Dünyada ilk qızıl örtüklü otel Vyetnamda açılıb.
“İki sahil” xəbər verir ki, 24 karat qızıl örtüklü otel, görənləri heyrətləndirib. Dəbdəbəsi ilə diqqət çəkən oteldə hər şeyin qızıl örtüklü olması da ziyarətçilərin diqqətini çəkib. Otel sahibi isə bu mövzuda edilən tənqidlərə baxmayaraq, otelin qızıl örtüklə olmasına fərqli gözlə baxır. Vyetnamın paytaxtı Hanoidə 5 ulduzlu otelin fasadından yemək qablarına, ayaqyolundan hovuzuna qədər hər şeyi qızılla örtülüb.
Bütün dünyaya təsir edən koronavirusa görə sərhədlər bağlandı və ölkələrin virusla mübarizədə fərqli tədbirlər görmələri turizmdə də ciddi dayanmalara səbəb oldu. Dünyanın bir çox ölkəsindən milyonlarla turistin ziyarət etdiyi Vyetnam turizm sektorunu hərəkətləndirmənin bir yolunu tapıb.
Dolce Hanoi Golden Lake Hotel qızıl örtükləri ilə turistləri cəlb etməyi planlaşdırır. Oteldə düşünə biləcəyiniz hər şey qızıl örtüklüdür. Hamam aksesuarları və liftlər də daxil olmaqla hər şey qızıldandır. Zəngin müştərilərinin tətilini lüks şəraitdə keçirməsini gözləyən otel, Hoa Binh Groupa məxsus və ABŞ-da yerləşən Wyndham Hotels & Resorts tərəfindən idarə olunur. Otel 24 karat qızılla örtülmüş olsa da, qiymət baxımdan ətrafdakı digər otellərlə demək olar ki, eynidır. Bu lüks oteldə bir gecə qalmaq üçün ən azı 250 ABŞ dolları ödəməlisiniz. 160 milyon avroya başa gələn bu ultra lüks otel üçün tam 1 ton qızıl istifadə edilib. Bənzəri olmayan otel qonaqlara binanın damındakı qızıl örtüklü hovuzunda istirahət etməyə imkan verir.
Otelin səhmdarlarından olan Nguyen Huu Duong, koronavirusa baxmayaraq oteli aça bildiklərindən məmnun olduqlarını və bu il otelin qonağı çox olmasa da gələn il pul qazanmağa başlayacaqlarını bildirib. Gələn az qonaqlar da göstərilən diqqətdən məmnun qalırlar. Yeməklərini qızıl yemək qablarında yeyirlər, qızıl örtüklü bir ayaqyolundan istifadə edirlər və qızıl örtüklü bir vannada istirahət edirlər. Ziyarətçilər burada özlərini bir kral kimi hiss etdiklərini və lüks anlayışlarının bu yeri gördükdən sonra dəyişdiyini söyləyirlər. Nguyen Huu Duong sahib olduqları şirkətlərdən birinin qızıl örtüklü materiallar istehsal etdiyini, buna görə də qızıl örtüklü əşyalar üçün çox pul ödəmədiklərini söyləyir. Bu səbəbdən oteldə gecələmə qiyməti ətrafdakı otellərin qiymətlərinə bənzəyir. Hər şey o qədər qızıldan hazırlanıb ki, yeməklərin içində sanki bir az qızıl olduğu deyilir.
Vüsal Cahanov, “İki sahil”