq

Ölkə Prezidenti İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri zamanı bir daha  diqqətə çatdırdı ki, həyatımızın  quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü başlayır

Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu, ölkəmizin həyatında yeni səhifə açıldı.  Bu gün tarixi qələbəmizin sevincini yaşamaqla yanaşı, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad  olunmuş şəhərlərimizə ardıcıl səfərləri hər birimizdə böyük qürur hissi yaradır. Cənab İlham Əliyev bu inamı ifadə edir ki,  Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik.

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarına səfərləri zamanı ölkə Prezidenti bir daha Azərbaycan Ordusunun tarix yazmasından, ermənilərin işğaldan azad edilmiş torpaqlarda törətdikləri vandalizm aktlarından, havadarlarının işğalçıya dəstəyindən geniş bəhs edərək bildirdi ki, bu gün  bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün  Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacaq. Bütün dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, həyat qayıdacaq və  bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik.

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını  qaldırdıqdan sonra nitqində bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki,  müharibə zamanı görülən işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir.   Azərbaycana  qədər dünyada heç kim bu taktikadan istifadə etməyib. Döyüş meydanında qələbəmiz siyasi müstəvidə qələbəyə yol açdı. Azərbaycan bu təcrübəsi ilə dünyanın diqqətini bir daha özünə yönəltdi.

Bu günə qədər özlərini beynəlxalq hüququn mövcudluğundan xəbərsiz aparan işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər bu məfhumun mövcudluğunu qəbul etməklə yanaşı, onun zamana və məkana görə tətbiq edilməsinin hansı  problemlərə yol açdığının, özlərinə qarşı inamsızlıq formalaşdırdıqlarının şahidi oldular. Ermənilərin hər bir beynəlxalq hüquqa zidd əməllərinə göz yummaqla hüququn işləmədiyi barədə rəy formalaşdıran dövlətlər düşünürük ki, 44 günlük müharibənin yaratdığı reallıqları düzgün təhlil edəcək və nəticə çıxaracaqlar.

İkinci Qarabağ müharibəsində əsas məqsədlərdən biri bu idi ki,  az itkilərlə düşmənə sarsıdıcı zərbələr vuraraq, onun ordusunu faktiki olaraq məhv edərək hədəfə çataq və belə də oldu. Sentyabrın 27-də əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu  sonra hücum əməliyyatına keçdi. Çünki torpaqlarımızı azad etməli, Ermənistanın təxribatlarına, günahsız insanların həlak olmasına son qoyulmalı idi. Azərbaycanın itkiləri müharibənin miqyasına görə həddindən çox aşağıdır. 44 gün ərzində bir gün də olmayıb ki, Azərbaycan Ordusu  geri çəkilsin.  Qısa müddət ərzində böyük Qələbə qazandıq,  öz doğma torpaqlarımızı düşməndən azad etdik.  Düşmənə elə sarsıdıcı zərbələr endirildi ki,  bu günə qədər özünə gələ bilmir.

Mənfur düşmənin işğal edilmiş torpaqlarımızda nə kimi vəhşiliklər törətdikləri göz qabağındadır. Evlər, tarixi, dini abidələrimiz dağıdılıb.  Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir.  İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarını işğalçılardan azad etməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər.

30 ildən sonra Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtdı.  Bu qayıdışın doğurduğu sevinc dövlətimizin başçısı İlham Əliyevin 10 noyabrda  Qələbə müjdəsini xalqa çatdırdığı andan bu günədək  yaşanan coşquda, xoş ovqatda özünün aydın ifadəsini tapır. İşğaldan azad olunan torpaqlarımızda  bərpa işlərinə başlanılıb. Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılmışdır. Səfər zamanı  Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun  təməli qoyuldu.  Bu yol başlanğıcını Zəfər yolundan götürür. Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yolboyunca avtomobil körpüləri inşa ediləcək. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, ilk layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir.  Füzulidən Şuşaya  Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcək. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, quruculuq işlərinə start verilib və uğurla icra edilir.

Cənab İlham Əliyev nitqində bir daha bu məqamı xüsusi qeyd etmişdir ki,  hansı vəhşi düşmənlə üz-üzə olduğumuzun şahidiyik. Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər? Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı-daş üstündə qoymayıb. Yollar tamamilə dağıdılıb. Yollar otuz ildə  asfalt görməyib. Ermənilərin illərdir apardıqları təbliğatın əsassızlığı bir daha təsdiqləndi.  Özlərini dövlət adlandırırdılar. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, dövlət” idisə, bəs, niyə daşı-daş üstə qoymayıblar? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bu torpaq azərbaycanlıların torpağıdır, gec-tez öz sahibinə qayıdacaq.

Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası üçün  bütün  planlar hazırlanır. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları başlanan hər bir işi uğurlu sonluqla başa vurmağa geniş imkanlar yaradır. Yoxsul, kasıb, dilənçi ölkənin işğal edilmiş rayonlarımıza  qeyri-qanuni yolla yerləşdirdiyi ermənilərin Kəlbəcər, Laçın və Ağdam  rayonlarını  tərk edən zaman söküb apardıqlarını yada salanda  bir daha onların nə qədər vəhşi, insanlıqdan uzaq olduqlarını görür, nifrət edirsən. Barbarlıq, vandalizm bu millətin yaşam tərzidir. İstər işğaldan azad olunmuş torpaqlarımızda mövcud vəziyyəti,  istərsə də 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Laçın,  Ağdam rayonlarını tərk edərkən söküb dağıtdıqları, apardıqlarını aparıb, apara bilmədiklərini yandırdıqları  durumu əks etdirən görüntüləri yəqin ki, dünya gördü. Bu, onların  beynəlxalq hüququ bir kənara qoyub Ermənistanın başına çəkdikləri sığaldan,  cinayətlərə göz yummalarından qaynaqlanır. Amma işğalçı dövlət neçə ki, döyüş meydanında, diplomatiya müstəvisində məğlub oldu, eləcə də törətdiyi bu cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacaq.

Diqqəti ermənilərin dini abidələrimizi, məscidləri  dağıtmasına, burada donuz saxlamalarına yönəldən cənab İlham Əliyev bildirmişdir ki, ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma  bərpa edəcəyik. Onlar  qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər. “Bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq” söyləyən ölkə Prezidenti bildirir ki, indi gəlsinlər, baxsınlar Azərbaycanın müxtəlif yerlərində xristian abidələri necə qorunur. Ermənilərin vəhşiliyini dünya bilməlidir. Statistikaya diqqət yetirək.  Azad edilmiş torpaqlarda 67 məscid var idi. Cəmi ikisi yarıdağılmış vəziyyətdə qalıb. Dövlətimizin başçısı dünyaya bu mesajı ünvanladı: “Əgər kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, o, cavabını alacaq, necə ki, bu günə qədər alıb.” 

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışı, işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri şanlı Zəfərimizin, gələcəklə bağlı prioritetlərimizin təqdimatıdır.  44 günlük Vətən müharibəsi bir daha bu reallığa işıq saldı ki,  cənab İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və  istər danışıqlar masasında, istərsə də hərb meydanında bütün addımlarını  ən xırda detalınadək hesablayaraq atır. Düşmənə layiq olduğu yeri məhz dəmir  yumruğumuzla göstərdik. Cənab İlham Əliyevin hər zaman bəyan etdiyi kimi, bu yumruq yalnız  düşmənin başına vurulan zərbə deyil, birliyimiz, həmrəyliyimizdir. 

Yeganə Əliyeva, «İki sahil»