17 mart 2021 13:34
1163

Yaponiyadakı bu telefon köşkündən ölənlərə zəng etmək mümkündür - FOTO

Yaponiyanın Oçuti qəsəbəsində qeyri-adi bir telefon köşkü var. Heç bir telefon xəttinə birləşdirilməsə də, insanlar ora gələrək dünyasını dəyişmiş yaxınlarına zəng edirlər.

Qəribə köşk “Reuters” agentliyinin jurnalistlərinin də diqqəti cəlb edib.

Telefon bağdakı bir təpədədir. Cihaz xəttlə əlaqəli olmasa da, əsasən, 2011-ci ilin martında baş verən Yaponiya tarixinin ən pis zəlzələlərindən birində sağ qalan insanlar hələ də ora gəlirlər. O zaman dəhşətli yeraltı təkanlar Oçuti də daxil olmaqla, bir neçə şəhəri dağıtmışdı və həmçinin Fukusima-1 nüvə stansiyasında fəlakətlə nəticələnən nəhəng bir sunamiyə səbəb olmuşdu. 15,8 min insan öldü, 2,5 min nəfər itkin düşdü, sağ qalan qohumları tərəfindən hələ də axtarılanlar məhz elə onlardır.

“Reuters” araşdırıb ki, köşkü İtaru Sasaki adlı 76 yaşlı bir kişi yaradıb. O hələ zəlzələdən əvvəl onkoloji xəstəlikdən dünyasını dəyişmiş qardaşı ilə arada söhbətləşmək üçün öz bağına belə bir telefon cihazı qoyub. “Bir çox insanların itirdikləri yaxınları ilə sağollaşmağa imkanı olmur. “Çox ailələrdə bir daha danışa bilməyəcəyini bildiyi halda görüşmədən ayrılan yaxınlar olur. Belə hallarda hər kəs öz ürək sözünü, son sözlərini deməyi arzulayır”, deyə İtaru Sasaki bildirib.

Hazırda köşkə Yaponiyadan yüzlərlə insan yaxınlaşır, xüsusilə yerli sakinlər bunu edirlər. Məsələn, 67 yaşlı Kadzuyosi Sasaki tez-tez cihazı götürərək, zəlzələ zamanı itkin düşən həyat yoldaşına zəng edir və onu hələ də axtardığını deyir.

İtaru bildirib ki, ona Böyük Britaniya və Polşadan olan insanlar müraciət edərək, pandemiya zamanı yaxınlarını itirən insanlar üçün belə bir cihaz hazırlamağı düşündüklərini bildiriblər.

Nubar Süleymanova, “İki sahil”