02 aprel 2021 16:29
1293

 "Ağıllı" cihazlar mətbəximizə hansı yenilikləri gətirir? - FOTO

Zaman keçdikcə qadınlar  ənənəvi mətbəx qablarından uzaqlaşaraq, işlərini  asanlaşdırmaq və daha sürətli etmək üçün son dönəmlərdə ixtira olunmuş müasir və çoxfunksiyalı cihazlarları əldə edirlər. Son zamanlar  ixtira olunan və mətbəxinizdə sizin üçün faydalı olacaq bəzi cihazlar haqqında topladığımız məlumatları təqdim edirik.

" Miito" su qızdırıcısı

 Başqa cihazlardan fərqli olaraq, ölçüsü və çəkisi baxımından çox kiçikdir, mətbəxdə qaşıq və ya çəngəldən daha çox yer tutmur. "Miito" su qızdırıcısı adi bir çubuğa bənzəyir, bunun sayəsində o, ya masa üstündə kiçik  bir yer tuta bilər və ya əl çantasında sizinlə birlikdə səyahətə çıxa bilər. Hər hansı bir mayeni bir neçə saniyə içində qaynadan bu "ağıllı" cihaz Jasmin Greys və Danimarkanın dizayn studiyası "Niels Tschudi" tərəfindən istehsal olunub.

Südün keyfiyyətini yoxlayan cihaz

 "Milkmaid"adlı yeni cihaz vasitəsi ilə südün xarab olub olmadığını asanlıqla müəyyən edə bilərsiniz. Bu cihazdan istifadə edərkən,  telefonunuza quraşdırılmış xüsusi  tətbiqdən  südün tükəndiyini və ya  xarab olmağa başladığına dair bir bildiriş alacaqsınız. Tətbiqdə, həmçinin müxtəlif yeməklərin reseptlərini tapa və ya internetdən istifadə edərək bir məhsul sifariş edə bilərsiniz.

"Ağıllı" doğrama taxtası

Düzgün qidalanma həvəskarları və ya tez-tez pəhriz saxlayan insanlar üçün həqiqətən əvəzolunmaz bir cihaz - kaloriləri hesablayan doğrama taxtasıdır. Bu cihaz, həmçinin ərzaqların çəkisini də dəqiqliyi ilə göstərir. Hər hansı ərzaq haqqında ətraflı məlumatlar almaq istəyirsinizsə, o zaman mütləq bu  iPad-a qoşmalısınız. Qeyd etmək lazımdır ki, "ağıllı" cihazın  daxili bir tərəzisi də mövcuddur. Həmin tərəzi yeməkdəki komponentlərin lazımi nisbətlərini hesablayan və eyni zamanda, yemək prosesini sürətləndirmək üçün faydalı məsləhətlər verir.

Çay hazırlayan maşın

 Bu "ağıllı" cihaz çayınızı istədiyiniz zaman dəmləmək üçün bir zamanlama funksiyasına malikdir. Çayınızın hazır olmasını istədiyiniz vaxtı əlavə edə və maşındakı toxunma panelindən dəmləmə metodunu seçə bilərsiniz. Proqramlaşdırılmış  maşın çayınızı avtomatik olaraq hazırlayacaqdır. Sizə isə bu prosesdən zövq almaq qalacaq.

" Ağıllı" tava

Smartypan “ağıllı” tavaları  sizə tərəvəz, balıq və ya ət bişirmək üçün hansı temperaturun lazım olduğunu söyləyəcək  maddələrin nə vaxt qarışdırılacağını və ya içindəki maddələrin çəkisini də dəqiqliyi ilə qeyd edəcək. Bu tövsiyələr sayəsində yeməkləriniz həmişə mükəmməl hazırlanacaq və ən əsası yanmayacaq.

Ölçmə qaşığı

Bu qaşığ əsasən yeniliyə üstünlük verən   insanlar tərəfindən seviləcək, çünki bu cihaz insanlar üçün daha kompakt, daha rahatdır və  əlavə cihazların istifadəsinə ehtiyac yoxdur.Onun köməyi ilə istənilən məhsulların  çəkisini öyrənmək olar. Bütün məlumatlar ekranda göstərilir. Həmçinin qeyd edək ki, ölçmə qaşığı yalnız yemək hazırlamaq üçün mətbəxdə deyil, həm də maskalar, kosmetik qarışıqlar və müxtəlıif dərmanlar hazırlamaq  üçün də istifadə edilə bilər.

 Yeməkləri yoxlayan cihaz

İstehsalçılar artıq qidaların yararlı olub-olmadığını  göstərən xüsusi bir cihaz icad ediblər. Son illər ərzində icad olunan "Peres" cihazı  vasitəsi  ilə smartfon və ya tabletdən istifadə edərək yeməyin son istifadə tarixini təyin etmək mümkündür. Cihaz  rütubətə, istiliyə və məhsulda ammonyak varlığına cavab verən, həmçinin parçalanma prosesini müşayiət edən dörd sensora malikdir.  "Peres"cihazından istifadə etməzdən əvvəl "bluetooth" bağlantısı vasitəsilə bir smartfona qoşulmalı və cihaza işin nəticəsini göstərən xüsusi bir tətbiq qurmalısınız.  Sonradan cihazı məhsula doğru yönəldib ,düyməni basmalısınız.

Yeməklərin dondurulmuş vəziyyətdə saxlamaq istəyirsinizsə...

Yeməklərin xarab olmağına mane olan bu cihaz onları dondurulmuş vəziyyətdə saxlayaraq,sizi bir çox problemlərdən uzaq tutur. Bu  cihaz rəngli alt yarısı və üstü şəffaf olan gözəl bir kürəyə bənzəyir.

"HAPIfork" çəngəli

Artıq çəkidən azad olmaq istəyən insanlar mütləq "HAPIfork" elektron çəngəldən istifadə etməlidirlər. Çünki o,  yeməyin miqdarına nəzarət etmənizə kömək etmək üçün hazırlanmışdır. Cihaz hətta  nahara nə qədər vaxt ayırdığınızı göstərərək,artıq qida qəbul etməyinizə də mane olur. İstehsalçıların düşüncələrinə görə, çəngəlin bu funksiyaları yemək prosesini  daha faydalı  edir. Nəticələri görmək üçün telefonunuza xüsusi bir tətbiq yükləməlisiniz və bluetooth vasitəsilə cihaza qoşulmalısınız.

  "Herb savor" cihazı

Yalnız yayda deyil, ilin istənilən vaxtında yeməkləri daha dadlı və təravətli etmək üçün onlara  təzə  göyərtilər əlavə edirik . Təzə şüyüd və cəfəri saxlamaq üçün müxtəlif faydalı vasitələr işə yaramırsa, onda mütləq "Herb Savor"cihazını  almaq barədə düşünün. Bu cihaz, göyərtini daha uzun müddət saxlayan, bir şüşə qaba bənzəyir. Qeyd edək ki, burada orta hesabla üç həftəyə qədər müxtəlif göyərtiləri saxlamaq olar.Göyərtiləri cihazın içinə qoydukdan öncə onları mütləq yuyaraq qurutmaq lazımdır.

Samirə Tağıyeva,"İki sahil"