31 mart 2021 15:35
1227

Azərbaycan həqiqətləri Londonun mərkəzi küçələrində

Azərbaycan həqiqətlərini nümayiş etdirən mini-van tipli maşın Londonun mərkəzi küçələrində dövr etməyə başlayıb

Azərbaycan Respublikasının Britaniyadakı səfirliyinin maddi-texniki dəstəyi və Londonda fəaliyyət göstərən “Natavan Group UK” adlı diaspor təşkilatının təşəbbüsü ilə Londonun məşhur mərkəzi küçələrində Azərbaycan həqiqətləri və Ermənistanın Azərbaycana qarşı təcavüzünə aid şüarlar nümayiş etdirən mini-van tipli maşın dövr etməyə başlayıb.

"İki sahil" xəbər verir ki, təşəbbüsün müəllifi və icraçısı olan “Natavan Group UK” adlı diaspor təşkilatının həm-təsisçisi, Londonda yaşayan həmyerlimiz, professional skripkaçı Səbinə Rakçeyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, “31 March Genocide Day of Azerbaijanis – 1918”, “Free us from landmines”, “Urbicide in Aghdam, Azerbaijan”, “Territorial integrity matters”, “Ecocide in Karabakh, Azerbaijan”, “I.Aliyev: “Shusha, Karabakh – Cultural capital of Azerbaijan” kimi şüarların bir gün ərzində London küçələrində maşın vasitəsilə videonümayişi Britaniya cəmiyyətində 31 mart azərbaycanlıların soyqırımı hadisəsinə, eləcə də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, ərazi bütövlüyü prinsipinin önəmi, Ermənistanın üç onillik boyu davam edən işğal dövründə Qarabağda mədəni və ekoloji terror törətməsi, bununla belə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və Şuşanın Azərbaycan Prezidenti tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan edilməsi, həmçinin indiki mərhələdə Ermənistanın mina xəritələrini Azərbaycan tərəfinə təqdim etməməsinin nəticəsi olaraq bu gün də azərbaycanlı mülkilərin həlak olması kimi məsələlərə diqqət çəkmək məqsədi daşıyır.

Bu barədə AZƏRTAC-a müsahibəsi zamanı Azərbaycan Respublikasının Britaniyadakı səfiri Tahir Tağızadə isə qeyd edib ki, Azərbaycan həqiqətlərinin Britaniya ictimai və siyasi dairələrində təbliği səfirliyin fəaliyyətinin prioritet istiqamətidir və səfirlik bu məqsədə yönəlmiş belə faydalı diaspor təşəbbüslərini hər zaman dəstəkləməyə hazırdır.

“Hamıya məlumdur ki, ölkəmiz onilliklər boyu Ermənistanın ərazi iddiaları və təcavüzkar siyasətinin müxtəlif formalarda təzahürünün qurbanı olub. “Böyük Ermənistan” xülyası ilə 20-ci əsrin əvvəllərində Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi, bu gün il dönümünü qeyd etdiyimiz soyqırımı bunlardan yalnız biridir. Bu təcavüzkar siyasət Qarabağın işğalı və Azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə, Xocalı soyqırımı, ötən il Vətən müharibəsi zamanı Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimizin qadağan edilmiş kaset bombaları ilə atəşə tutulması ilə davam etdi.

Biz çox qürurlu və sevincliyik ki, ötən il Müzəffər Ali Komandanın başçılığı ilə Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad edərək bizlərə şanlı qələbəni yaşatdı. Lakin təəssüflər olsun ki, bu gün də Ermənistan 10 noyabr tarixli Üçtərəfli sazişin şərtlərini yerinəyetirməkdən boyun qaçırmaq və regionda sabitliyi pozan hərəkətlərəyol verməklə bir növ Azərbaycan xalqına qarşı təcavüzkar siyasəti davam etdirir. Ən narahatedici məqam isə Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təqdim etməməsidir ki, bunu həmin ölkənin Azərbaycan xalqına qarşı müharibə cinayətlərini davam etdirməsi kimi başa düşmək olar. Beləliklə, məqsədimiz həm də aprelin 4-də beynəlxalq səviyyədə qeyd olunacaq “Minalar barədə məlumatlılıq günü” ərəfəsində məsələnin əhəmiyyətinə Britaniyada da mümkün bütün üsullarla diqqət çəkməkdir”, - deyə səfir bildirib.