05 aprel 2021 20:36
1436

Yazdığınız tarixin işığında yazıram, Azərbaycan əsgəri!

Vətən müharibəsi: Zəfər ovqatı

 

Ötən ilin noyabr ayının 8-dən üzü bu yana ruhu göylərdən enməyənlərdən biri də mənəm...

Həmin günü tarixləşdirən Zəfərin qüdrətidir ki, xəyallarım Cıdır düzündə dolaşır, ağacların budaqlarına sarılır, İsa bulağının suyunu ovuclayır, Gövhər ağa məscidinin qarşısında üzü Məkkəyə sarı dayanıb salavat çevirir. Hamımız bu Zəfəri qazananları ruh qardaşımız bilirik.

Bu Zəfər dövlətin, dövlətçiliyin Zəfəridir, bu ovqat bu səbəbdən xalqın ovqatıdır – tarixi ovqatdır. Tarixi ovqatlar yaşadılır, yaşayır...

Hərbi hissədə qalib hərbçilərlə kəlmələşirdik. Döyüşənlərlə döyüşlərdən, ayrı-ayrı mövqe qələbələrindən, qəhrəmanlıqlardan danışmışdıq. Zabitlərdən birinin gözlənilməz etirafı bayaqdan bəri ürəyimi silələmiş qüruru nizamı, düzümü tərpənişən düşüncələrimin bürüncəyinə döndərdi: “Qələbələr döyüşlərin nəticəsiydi, hərbi hissədə qarşılanmağımız qazanılmış qələbələrdən sonra yaşadığımız ən gözəl anlar idi. Qarşılanmanın ovqatı qələbənin ovqatını elə gözəl   tamamlayırdı ki!..”...

Qarşılanma mərasimi ilə bağlı marağımı ifadə edən sorğulara aldığım cavabları hərbçinin vəzifə borcu, vətəndaşlıq borcu bildim, suallara vəfa borcu, jurnalist borcu, vəzifə borcu kimi söz ömrü verdim:

Qarşılanma mərasimində ümummilli lider Heydər Əliyevin, dövlət müstəqilliyimizin bərpa edilməsi uğrunda mübarizədə, ərazi bütövlüyümüz uğrunda gedən müharibədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Sübhan Bəkirov sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayan, Ali Baş Komandanın əmri ilə Vətən müharibəsi kimi davam edən döyüşlərin mahiyyətindən danışdı, fikrini Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin döyüşlər getdiyi vaxtlarda xalqa müraciətində dediyi bir kəlam ilə tamamladı: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”. Sonra döyüşlərdən qələbə ilə qayıdanlara xitabən “Siz Vətənin adına layiq xidmət edirsiniz, Vətənin adına layiq Zəfər qazandınız. Müharibədə döyüş hazırlığı qədər qətiyyət, cəsarət, döyüşçünün Vətən sevgisi, döyüşçü yoldaşının ruh qardaşı olması da vacibdir. Təsdiqlədiniz ki, hər biriniz belə hərbçisiniz. Siz qəhrəman olmaq üçün döyüşmürdünüz, qəhrəmanlıqla döyüşürdünüz. Döyüşə-döyüşə qələbələr qazanırdınız, qələbələr qazana-qazana döyüşürdünüz. “İgidin sağı-solu olmaz”, – atalar sözüdür. Siz dənizçi olsanız da quruda döyüşdünüz. Siz məqamında Vətən naminə bütün tapşırıqları yerinə yetirməyə hazırsınız. Sizin də döyüş yolunuz Vətən müharibəsinin tarixidi...”...

Zəfərə ad olan qarşılanma mərasimindən aylar keçib, ovqatı yaşanmaqdadır. Döyüşçülərin dediklərini 8 noyabr gününün nurunda dinlədim:

Mayor Tariyel Zöhrabov:

–Cəbrayıl rayonunun Əmirvarlı kəndi istiqamətində ağır döyüşlər gedirdi. Düşmənin müqavimətini yarmaq olmurdu. Bu istiqamətdə təxminən 10 gün döyüşlər getmişdi. Düşmənin ikinci eşelonunu keçmək böyük problem yaradırdı. Keçid nöqtəsi müəyyənləşdirilsə də, düşmənin müqavimətini qırmaq üçün əlavə vasitələr, üsullar araşdırıldı. Döyüşü idarə edən heyət Tumasdağ istiqamətində ərazi kəşfiyyatına çıxdı. Düşmənin sağ arxa mövqeyindən keçdik.  Azca irəliləmişdik ki, beş düşmənlə üz-üzə gəldik. Ərazi kəşfiyyatı döyüşü aparmaq üçün əlverişli mövqe əlverişli taktiki üstünlük yaratdı. Bu atışma düşmənin diqqətini əsas hücum istiqamətindən yayındırdı. Hücumumuz mövqe qələbəsi ilə nəticələndi...

Miçman Allahverən Rəhimli də bu döyüş haqqında danışdı. Dedi ki, kəndin azad edilməsində strateji baxımdan bu yüksəkliyin olduqca böyük əhəmiyyəti var idi. İki yarımqrupla hücuma keçdik. Qrup komandirinin göstərişi ilə əmrin icrasına ikinci qrup bir atış qədərincə sonra başladı. Qüvvələrini birinci yarımqrupun hücumuna yönəldən düşmən ikinci yarımqrupun hücumuna qarşı atışı bölüşməyə macal tapmadı. Döyüşçülərimiz düşmənin anlar çəkən çaşqınlığını hücumun sürətinin artırılmasına, atışın tempinin daha da yüksəldilməsinə vasitə edərək daha yüksək əzmlə döyüşdü. Döyüş çox çəkmədi.  Qələbə qazandıq.

Əmirvarlı kəndi uğrunda döyüşlər Vətən müharibəsində həmişə xatırlanacaq döyüşlərdən olub. Zabit Sirac Siracov da Əmirvarlı kəndi uğrunda gedən döyüşlərdən danışdı. Düşmən Əmirvarlı kəndi istiqamətində nisbətən ciddi müqavimət göstərirmiş. Yaradılmış “val”ın bir ucu körpüyə çıxdığına görə düşmən artilleriya atışlarından daldalana bilirmiş, artilleriya atışı bir qədər səngiyəndə yenə “val”dan döyüşçülərimizin irəliləməsinə atəş səddi yaradırmış. Düşmənin yüksəkliklərdə yerləşdirdiyi minaatanların atışları əmrin operativ şəkildə yerinə yetirilməsində müəyyən çətinliklər yaradırmış. Bunlara görə döyüşlər bir qədər çətinləşib. Döyüşdən əvvəl şərait taktiki baxımdan düzgün müəyyənləşdirilib. Sirac Siracovun əmri ilə operativ manevrlə hücum davam etdirilib. Az sayda döyüşçü ilə düşmənin üstün canlı qüvvəsi – təxminən 150 nəfər məhv edilib.

Zabit Orxan Qədirov başqa bir əməliyyatı xatırladı:

–Rəhbərlik etdiyim qrup Aşağı Maralyan kəndindən düşmənin sığındığı “val”ı keçdi. Yuxarı Maralyan istiqamətində döyüşü davam etdirdik. “Dörd yol” adlanan ərazini keçdikdən sonra məktəbin arxa hissəsinə keçdik. Düşmənin atəşi altına düşürdük. Buna görə manevr edərək sol cinaha doğru irəlilədik. Relyef baxımından dərəyə bənzər ərazini, xırda sulu çayı keçib düşmənin sol cinahından döyüşə başladıq. Belə gözlənilməzlik düşmənin müqavimətini sarsıtdı. Bir saata qədər çəkən döyüşdə düşmən ağır tələfat verərək geri çəkildi...

Miçman Rahil Məmmədov:

–Qubadlının Xanlıq kəndi yaxınlığında körpü partladıldığından döyüş şəraiti xeyli çətinləşmişdi. Düşmən həm də yüksəklikdən atış aparırdı. Bu atışları intensiv atışla susdura bilsək də, sol tərəfdən iri çaplı silahların atəşi altına düşmüşdük. Onda qrup komandirimiz üç istiqamətli zərbə həmləsinə qərar verdi. Əmr sürətlə yerinə yetirildi. Üç düşmən öldürüldü, biri əsir götürüldü, sağ qalanlar qaçdı. Döyüşdə düşmənin bir ədəd TƏİR qurğusu qaldı...

3-cü dərəcəli kapitan Babək Şirinov:

–Düşmən səngər, blindaj, döyüş mövqeyi kimi istifadə etmək məqsədilə Cəbrayıldakı bəzi binaları uçurub-dağıtmayıbmış. Məktəb də dağıdılmamışdı. Ora düşmənin gücləndirilmiş müdafiə mövqeyi imiş. Bura sonrakı müdafiə döyüşlərinə görə ciddi mühafizə edilirdi. Məktəbə sığınmış düşmən qruplaşması məhv edilməli idi ki, Cəbrayıl istiqamətində gedən döyüşdə ciddi müqavimətlə üzləşilməsin. Qruplardan birinə mən rəhbərlik edirdim. Döyüşün gedişində aydın oldu ki, düşmən ciddi müdafiə olunur. Ona görə qrupun bir hissəsi mənim əmrimlə atışa-atışa manevr edərək düşmənin arxasına sıza bildi. Bu, döyüşün taleyini həll etdi. Məktəbdə mövqelənmiş düşmən qruplaşması məhv edildi.

Kapitan-leytenant Orxan Qədirov:

–Döyüşə Cocuq Mərcanlı istiqamətindən başladıq. Saat 4 olardı. Rabitə ilə qrupu öndə olan idarəetmə məntəqəsinə gətirmək əmr olundu. Qrupa hazırlıq əmri verdim, qısa müddətdə deyilən yerə gəldik. Saat 6 olardı. Qarşıdakı torpaqları azad etməliydik. Qrupu düzərək döyüş əmri verdim, bu döyüşlərin də torpaqlarımızın işğaldan qurtuluş döyüşü olduğunu bildirdim. Qrupda yüksək döyüş əzmi, qələbə ruhu vardı. İki qrupla Cocuq Mərcanlı kəndinə gedən yolun üzərindən düşmən mövqelərinə gizlincə sızmağa başladıq. Bizdən əvvəl orda olan qruplarla koordinasiya yaratdıq. Həmin qrup bizim qrupu istiqamətləndirməyə başladı. Düşmənin “val”ını keçən qruplara çatdıq. Qrupa irəli getmək əmri verdim. Tapşırığa əsasən biz dəmir yolunun sağı ilə, Ziya Fərziyevin rəhbərlik etdiyi qrup Araz çayının sahili boyunca hərəkət etməli idi. Relslər söküldüyündən dəmir yolunu tapa bilmədik. Məcburən relyefdə oriyentirləşmək üçün avtomobil yoluna istiqamətləndik. Yolu sağımızda tutaraq qamışlıqla sakit şəkildə irəlilədik. Aşağı Maralyan kəndinin yaxınlığında azca nəfəs dərib yenə irəlilədik. Yuxarı Maralyan kəndinə çatanda öyrəndik ki, Ziya Fərziyevin rəhbərlik etdiyi qrup  Araz çayının kənarında yerləşən zastavanı düşməndən azad edib...

Zabit Ruslan Abayev:

–Qrupumuz Əmirvarlı kəndi istiqamətində gedən döyüşlərdə düşmənin 3-cü eşelonunun məhv edilməsində də, Xudafərin yüksəkliyinin, Xocavənd rayonunun Qızılqaya yüksəkliyində düşmənin müşahidə məntəqəsinin alınmasında da qətiyyətlə döyüşdü. Yüksəkliklər uğrunda döyüşlərdə düşmənin müqavimətini sarsıtdıq. Ağır itkiyə məruz qalan düşmən geri çəkildi...

Miçman Elçin Qasımlı:

–Qubadlı istiqamətində gedən döyüşlərin birində qrup komandirimizin göstərişi ilə kiçik bir manevr etdik: atəşi azca səngidib bir qədər geriyə çəkildik. Düşmən elə bildi ki, geri çəkilirik. Mövqelərindən atış üzünə çıxdılar. Qəfil hücuma keçdik. Gözlənilməz hücum düşməni çaşdırdı. Qələbə qazandıq...

Miçman Türkay Nərimanov:

–Xocavənd rayonunun ərazisindəydik. Kəşfiyyat müəyyənləşdirmişdi ki, Qızılqaya yüksəkliyində düşmən taborunun dayaq məntəqəsi var. Bu dayaq məntəqəsi döyüşlərin gedişində ciddi maneədir. Sonrakı döyüşlərdə itki verməmək məqsədi ilə bu məntəqə çevik hücumla məhv edilməliydi. Döyüş əmrinin bir-biri ilə qarşılıqlı əlaqədə iki qrupun yerinə yetirməsi planlaşdırılmışdı. Döyüşün bütün təfərrüatları, ehtimal edilən gözlənilməzliklər nəzərə alınmışdı.

Bilirdik ki, ciddi müqavimətlə üzləşəcəydik, ağır döyüş olacaqdı – düşmən yüksəklikdəydi, biz hücumla yüksəkliyə çatmalıydıq. Bir qədər getdikdən sonra qrup komandirinin əmri ilə qarşı tərəfə əl qumbarası ata-ata irəlilədik. Düşmən qumbara qəlpələrindən qorunduğu müddətdə irəliləyirdik, yenidən qumbara atırdıq. Qumbaraların hamısı eyni vaxtda partlamadığına görə bəzən bir qumbara atışından sonra heç üç-dörd metr də irəliləyə bilmirdik..  

Düşmən bizim güllə məsafəsində olduğumuzu dərk edəndə çaşdı, çaşqınlıqla atışa-atışa geri çəkilmək istədi. 30- 40 dəqiqə çəkən döyüşdə səkkiz düşmən öldürüldü, qalanları - təxminən 50 – 60 nəfər qaça bildi. Yüksəklik düşməndən azad edildi....

Təəssüratları istər ayrılıqda, istərsə də vəhdətdə müharibə tarixi bildim...

Rəşid Faxralı