01 aprel 2021 14:32
1099

Dünyada bir ilk- Rusiyada heyvanlar üçün COVID-19 peyvəndi hazırlanıb/FOTO

Dünyada təsdiq olunan ilk COVID-19 peyvəndi “Sputnik-V”ni inkişaf etdirən Rusiyadan növbəti bir addım gəlib.

“İki sahil” xəbər verir ki, ölkədə bu dəfə heyvanlar üçün COVID-19 peyvəndi hazırlanıb. Bu, dünyada bir ilkdir. Ölkənin Baytarlıq və Fitosanitar Monitorinqi Federal Xidməti (Rosselxoznadzor) tərəfindən heyvanlar üçün COVID-19  peyvəndi hazırlanıb.

Qurumun rəhbəri Konstantin Savenkov açıqlamasında “Carnivak-Cov” adlanan peyvəndin ətyeyən heyvanlar üçün Rusiyada qeydə alınan və heyvanlarda COVID-19-un qarşısını alan ilk peyvənd olduğunu ifadə edib. Dünyada  heyvanlar üçün ilk COVID-19 peyvəndi olan bu peyvəndin kütləvi istehsalına, ölkənin ən böyük baytarlıq məhsulları istehsalçısı olan Federal Heyvan Sağlamlığı Mərkəzi tərəfindən aprel ayında başlanacağı bildirilib.

Savenkov peyvəndin klinik sınaqlarının keçən ilin oktyabr ayında itlər, pişiklər, tülkülər və arktik tülkülər üzərində aparıldığını açıqlayıb. Konstantin Savenkov bildirib ki, araşdırmalarımız nəticəsində peyvəndin təhlükəsiz və güclü bir immun yaratdığı ortaya çıxdı: “Çünki peyvənd etdiyimiz bütün heyvanlarda yeni koronavirus növünə qarşı 100 faiz antikor inkişaf etdirilib.” Rus alimləri hazırda peyvəndin təsirinin nə qədər davam edəcəyi üzərində işləyirlər. Hazırda təyin olunmuş peyvəndin təsiri ən azı 6 ay davam edir.

Bir çox ölkə bu vaksinlə maraqlanır

Konstantin Savenkov mətbuata verdiyi açıqlamada Yunanıstan, Polşa, Avstriya kimi ölkələrin və ABŞ, Kanada və Sinqapur şirkətlərinin də vaksin ilə maraqlandığını bildirib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına görə, müəyyən heyvan növləri də COVID-19 -a tutula bilər. Fərqli heyvan növləri barədə yoluxma ilə bağlı məlumat verən bir çox ölkələr də var. Xəstəliyin hesabatları hər həftə Dünya Heyvan Sağlamlığı Təşkilatına mütəmadi olaraq verilir. Məsələn, Meksika və Braziliyadan gələn heyvanlarla əlaqəli koronavirus yoluxmaları keçən həftə quruma bildirilib. Digər tərəfdən, Danimarka başda olmaqla dünyanın bir çox ölkəsində, noyabr ayında xəzli heyvanlarda kütləvi koronavirusa yoluxmalar bildirilib və buna qarşı tədbirlər görülüb. Savenkovun sözlərinə görə, Rusiyada isə pişiklərdə COVID-19-a yoluxmalara rast gəlinib. Rus alimlərinə görə, heyvanları peyvəndləmə virusun mutasiyaya uğramasına kömək edir. Virus növlər arasında keçdikcə mutasiya sürətlənir. COVID-19-un heyvanlardan insanlara yoluxması barədə rəsmi məlumatlar olmasa da, vaksinasiya heyvanlarda olan virusun mutasiyaya uğrayaraq yayılmasının qarşısını almaq üçün çox vacibdir.

 Vüsal Cahanov, ”İki sahil”