20 mart 2021 00:12
1669

Novruzumuz xoş müjdəli, torpaqlarımız bərəkətli olsun!

İşğaldan azad edilən ərazilərimizdə aparılan quruculuq  abadlıq,  bolluq, bərəkət rəmzidir.  Yeni ilimizin ayağı sayalı olsun!

Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev ulu əcdadlarımızdan yadigar qalan, təbiətin oyanışını, baharın gəlişini bildirən bu bayramı milli adət-ənənələrimizin zənginliyi, soykökümüzə bağlılıq baxımından daha önəmli adlandırır.  Təbrikdə bildirildiyi kimi xalqımızın qədim, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olan, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutan Novruz ənənələri, inancları  bəşər mədəniyyətinə  də töhfədir: «Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir”.»

Əvvəlki illərdən fərqli olaraq xalqımız el bayramını  qalibiyyət ovqatı, yurda Böyük Qayıdış sevinci ilə qarşılayır. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimiz ehtiramla yad edilir. «İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab- havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik» sözləri dövlət başçımızın həm də  Ali Baş Komandan kimi xalqımıza qələbə müjdəsidir.

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq   səmənili, xonçalı Novruzun gəlişi ölkəmizin hər yerində əsl bayram əhval-rühiyyəsi yaradıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 475 nəfərin azadlığa  buraxılması, bəzi məhbusların çəkilməmiş cəzalarının azaldılması insanlarda xoş ovqat yaradıb.  Yurdumuza,   elimizə, obamıza  bolluq,  bərəkət gətirən, təbiəti  qış yuxusundan oyadan  Novruzun gəlişi  torpağımız kimi qəlblərimizi  də  isidir.  Əsrlərdən bəri  həyatımızda,  milli təfəkkürümüzdə,  məişətimizdə yaşadılan, sonrakı nəsillərə yadigar qalan, türkçülüyün, azərbaycançılığın təbliğində də  böyük əhəmiyyətə  malik Novruzun dövlət səviyyəsində qeyd olunması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir. Birinci  vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoş məramlı səfiri  Mehriban xanım Əliyevanın xidmətləri sayəsində bu el bayramının  UNESCO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil edilməsi hər bir azərbaycanlı üçün milli iftixar mənbəyidir. Novruz bayramının beynəlxalq səviyyədə tanınması üçün göstərilən bu  xidmət bütünlükdə Şərq  xalqlarının, müsəlman aləminin elliklə qeyd etdiyi Novruzun təbliği baxımından çox əhəmiyyətlidir.

Novruzu özünəməxsus adət-ənənələri,  ritualları, inancları ilə qarşılamağa adət edən xalqımız  pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq  yenə də ətrafı bayramsayağı bəzəyir, səmənilər göyərdir, el ağsaqqalarına baş çəkir, qız-gəlinlər evlərdə  təmizlik aparırlar.  Yeniyetmələr ətrafına toplaşacaqları ocaqların tədarükünü görürlər.  Axır çərşənbədə yanan ocaqların istisini hələ də  hiss edən, Novruzun əsas personajlarından olan  Keçəllə Kosanın məzəli oyunlarını həsrətlə gözləyən uşaqlar əllərindəki boyanmış yumurtaları bərkdən-boşdan keçirirlər. Torpaqlarımızın işğaldan  azad olunmasından duyduqları sevinci yaşayanlar gələn Novruzu yurd yerlərində qarşılamaq niyyəti ilə biri-birinə gözaydınlığı verirlər.  Yaxınları ilə bayramlaşan, püstə, nabat, noğul, qoğal, ləbləbi, şəkərbura,  paxlava, bamiyə, badambura ilə bəzənən xoncalar Novruzun sorağı  kimi evləri dolaşır.

İşğaldan azad olunan bölgələrimizdən ətrafa yayılan bahar mehi, torpaqdan baş qaldıran çiçəklər,  evlərə xoş ətir verən novruzgülülər, günəşi tumurcuq gözləri  ilə salamlayan budaqlar azadlığa qovuşan ərazilərimizin xeyir, bolluq  rəmzidir. Ermənilərin murdar nəfəsindən  təmizlənən, doğmalarının  torpağa axıtdıqları  alın tərini bərəkətə çevirən, «döy məni, doyurum səni» deyən  torpaqlarımız yenə də arat yerinə çevriləcək.  

İşğaldan azad olunan rayonlara səfərləri zamanı qısa müddətdə bu ərazilərin daha gözəl, müasir görkəmə  salınacağını  «Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti bundan ibarətdir - biz həm doğma torpaqlarımızı işğalçılardan azad etdik, düşməni torpaqlarımızdan qovduq, həm də ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini göstərdik, xalqımızın əyilməz ruhunu göstərdik. Eyni zamanda, ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün əməli addımlar ataraq önəmli sənədləri imzaladıq» sözləri ilə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi,  Qarabağın dirçəldilməsi ilə  Azərbaycan əvvəlki cənnətməkan görkəminə  qaytarılacaq.  « Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışımın sonunda demişdim: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!» sözləri ilə bütün Qarabağa yeni həyat veriləcəyini bildirən Prezident İlham Əliyevin Novruz təbriki Böyük Qayıdışa çağırışın ilk sədalarıdır.

Xuraman İsmayılqızı, «İki sahil»