Son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız görünməmiş məhrumiyyətlərə məruz qalıb. Mərhələlərlə gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınıb. Xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskənləri dağıdılaraq yerlə-yeksan edilib.
Ermənilərin 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri qırğınlardan 103 il ötməsinə baxmayaraq bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxıb. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusilə genişlənib. Bu işğalçı siyasət ermənilərin Azərbaycan xalqını yer üzündən tamamilə silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarıb. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri soyqırımı haqqında bizə çatan tarixi faktlar Şamaxı, Quba, Muğan, Qarabağ, Zəngəzur qəzalarında, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir. Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçirilib. Şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılıb.
1918-ci ildə erməni bandaları azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər törətdikləri kimi, mədəniyyət və tarixi abidələri də barbarlara xas üsullarla dağıdıblar. Məscidlər yandırılıb, memarlıq incisi sayılan binalar yerlə-yeksan edilib. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Bakıda azərbaycanlılara qarşı soyqırımı aprelin 2-də gecə yarısı dayandırıldı. Daşnak Stepan Şaumyan Bakıdakı bu qırğınla kifayətlənmədi. Azərbaycanlıların qırğını başqa qəzalarda da davam etdirildi. S.Şaumyan Bakıdakı qırğında qəddarlığı ilə seçilmiş bir neçə erməni dəstəsini Şamaxıya göndərdi. Burada da ermənilər xüsusi vəhşilik törətdilər. Şamaxı şəhərini dağıdıb əhalisini qırdılar. Qadınlar, qızlar, uşaqlar təhqir edildilər. Qadınların boynundakı boyunbağılarını asanlıqla çıxarmaq üçün onların başlarını bədənlərindən ayırırdılar. Sırğanı çıxarmaq üçün qulaqlarını kəsirdilər. Qızları, gəlinləri, uşaqları, qocaları məsciddə diri-diri yandırırdılar. Bakı və Şamaxıdan başqa Azərbaycanın Quba, Xaçmaz, Lənkəran, Salyan, Hacıqabul və başqa bölgələrində də bu cür vəhşiliklər, qırğın və talanlar təşkil olunmuşdu.
Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi fotoşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. Şamaxı qəzasında 58, Quba qəzasında 122, Qarabağın dağlıq hissəsində 150-dən artıq, Zəngəzur qəzasında 115 kənd vəhşicəsinə dağıdılıb. Əhalinin xeyli hissəsi məhv edilib. İrəvan quberniyasında 211, Qars vilayətində 82 kənd yandırılıb. Beləliklə, S.Şaumyanın başçılıq etdiyi Bakıdakı Sovet hökuməti, onun əsasən ermənilərdən ibarət rəhbərliyi silahsız Azərbaycan xalqını məhv etmək, onu tamamilə qırıb qurtarmaq planını həyata keçirirdi.
Bakıda 1918-ci il soyqırımının qurbanları - müqəddəs şəhidlərimiz o vaxt “Ölülər bağı” (indi Şəhidlər xiyabanı) adlanan yerdə dəfn olundular. Sonralar 20 Yanvar şəhidləri burada dəfn olunarkən bu müqəddəs and yerimizdə 1990 və 1918-ci il şəhidlərinin ruhları bir-birinə qovuşdu. Xalqımız öz qatillərini yenidən tanıdı.
1919-cu ildə hökumətin qərarı ilə 31 Mart Milli Matəm Günü elan edilmişdi. Lakin bu günün qeyd olunmasını bizə qadağa etdilər. 1998-ci il martın 26-da isə ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə Fərman imzaladı. Bu Fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Cavid Əkbərov, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib