17 mart 2021 14:51
1448

Mövsüm dəyişikliyi zamanı üz dərimizi nədən və necə qorumalıyıq? - Kosmetoloq şərh edir

“Fəsil  dəyişkənliyi dərimizə mənfi təsir edir.  Soyuq, şaxtalı hava nəticəsində dərinin nəmlilik balansı pozulur və hidratasiya əlamətləri minimuma enir. Nəticədə dərimiz daha həssas olur.  Epidermis qatında dəri qoparaq pulcuq şəklində dəridən ayrılır. Həmçinin temperatur dəyişkənliyi qan dövranın pozulmasına səbəb olur. Qan dövranının pozulması bir çox dəri xəstəliklərinin (kuperoz,renovleks) yaranmasının başlanğıcıdır. Nəmlilik balansının  pozulması isə qırışların yaranmasını və qocalma əlamətlərini sürətləndirir.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında kosmetoloq Nuranə Əzizova söyləyib.

Ekspert bildirib ki, əvvəla, dərini temperatur dəyişkənliyindən qorumaq lazımdır. Bu prosesi isə mərhələli şəkildə icra etməliyik. Belə ki, ilk olaraq temperatur dəyişkənliyini nəzərə alıb qorunmaq yəni, vitamin tərkibli maska və kremlərdən istifade etmək. Digəri isə, günəşin ultrabənövşəyi şüalarından müdafiə olunmaq lazımdır.  A,C,E tərkibli vitaminlər  istifadə edərək kollagen sintezini stimullaşdırmaq. Nəticədə dəri daha parlaq və gənc qalır.

Mütəxəssis vurğulayıb ki, isti havada makyajdan daha az istifadə edilməsi məsləhətdir. Xüsusilə ağırtərkibli tonlaşdırıcı kremlərin daha yüngülləri ilə əvəz olunması məqsədəuyğun hesab edilir.  Xanımlar, tərkibində hialuron olan vasitələrdən, mütləq minimal spf 15 faktordan az olmayan günəşdən qoruyuculardan istifadə etməlidirlər.Tonik dərinin təmizlənməsində böyük rol oynayır. Adətən krantdan istifadə etdiyimiz su və ya sabunlar üzümüzün pH balansını pozur. Toniklər dərimizin turşuluq balansını tarazlaşdıraraq daha canlı və hamar bir görünüş yaratmasına imkan verir. Bundan əlavə üzdə olan məsamələr kirin, yağın və toksinlərin daha rahat şəkildə dəriyə daxil olmasına imkan yaradır. Toniklər isə üzdəki məsamələri sıxlaşdıraraq bu prosesə mane olur. Beləliklə üz dəriniz həm də ətraf mühitin zərərli elementlərindən qorunur. Yaz aylarında mütləq qaynanmış və yaxud mineral su ilə üz yumaq məsləhətdir. Çünki xlorlanmış şu dəriyə reaksiya verə bilər. Nəticədə dəri quruyaraq qocalma əlamətlərini sürətləndirə bilər. 

N.Əzizova bildirib ki, yaz fəslində dəri üçün  ən gözəl nəticə sauna və isti hamamdır. Belə ki, isti par qan dövranını stimullaşdıraraq, poraları açır və dəri daha yaxşı nəfəs alır. Həmçinin, yaşıl çayın dəmi ilə  üzü silmək dərini nəmləndirir və anti- oksidant effekti verir. Dərinin sakitləşməsi üçün pantenol tərkibli vasitələrdən istifadə etmək lazımdır.  Zeytun yağı və balın 1/1-ə  nisbətində  qarışığından olan  maskalar dərini  daha yaxşı qidalandırır, qurumasının qarşısını alır.  Bu maskanı həftədə 1 dəfə etmək məsləhətdir. Gündə 1 dəfə A, E vitamin tərkibli balsam yaxud yağlarla dodaqları qidalandırmaq lazımdır. Gecelər 35 yaş üzəri xanımlar retinol tərkibli   kremlərdən istifadə etsələr daha məqsədə uyğun olar. Çünki qırışların yaranmasının qarşısını alır.

Kosmetoloq vurğulayıb ki, pandemiya dövründə istifadə olunan qoruyucu tibbi maskalar növlərinə görə dəyişir. Dərimizə uyğun  olan apteklərdə satılan sadə tibbi  maskalardır. Çünki bu növ maskalar  digər resperator maskalardan fərqli olaraq üz dərimizin nəmlilik  balansına mənfi təsir etmir. Lakin viruslardan qorunması çox güvənli deyil. Bu tərz maskalara efir yağları damızdırılıb istifadə olunsa daha məqsədəuyğun olar. Spirt tərkibli lasyonlar,    sabunla tez-tez  üz yumaq dəriyə mənfi təsir edir. Gün ərzində 1.5-2 litr maye qebul etmək zəruridir. Gündəlik olaraq normada maye qəbulu bütün orqanizmə olduğu kimi üzə də faydaları çoxdur. Belə ki, maye qəbulu   gəncliyimizin və gözəlliyimizin daha uzunmüddətli olmasında rol oynayır, hüceyrələrin yenilənməsini sürətləndirir. Həssas dərilər üçün maye qəbulu çox faydalıdır. Həmçinin, bol maye qəbulu üzde ödəmin(şiş) azalmasına təsir edir. Üz dərisi üçün meyvə-tərəvəz qabığlarından istifadə edilməsi məsləhətlidir. Bunlardan xüsusi kartofu qeyd edim. Çünki kartofun tərkibində nişasta var  ki,  o da ağardıcı effektə malikdir. Kartof dilimini və ya qabığını gözətrafı nahiyəyə  qoyduqda gözaltı qaraları aparmaq xüsusiyyətinə malikdir. Həmçinin,  kivi və alma qabığını da bura aid etmək olar.

Yaqut Ağaşahqızı, "İki sahil"