29 mart 2021 16:20
1178

İdmanla necə məşğul olmalı?

İdman etmək ürək xəstəlikləri, təzyiq və diabet kimi xəstəliklərdən bizi qoruyur. Artıq çəki itirməyimizə kömək olur, immun sistemini gücləndirir. Sağlamlıq üçün həftədə 3 gün 30-35 dəqiqə, kilo atmaq üçün isə 4 gün 45 dəqiqə idman etmək lazımdır.

Artıq çəki itirmək üçün yürüyüş edin

Artıq çəki itirmək üçün ən azı 15-20 dəqiqə idman edin. Ən idealı isə orta templə 45-50 dəqiqə yürüyüş etməkdir. Maddələr mübadiləsini gücləndirdiyi üçün yürüyüş və qaçışla bərabər ağırlıq qaldırılması da tövsiyə edilir. Plansız edilən idman xeyirdən çox zərər verir. Buna görə də idman həftədə 3-4 dəfə edilməlidir. Əgər məqsəd çəki itirməkdirsə  qaçış və üzgüçülüklə mütləq məşğul olmalısınız.

Ac qarına idmanla məşğul olmaq olmaz

Səhər idmanla məşğul olursunuzsa, mütləq səhər yeməyi yemək lazımdır.Səhər yeməyindən 2 saat sonra idmanla məşğul olmaq lazımdır. Səhər yeməyində buğda çörəyindən hazırlanan pendirli sendviç, pomidor və xiyar yaxşı seçim ola bilər. İdmandan bir saat qabaq süd ilə meyvə, yoqurt və ya meyvə ilə qəlyanaltı edə bilərsiniz. İdmana axşam işdən sonra gedirsinizsə sendviç və meyvə şirəsi qəbul etməyiniz məsləhətdir.

Qeyd edək ki,  ac vəziyyətdə idman edən zaman daha çox enerji sərf olunur. Bu da sizin idmandan sonra daha çox yemək deməkdir.

İdmandan sonra nə yeməli?

İdmandan sonra banan və pomidor şirəsi içməyiniz məsləhətdir. İdmandan gec çıxmısınızsa saat 21-dən axşam yeməyi yeməyiniz mütləqdir . Bu, sendviç və meyvə şirəsi ola bilər. İdman etdiyiniz zaman isə 1 stəkan su içməlisiniz.

Samirə Tağıyeva, "İki sahil"