17 mart 2021 14:49
1339

Vahid jurnalist vəsiqələri hansı prinsiplərə əsasən verilməlidir? ŞƏRH

Allahverdi Məmmədli: Agentlik media strukturlarında peşəkarlığın artırılması sahəsində mühüm tədbirlər həyata keçirə bilər

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda media sahəsində islahatların dərinləşdirilməsi sahəsində Fərmanından sonra Medianın İnkişafı Agentliyi yaradıldı. Bildiyiniz kimi, bundan əvvəl Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu var idi. Ancaq o fond müəyyən çərçivələrlə fəaliyyət göstərirdi. İndi yaradılan Medianın İnkişafı Agentliyi isə publik hüquqi şəxs formasında fəaliyyət göstərəcək. Yəni, maliyyə və fəaliyyət baxımından daha geniş müstəqilliyə malik olduğundan media sahəsində köklü islahatlar aparılması üçün konkret  istiqamətlərdə işlər görəcək. Çox böyük inamımız var ki, Agentlik bütün media strukturlarında  savadlılığın və peşəkarlığın artırılması sahəsində mühüm tədbirlər həyata keçirəcək. Bura media strukturları ilə işin təşkilindən tutmuş xüsusi layihələrin işlənib hazırlanması, jurnalistlərin və texniki heyətin peşə və ixtisas qabiliyyətinin artırılması, xarici təcrübənin öyrənilməsinə qədər bir çox sahələri əhatə edəcək. Bütün bunlar media sahəsində davamlı inkişafı təmin edəcək.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının  müdiri, professor, Əməkdar jurnalist Allahverdi Məmmədli deyib.

Peşə hazırlığı təkmilləşdirilməlidir

Professorun sözlərinə görə, Medianın İnkişafı Agentliyi media strukturlarının maddi asılılığını aradan qaldırmağa çalışmalıdır: “İlk olaraq, media sahəsinə maddi – texniki və təşkilati dəstək verilə bilər. Fəaliyyətə müdaxilə yalnız konsultativ xarakter daşıyab ilər. Mediaya çalışmaq istəyənlər, həmçinin, hazırda çalışanlar üçün ölkə daxilində və xaricdə treninqlər, seminarlar, ixtisasartırma kursları və təcrübə mübadilələri təşkil edilməlidir. Peşə hazırlığının təkmilləşdirilməsi üçün müəyyən tədbirlər həyata keçirilməsi vacibdir. Bu tədbirlər dizayn, işıqçı, operator, aparıcı, müxbir və digər işlərdə fəaliyyət göstərənləri əhatə edə bilər. Bu tədbirlər istisnasız olaraq bütün media qurumlarını, həm onlayn medianı, həm çap mediasını, həm də audio-vizual medianı əhatə etməlidir”. 

Vahid jurnalist vəsiqələri bir çox neqativ halı aradan qaldıracaq 

Həmsöhbətimiz media sahəsindəki yeniliklərdən bəhs edərkən, təklif edilən vahid jurnalist vəsiqələrinin olmasını çox vacib hesab edir: “Hazırda bəzi media strukturlarında böhran yaşanır. Xüsusilə, sosial mediada. Qeyri-peşəkar, savadsız, məsuliyyətsiz “yazarlar” bəzi hallarda cəmiyyətdə,  ictimai fikirdə çaşqınlıq yaradırlar. Hələ də reket “jurnalistlər”ə rast gəlinir. Sosial şəbəkələrdə öz hüquqlarını, vəzifələrini və məsuliyyətlərini dərk etməyən bəziləri jurnalist adına ləkə gətirir. Hesab edirəm ki, vahid jurnalist vəsiqələrindən istifadə bir çox neqativ halları aradan qaldıra və öz peşəsini sevən jurnalistlərin nüfuzunu artıra bilər”

A.Məmmədli əlavə edib ki, vahid jurnalist vəsiqələrinin bütün media strukturlarında işləyənlərə verilməsi məqsədəuyğundur və bu, bir neçə prinsip nəzərə alınmaqla həyata keçirilməlidir. İlk olaraq həmin media strukturuunun nizamnaməsinə uyğun fəaliyyət göstərib-göstərməməsi nəzərə alınmalıdır. Orada çalışan jurnalistin təhsili, təcrübəsi və hansı sahə üzrə ixtisaslaşması nəzərə alınmalı və vəsiqədə əksini tapmalıdır.

Sonda həmsöhbətimiz fikirlərini bu cür yekunlaşdırdı: “İslahatlar davam etməlidir. İnanıram ki, media sahəsində həyata keçirilən islahatlar yeni perspektivlərə yol açacaq. İstərdim ki, islahatlar davamlı olsun, medianın biznes model kimi formalaşmasına gətirib çıxarsın, siyasi və maliyyə cəhətdən heç bir asıllığı olmayan media mühiti formalaşsın".

Yaqut Ağaşahqızı, "İki sahil"