30 mart 2021 15:12
1210

STAR neft emalı zavodu reaktiv yanacaq istehsalını 100% dizel yanacağı istehsalına çevirib

"Neft-kimya məhsullarının tədarük zəncirindəki fasilələr səbəbindən nafta tədarükündə problemlər olub və son aylarda naftanın qiyməti xeyli artıb".

“İki sahil” xəbər verir ki, bunu “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov “Anadolu” xəbər agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əsas xammalı nafta olduğu üçün marjalar üzərində ciddi təzyiq var idi: “Amma digər tərəfdən məhsullarımıza ehtiyac da artıb. Neftin qiyməti artdığından bizim xammal maddəmiz olan naftanın qiyməti də artmaqdadır və təzyiq göstərir. Bu səbəbdən neft-kimya fəaliyyətimiz üçün neftdə 50-60 ABŞ dolları arasında sağlam bir qiymət dəhlizi yarada bildik”.

Dünyada neft-kimya məhsullarına tələbatın hər il 3 % səviyyəsində artdığını xatırladan A. Məmmədov qeyd edib ki, pandemiya səbəbi ilə bu tələb daha da artıb: “Buna görə də neft-kimya sektorunda bir azalma gözləmirik, ancaq pandemiyada üçüncü dalğanın baş vermə ehtimalının neftayırma zavodları üçün böyük risk yaradacaq və marjalara böyük təzyiq göstərə biləcək”.

Anar Məmmədov  deyib ki, koronavirus  pandemiyası ilə bağlı tətbiq edilmiş səyahət məhdudiyyəti bütün dünyada olduğu kimi Türkiyədə də reaktiv yanacağa tələbatı 0-a endirib.

Onun sözlərinə görə, STAR neft emalı zavoduntexnoloji avadanlığı sayəsində reaktiv yanacaq istehsalını 100% dizel yanacağı istehsalına çevirib: “Bu dəyişikliyin sayəsində illik 4,6 milyon ton dizel yanacağı istehsalımızı 6 milyon tona çatdırdıq. Beləliklə, Türkiyənin dizelə olan tələbatının 25%-ni STAR qarşıladı. Keçən il istehsalımızı artırdıq və ümumi neft emalı zavodunda istehsalı 10,5 milyon tona çatdırdıq. Bu il 11 milyon ton həcmində istehsal hədəfləyirik".

A.Məmmədov neft-kimya kompleksi tərəfindən tədarük zəncirində bəzi fasilələrin olduğunu bildirib. Bununla belə, o qeyd edib ki, “Petkim”in bütün xammal ehtiyaclarının STAR neft emal zavodu ilə təmin edilməsi sayəsində istehsalı fasiləsiz davam etdirə biliblər.

Pandemiya dövründə neft-kimya məhsullarına tələbatın artdığını dilə gətirən A. Məmmədov deyib ki, "Petkim”dəki bəzi məhsullar tibbi avadanlıqların istehsalında istifadə edildiyi üçün tələbdə də artım müşahidə edilib: “Pandemiya ilə birlikdə termoplastik məhsullara olan tələbatda 17% artım olduğunu müşahidə etdik. Bu dövrdə daxili bazarın ehtiyaclarını ödəmək üçün çox çalışdıq. Hər il ixrac çempionu oluruq. “Petkim” daxili bazara yönəlməyimiz sayəsində ötən il II yerə düşüb”.