20 mart 2021 17:33
1972

Bayramın Şuşada qeyd olunması xalqımızın ən böyük arzusuna çatmasının rəmzidir

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada, Cıdır düzündə bayram tonqalı alovlandırıblar. Sonra dövlətimizin başçısı Azərbaycan xalqına müraciət edib.

Ali Baş Komandan İlham Əliyev müraciətində qeyd edib ki, biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik: “Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi...”

Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Prezident İlham Əliyev üzləşdiyimiz ədalətsizliyə düşünülmüş siyasət və sərkərdə qətiyyəti ilə son qoydu. Ali Baş Komandanın ötən dövrlərdə həyata keçirdiyi kompleks inkişaf siyasəti, respublikamızın yüksəlişi bizi sürətlə bu qələbəyə yaxınlaşdırdı. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının konturlarını cızdı. 

Bu savaşın nəticəsi Prezident İlham Əliyevin dediyi kimi oldu. Ali Baş Komandan bu fikri həmişə bəyan edirdi ki, danışıqlar prosesinin nəticəsiz qalacağı təqdirdə Azərbaycan Ordusu öz sözünü deyəcək. Ordumuzun döyüş imkanlarının artırılması ilə bağlı indiyədək həyata keçirilən tədbirlər də məhz bu məqsədə xidmət edirdi. İlham Əliyev Ali Baş Komandan kimi ordumuzu bütün vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirdi, digər tərəfdən siyasi-diplomatik ustalıqla davamlı şəkildə Ermənistanın ifşasına nail oldu. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, Prezident İlham Əliyevin qətiyyəti və yüksək diplomatik peşəkarlığı nəticəsində noyabr ayının 10-da Ermənistan kapitulyasiya bəyanatı imzalamağa məcbur edildi. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bu bəyanat birmənalı şəkildə Azərbaycanın qələbəsinin və Ermənistanın kapitulyasiyasının hüquqi baxımdan təsdiqidir. Eyni zamanda bu sənəd Ermənistanın işğalçı dövlət olduğunu bir daha sübut edən hüquqi aktdır. 
Prezident İlham Əliyevin gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun gücü öz uğurlu nəticəsini verdi. Beləliklə, bütün bu amillər Azərbaycanı möhtəşəm qələbəyə qovuşdurdu. Bu gün Novruz bayramının mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə qeyd olunması təbii ki, rəmzi və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə qarşıya qoyduğu və xüsusi prinsipiallıqla, qətiyyətlə həllinə doğru inamla irəlilədiyi əsas məsələ - Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. 30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da hər birimizə böyük qürur və fəxarət hissi yaşadır. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza, qazilərimizə minnətdarıq.

Prezident İlham Əliyev müraciətində qeyd edib ki, Şuşa bizim qədim şəhərimizdir: “Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə Şuşanı əsarətdən çıxardıq və xalqımıza qaytardıq, dövlətimizə qaytardıq. Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub. Son 28 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib. Bəli, evlər sökülüb, tarixi abidələr sökülüb, məscidlər sökülüb, bir neçə eybəcər bina tikilib. Faktiki olaraq burada heç bir tikinti aparılmamışdır...”

İşğaldan azad edilmiş hər bir şəhər, qəsəbə, kənd bizim üçün doğmadır, dəyərlidir. Ancaq Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Tarixboyu erməni vəhşiləri bu qədim şəhəri ələ keçirmək üçün minbir hiyləyə əl atıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşamızı 28 illik işğaldan azad edən gündən bu şəhərin abadlaşdırılmasına start verilib. Unutmayaq ki, noyabrın 8-də Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının qəlbində xüsusi yeri olan Şuşamız erməni işğalından azad olunub. Şuşa zəfəri İkinci Qarabağ müharibəsinin dönüş nöqtəsi oldu. Bundan sonra işğalçı Ermənistan kapitulyasiya aktını imzaladı və bununla da hərbi əməliyyatlara son qoyuldu. Göründüyü kimi, Şuşa həm də buna görə əhəmiyyətli idi. Artıq 8 noyabr ən yeni tariximizə Zəfər Günü kimi düşüb.
Beləliklə, dövlətimizin başçısnını da bəyan etdiyi kimi, Qarabağ hər zaman dövlət siyasətinin mərkəzində olub. Biz heç bir halda, bir addım belə öz mövqeyimizdən kənara çəkilmədik. Ərazi bütövlüyü məsələsində Azərbaycan heç vaxt güzəşt etmədi. İllər ərzində nümayiş olunan bu prinsipiallıq bizi böyük Qələbəyə yaxınlaşdırırdı. Bunun nəticəsində bu il Novruz bayramı Şuşada, Cıdır düzündə qeyd olunur.

Cavid Əkbərov, “İki sahil”