Təcrübələr zamanı alimlər hamilə qadınların bədənində 109 yeni kimyəvi birləşmə aşkar ediblər. Onlardan 55-i yenidir və insan orqanizmində ilk dəfədir ki, aşkar olunur, 42-si isə tədqiqatçılar üçün də qeyri-müəyyəndir, haradan gəldiyi bəlli deyil.
Eyni zamanda, göründüyü kimi, bu birləşmələr plasenta şəklində baryerdən keçir, çünki yeni doğulmuş körpələrin qan testlərində də həmin bilinməyən maddələr tapılıb. Çox güman ki, bu kimyəvi maddələrin hamısı insan orqanizminə istehlak mallarından və digər sənaye mənbələrindən daxil olur.
"Görünən odur ki, bu maddələr insan bədənində çoxdan mövcuddur, lakin texnologiya onların yalnız indi aşkarlanmasına imkan verib. Bəzi kimyəvi maddələrin uşaq orqanizminə plasentadan keçməsi bizi narahat edir. Bu o deməkdir ki, körpələr nəsildən-nəsilə bunu özləri ilə daşıyacaqlar ",-deyə Kaliforniya Universitetindən doktor Treysi Vudraff bildirib.
Qan nümunələrində olan kimyəvi maddələrə müxtəlif məhsullarda rast gəlmək olar. Məsələn, 40-ı plastik qablarda (polimer materialların tərkibində), 28-i kosmetik məhsullarda, 25-i qida məhsullarında, 29-u dərmanlarda, 23-ü pestisidlərdə rast gəlinib. Qeyd edək ki, uşaq oyuncaqlarında indiyədək yüzdən artıq zəhərli maddələr aşkar edilib. Bundan əlavə, fəstfudun büküldüyü paketlər də bu baxımdan zərərlidir.
“Bu materialların hamısı sənayenin müxtəlif sahələridə istifadə olunur. Ancaq o da faktdır ki, bu qədər kimyəvi maddənin insanların qanında toplanması həyəcan təbili çalınmasına əsas verir”,-deyə doktor Vudraff əlavə edib.
Sözügedən tədqiqatın nəticələri “Enviromental Science & Technology” jurnalında dərc edilib.
Nubar Süleymanova, “İki sahil”