01 aprel 2021 08:43
2240

Baş Ataman: Soyqırımı qurbanlarının xatirəsini ürək ağrısı ilə anırıq

Bu gün biz 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününü ürək ağrısı ilə qeyd edirik. Təəssüf ki, biz bölgəmizdə bütün xalqların əmin-amanlığına, dostluğuna hələ nail ola bilməmişik.

"İki sahil" xəbər verir ki, bu sözləri Gürcüstandakı Kazakların Baş Atamanı Vasili Kadinets AZƏRTAC-a müsahibəsində söyləyib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə 1997-ci ildəki görüşünü xatırlayan Vasili Kadinets deyib: “1997-ci ildə dahi şəxsiyyət Heydər Əliyev Bakıda Gürcüstandan gəlmiş nümayəndə heyətini qəbul etdi. Mən də o görüşdə iştirak edirdim. Unudulmaz insan və dahi şəxsiyyət Heydər Əliyev o zaman dedi ki, XXI əsr müasir inkişaf, dostluq və qardaşlıq dövrü olmalıdır. Biz çox yaxşı yaşayırdıq. Lakin təəssüf ki, bu gün yenə də günahsız insanların qanı axıdılır, biz bu gün yenə də faciələrdən, soyqırımından danışırıq”.

Baş Ataman təəssüf hissi ilə vurğulayıb ki, bu gün yenə də faciə qurbanlarının xatirəsini anırıq. Azərbaycanlıların soyqırımından 100 ildən çox keçib. Bolşeviklərin əlində alət olan ermənilər azərbaycanlıları xüsusi qəddarlıqla qətlə yetiriblər. Lakin, yenə də çox təəssüf hissi ilə qeyd edirəm ki, bizim faciəmiz bununla bitməyib. Bu gün artıq başqa faciələrdən, Xocalı soyqırımından, ermənilərin Abxaziyada gürcülərə və abxazlara qarşı törətdiyi vəhşiliklərdən, günahsız insanları necə amansızlıqla qətlə yetirmələrindən danışırıq.

“Buna son qoyulmalıdır və inanıram ki, tezliklə haqq-ədalət öz yerini tutacaq. Azərbaycanın 44 günlük müharibədəki qələbəsi bunu deməyə əsas verir”, – deyə V.Kadinets vurğulayıb.