17 mart 2021 17:26
1607

Qarabağı işğaldan azad etmək şərəf idisə...

Qarabağı işğaldan azad etmək şərəf idisə, onu dirçəltmək  ana torpağa övladlıq borcumuzdur

Prezident İlham Əliyevin vurğuladığı kimi  Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə, turizm mərkəzinə çevriləcək

Bir neçə ildir ki, əlimizin çatmadığı, yuxularımızda gördüyümüz, xoş günlərini xəyallarımızda yaşatdığımız   torpaqlarımızda inamla addımladığımız üçün qürur duyuruq.  Doğmalarının nəfəsinə «yadırğayan»,  səsli-küylü günlərin həsrətini çəkən yurd yerlərimiz yenidən canlanır, əvvəlki təmtəraqlı günlərinə qovuşur. İşğaldan azad olunmuş rayon və kəndlərdə həyat qaynayır.  Qışın şaxtasına, qarlı günlərin davam etməsinə baxmayaraq bərpa işlərində həvəslə iştirak edən mütəxəssislər, müxtəlif peşə sahibləri doğma torpaqlarına qayıdacağı günlərin həsrəti ilə  yaşayan insanları daha tez  sevindirmək üçün yorulmadan çalışır, vurulan yaraları  sağaltmaq üçün ana torpağa övlad qayğısı ilə yanaşırlar.

Ermənilər tərəfindən viran qoyulmuş ərazilərdə həyatın  yenidən dirçəlməsi üçün əsas şərt olan  elektrik enerjisi ilə təchizatın vacibliyi nəzərə alınaraq bu istiqamətdə planlaşdırılan işlərə start verilib.

İlk növbədə Şuşanı elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlar atıldı.  Mədəniyyət paytaxtımızı və bölgəyə yaxın əraziləri dayanıqlı enerji ilə təmin etmək üçün «Azərenerji»” Səhmdar Cəmiyyəti  Şuşa şəhərində elektrik yarımstansiyası  inşa edir və yüksəkgərginlikli xətlərin çəkilişinə başlanılıb.   Laçın rayonunun  Güləbird kəndində generasiya gücü 8 meqavat olan Su Elektrik Stansiyasının açılması ilə  bölgədə  etibarlı  generasiya güclərinin formalaşması, Həkəri çayından səmərəli  istifadə imkanları yaranır. Ümumiyyətlə, Kəlbəcər-Laçın zonası su elektrik stansiyaları üçün əlverişli olduğundan  bu ərazilərdə enerji ilə təchizat məsələsinə diqqət artırılır. Düşmənin təkcə Laçında dağıtdığı 5,  Kəlbəcərdə  12  su elektrik stansiyası yenidən qurulacaq və ümumi gücün həcmi  120 meqavata çatdırılacaq.

Ən böyük potensiala malik «Xudafərin»” və «Qız qalası» stansiyalarının istismarı ilə bölgənin enerjiyə tələbatı tam ödəniləcək. Bərpaolunan enerji növlərindən istifadə etməklə ilk olaraq Zəngilanda həyata keçiriləcək pilot «ağıllı kənd»” layihələrinin tətbiqi ilə  «yaşıl enerji»” zonalarının sayı artırılacaq.

Artıq təməli qoyulan  Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun çəkilişi   işğaldan azad olunmuş torpaqların iqtisadi, sosial inkişafını xeyli sürətləndirəcək. Bu yol istifadəyə verildikdən sonra uzun illərdən bəri blokadada qalan Naxçıvan Muxtar Respublikası ilə əlaqələr bərpa olunacaq. Tarixdə ilk dəfə  Azərbaycanla Türkiyəni birləşdirəcək bu yol bölgə dövlətlərinin iqtisadi inkişafına, regionda sabitliyin qorunmasına  ən önəmli töhfədir.

Kənd təsərrüfatının inkişafı üçün əlverişli mühitə malik Qarabağ zonasında  aqrar sahənin dirçəlməsi əhalinin ərzaq təhlükəsizliyinin təminatı baxımından daha önəmli olmaqla dövlətin diqqətdə saxladığı əsas prioritetlərdəndir. Qısa müddətdə minalardan təmizlənmiş  7 min hektarda əkin işləri aparılmışdır. Bütünlükdə isə mövsüm ərzində işğaldan azad olunmuş torpaqlarda təqribən 20-25 min hektar sahədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərdə tutulur.

Bununla yanaşı Prezident İlham Əliyev  Füzuli və Xocavəndə səfərləri zamanı  şəhər və  kəndlərimizdə gördüyü ürəkağrıdan mənzərədən narahatlığını da diqqətə çatdırdı.  Ağdam kimi Füzulinin də tamamilə dağıdılmasını,  tarixi abidələrimizin viran qoyulmasını inkarolunmaz erməni vəhşiliyi  adlandıran dövlət başçımızın vurğuladığı kimi 10-dan  artıq su elektrik satnsiyasının, 67-yə yaxın məscidin, yol-nəqliyyat infrastrukturunun, su mənbələrinin dağıdılması  erməniliyin mahiyyətini göstərir. Bölgədə həyatın yenidən, yüksək səviyyədə davamı üçün   bütün infrastruktur müasir tələblərə uyğun yenilənməli, dağıdılan evlər, sosial obyektlər müasir  səviyyədə  inşa olunmalıdır.
Bu günlərdə Füzuli, Xocavənd rayonlarında, Şuşada olarkən ermənilər tərəfindən dağıdılan tarixi abidələrin, məscidlərin, Azərbaycan  şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, digər mədəniyyət və sosial obyektlərin  bərpası ilə maraqlanan, qədim insan məskəni sayılan Azıx mağarasında olan, turizmin inkişafı üçün tövsiyələrini verən  Prezident İlham Əliyevin vurğuladığı kimi,  Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq: «Keçən dəfə də yanvar ayında Şuşaya gələndə, Şuşaya yaxınlaşanda hava açıldı, Günəş bizi salamladı…Buradan da Şuşanın qayaları gözəl görsənir. Çünki biz haqq yolundayıq, işimiz də haqq işidir. Təbiət də bizi salamlayır. Çünki bu Azərbaycan təbiətidir.»

Xuraman İsmayılqızı, «İki sahil»