19 mart 2021 16:32
1564

Hava yenə bizimlə həmrəydir. Günəş yolumuzu işıqlandırır

Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza hər səfərinin günəşli hava, açıq səma ilə müşayiət olunması bir daha bu reallığı ortaya qoyur ki, sahibinə qovuşan torpaqlarımız sevinc içindədir   

Yurdumuza  Novruz gəlir. Torpaqlarımızın işğaldan azad edilməsinin, şanlı Qələbəmizin sevincini yaşayır, yazın gəlişini yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ilaxır çərşənbədə Şuşaya səfəri də bu sevincin aydın ifadəsidir.     

Cənab İlham Əliyev Şuşadan ayrılarkən  «Şuşaya “hələlik” deyirik. Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır. Aşağıda da Laçın dəhlizidir. Hava da yenə bizimlə həmrəydir. Günəş yolumuzu işıqlandırır. Bura isə Şuşa yarımstansiyasının binasıdır. Bu bina qısa müddət ərzində inşa edildi və Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir. Keçən dəfə də yanvar ayında Şuşaya gələndə, Şuşaya yaxınlaşanda hava açıldı, Günəş bizi salamladı» fikirləri sahibinə qovuşan torpaqlarımızda yeni həyatın başlanmasının hər kəsdə böyük qürur hissi doğurduğunu nümayiş etdirir.

44 günlük İkinci Qarabağ müharibəsi xaqımızın vaxtilə itirilmiş qürurunu özünə qaytardı. İşğalçı qüvvələr bizim üçün müqəddəs Şuşamızda  heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişdilər.  Bütün dünya artıq bundan xəbərdar idi.  Ermənistanın baş naziri Nikol Paşinyan Cıdır düzündə  “Yallı” getmişdi.  Bu gün izi-tozu da qalmayıb burada.  İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində   bayraq, ürəklərində Vətən sevgisi ilə.  Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.

44 günlük İkinci Qarabağ  müharibəsi  regionda vəziyyəti dəyişdi. Müharibə bitib, növbəti səhifəyə keçmişik.  Ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaqdır. Qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Dövlətimizin başçısı İlham Əliyev bununla yanaşı bildirir ki,  biz gələcəyə baxmalıyıq. Əraziləri yenidən qurmalıyıq. Artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır.

Dövlətimizin başçısı İlham Əliyev  bildirir ki, 30 illik danışıqlar ərzində Ermənistanın yalnız bir məqsədi olmuşdur.  Bu da danışıqları sonsuz və faydasız etmək idi.   Bu da təcavüzkara işğal olunmuş ərazilərin tarixi, mədəni və dini mənşəyini dəyişməyə cəhd etmək imkanını verdi. 

Qeyd olunan səfərlər çərçivəsində diqqəti   ermənilərin dini abidələrimizi, məscidlərimizi  dağıtmasına, burada donuz saxlamalarına yönəldən cənab İlham Əliyev bunun  təkcə azərbaycanlılara deyil,  bütün müsəlmanlara qarşı təhqir olduğunu bildirmişdir. Şuşada bir məsciddən başqa  bütün məscidlər tamamilə dağıdılıb. Həmin yarımçıq  dağıdılmış məsiddə  İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında  bəzi təmir işləri görməyə çalışmışdılar. «Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular» söyləyən ölkə Prezidenti bu statistikanı da diqqətə çatdırmışdır ki,  ermənilər işğal edilmiş ərazilərdə  70 məscidi dağıdıblar. Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi.

Ermənilər belə hiyləgər siyasətləri ilə daim özlərini dünyaya «yazıq, məzlum, döyülən, əzilən» millət kimi təqdim ediblər. Amma əsl simaları 44 günlük müharibə dövründə dünya ictimaiyyətinə bəlli oldu. bir məscidi saxlamaqla  tolerant olduqlarını qəbul etdirmək niyyətində olan ermənilər görəsən məscidlərimizdə donuz saxlamalarını necə əsaslandıracaq və  havadarları onların başına sığal çəkərkən hansı bəhanəni səsləndirəcəklər? Amma real olan budur ki, Ermənistana dəstək verən dövlətlər  müharibə qurtaran kimi dərhal   erməni xalqının abidələrinin  qorunması ilə bağlı fikirlər  səsləndirməyə başladılar. Amma unutdular ki, Ermənistandan fərqli olaraq Azərbaycan reallıqda tolerant ölkədir. Ölkəmizdə bütün dinlərin, millətlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində yaşayırlar. Hansısa dövlətin,  beynəlxalq təşkilatın diktəsi ilə deyil, özünün tolerant, multikultural dəyərlərin qorunması siyasətinə uyğun olaraq bütün xalqların abidələrini qoruyur və dünya da  bunu bilir. Dövlətimizin başçısı İlham Əliyev 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə, eyni zamanda, ölkəmiz 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ilə dünyaya birlik, həmrəylik, sülh, əmin-amanlıq mesajını ünvanladı.

Dövlətimizin başçısı İlham Əliyev daim bu sualları ünvanlayır: Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları.  Bunu törədən ölkə ilə hansı dostluqdan söhbət gedə bilər?”

Təəssüflər olsun ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər. Müsəlmanları, dinimizi təhqir edən işğalçı dövlətə dost demək ikrah doğurur. Dünyanı bu görüntülərə qiymət verməyə çağırış etməklə yanaşı, bəzi  müsəlman dövlətlərinin də bu təhqirlərə göz yummalarından utanc hissi keçirmək olar. Onların “dost” deyib səmimiyyət qurduqları ölkəyə 20 il rəhbərlik etmiş cəlladlar məscidlərimizi dağıdıblar.

Xalqımız hər zaman olduğu kimi, sentyabrın 27-dən başlanan və 44 gün davam edən  əks-hücum əməliyyatları dövründə də ölkə  Prezidentinin  hər sözünün arxasında oldu, ona inanaraq ətrafında sıx birləşdi. Xalqımız bir daha əmin oldu ki, cənab İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və  istər danışıqlar masasında, istərsə də hərb meydanında bütün addımlarını  ən xırda detalınadək hesablayaraq atır.

Cənab İlham Əliyev martın 16-da Şuşaya səfəri zamanı da bu məqamı xüsusi qeyd etmişdir ki, azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır: «Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam.»

İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Bu istiqamətdə  dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. Bu məsələyə  kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik

Dövlətimizin başçısının “Müharibə bitib, biz növbəti səhifəyə keçməliyik» fikrinə istinadən belə bir ümumiləşdirməni qürurla apara bilərik ki, ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirdi. Bu, ədalətin təntənəsidir! Xalqımız tam əmin idi ki, işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan davamlı inkişafı ilə dünyanın diqqətində olacaq. Artıq o əminlik reallıqda öz əksini tapıb.  «Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm» söyləyən Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza səfərləri ilə bir daha bu tezisin reallıqda öz əksini tapdığını göstərir.  Cənab İlham Əliyev  bu məqamı da xüsusi qeyd edir ki, amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik. Dövlətimizin başçısının hər səfərində havanın da günəşli, səmanın açıq, mavi olması  səbəbsiz deyil. Artıq torpaqlarımız sahibinə qovuşmasının sevincini yaşayır.

Yeganə Əliyeva, «İki sahil»