18 mart 2021 17:03
1804

Disneyland əslində necə yaranıb?

Disneyland məşhur tematik parkı 17 iyun 1955-ci ildə Los-Ancelesin cənubunda yerləşən Anahaym şəhərində (ABŞ, Kaliforniya ştatı) açılmışdır.

Həmin gün amerikan “multiplikasiya kralı” və uğurlu biznesmen Uolt Disney (Walt Disney) uşaqlar və valideynləri üçün möhtəşəm əyləncə parkının təntənəli açılış mərasimini keçirib. Bu tədbir ABC kanalı tərəfindən birbaşa yayımlanıb, parkın açılış mərasimini ABŞ-ın gələcək prezidenti aktyor Ronald Reyqan aparıb. Uşaqlar üçün əyləncə parkının yaradılması ideyası Disney tərəfindən qızları ilə parkda gəzərkən yaranıb. Uşaqlar karuseldə fırlanarkən ataları dükanda oturub qızlarının qayıtmasını gözləyirmiş. Bu gəzintilər zamanı Uolt Disney həm uşaqların, həm də valideynlərin yaxşı vaxt keçirə biləcəyi park haqqında fikirləşib.

Əyləncə parkı bütün ailə üçün istirahət yeri olmalı idi. Onda Disney belə bir park yaratmaq qərarına gəlib. Lakin tarixçilərin dediyinə görə, İkinci Dünya müharibəsi Disneyin ideyalarının gerçəkləşməsinə mane olub. Yalnız 1954-ci ildə Anahaymda 32 hektarlıq portağallıqda Disneyland-in tikintisinə başlanılıb. Bu parkın hazırlanması və tikintisinə Disneyin özü birbaşa başçılıq edib. O, elə bir yer yaratmaq istəyirdi ki, bütün yaşdan olan insanlar özlərini orada uşaq kimi hiss edə bilsinlər.

The Walt Disney Company şirkəti tərəfindən ilk Disneyland-in tikintisinə 17 milyon dollar xərclənib, lakin tezliklə bütün yatırımlar 10 dəfə daha çox gəlir gətirib.

Sehrbaz Uolt Disneyin ən böyük arzusu 17 iyul 1955-ci ildə Disneyland Resort-un qonaqpərvər qapılarını açmaqla reallaşıb. Uolt Disney parkın yaradılmasına ürəyini qoymuşdu. Rəssamın fantaziyası və parkın bütün yaradıcılarının entuziazmı Mikki, Maus və onun dostlarının yaşadığı cizgi filmlərinin və nağılların sehrli dünyasında öz əksini tapdı. Bu tamamilə orijinal və bənzəri olmayan, dörd əsas prinsip üzərində yaradılmış park idi. Uolt Disneyin cizgi filmlərinin sehrli krallığını yenidən qurmaq, cürbəcür və yeni texniki tryukların əlavə olunması, ziyarətçilərdə elə təəssüratlar yaratmalı idi ki, sanki onlar cəngəlliklər arasında üzür, qarşılarında ruhlar görürlər və ya dənizin dibində sualtı gəmidə oturublar.

Əvvəllər orada sadəcə 16 karusel olub. Giriş bileti isə sadəcə 1 dollar olub. Hazırda olduğu kimi ziyarətçiləri girişdə Mikki-Maus, Ağbəniz və Yatmış Gözəl qarşılayır. Daha sonra onların sırasına Pinokio və Vinni-Pux da qatılıb.

Disneyland tez bir zamanda ABŞ-ın görməli yerlərindən birinə və ailəvi istirahət üçün sevimli məkana çevrilib. Disneyland-in yaranmasından bu yana onu 500 milyon qonaq, o cümlədən kral ailəsi, prezidentlər və dövlətlərin digər rəsmiləri ziyarət edib. Disney parklar şəbəkəsi bu günlərdə də genişlənmişdir, Anahaym şəhərində yerləşən ilk Disneyland-dan başqa Florida ştatında Disneyworld, Parisdə (Fransa) Avro-Disneyland, Tokio-Disneyland (Yaponiya) və Honqkonqda (Çin) Disneyland fəaliyyət göstərir.

Röya Rasimqızı, "İki sahil"