Son illər mobil şəbəkənin bütün dünyanı necə dəyişməsinin hamımız şahidiyik. Hazırda əlimizdə sadəcə kiçik bir cihaz-mobil telefonla sutkalarla onlayn qala bilirik.
Cəmi iyirmi il əvvəl simsiz telefon lüks bir şey sayılırdı, indi isə həyatımızı onlarsız təsəvvür edə bilmirik. İnkişaf etmiş ölkələrdə hər bir vətəndaş üçün mobil operatorlarla ən azı iki müqavilənin olduğunu təsdiq edən statistik göstəricilər buna sübutdur.
Hətta insanın mobil telefonsuz qalma təhlükəsi zamanı panikası ilə bağlı yeni bir fobiya növü də var.
İlk mobil telefon
Telefon danışıqları etməyə və zəng qəbul etməyə imkan verən ilk simsiz cihaz Sovet mühəndisi L.İ.Kupriyanoviç tərəfindən 1957-ci ildə yaradılmışdı. Bu cihaza LK-1 adı verilmişdi. Onun çəkisi 3 kq idi, enerjisi isə 20-30 saat kifayət edirdi.
Cihaz şəhər telefon xəttlərinə qoşula bilən xüsusi bir ATS ilə qarşılıqlı əlaqə sayəsində rabitəni təmin edə bilirdi. Sonradan LK-1 təkmilləşdirildi: cihazın kütləsi və ölçüsü əhəmiyyətli dərəcədə azaldı. Təkmilləşdirilmiş versiyada telefonun ölçüsü təxminən üst-üstə qoyulmuş 2 siqaret qutusunun ölçüsünə bərabər idi və çəkisi batareya ilə birlikdə 0,5 kq təşkil edirdi. İstehsalçıların əsas məqsədi ilk sovet mobil telefonunun xalq təsərrüfatında istifadəsini genişləndirməkdən ibarət idi.
Smartfonsevərlərin sayı
Statistikaya görə, Rusiya Federasiyasının vətəndaşları gündəlik həyatlarında ağıllı telefonlardan istifadə etməyi üstün tutan ölkələrin siyahısında birinci olub. Bu göstəricilərə görə Rusiya hətta Polşa və Fransanı da keçib.
Mobil rabitəsiz yeganə ölkə
Yer kürəsinin sakinlərinin mobil əlaqədən fəal istifadəsinə baxmayaraq, dünyada hələ də vətəndaşlarının mobil əlaqə imkanları olmayan ölkə mövcuddur. Oradakı insanlar nəinki smartfonlardan, həmçinin, televiziya və elektron poçt xidmətlərindən də məhrumdurlar. Söhbət Tuvin adalarından gedir. Tuvin adalarının 250 min sakininin heç birində mobil telefon yoxdur.
Son dövrlərə qədər Şimali Koreyada da mobil əlaqə mövcud deyildi. Üstəlik, bu totalitar dövlətdə qanunvericilik səviyyəsində vətəndaşların simsiz rabitə cihazlarından istifadəsi qadağan idi. Bu qadağanı pozan insanlar real həbsxana cəzası ala bilərdilər. Təkcə istifadəyə görə deyil, hətta cibində daşımağa görə də bu cəza tətbiq edilirdi.
Mobil operatorların itkiləri
Planetin hər yerindəki insanların tez-tez mobil operatorlarını dəyişdirdikləri və fərqli bir tarif planına keçdikləri üçün, mobil şirkətlər hər il 27 milyard dollar zərərlə qarşılaşırlar. Lakin buna baxmayaraq, mobil əlaqənin təmin edilməsi dünyada ən gəlirli bizneslərdən biri hesab edilir. Bu səbəbdən operatorlar arasında rəqabət kifayət qədər yüksəkdir. Bu isə müştərilər üçün faydalıdır, çünki şirkətlər daim münasib tariflər təklif edirlər.
İlk smartfon
İlk smartfonun dünyaca məşhur Apple tərəfindən yaradılan “iPhone 1” olduğu düşünülür. Ancaq əslində ABŞ-ın IBM şirkəti bu sahədə birinci olmuşdu. Onun işçiləri hələ ötən əsrin 80- ci illərində düymələri sensor olan telefon düzəltməyə cəhd etmişdi. 1992-ci ildə bu məqsədlərinə çatmışdılar. Las Vegasdakı Dünya Rabitə Texnologiyaları Sərgisində şirkət ilk smartfon olan “IBM Simon”un prototipini təqdim etmişdi.
Bütün dünyada 3,3 milyarddan artıq aktiv telefon var
Bu inanılmaz rəqəmdir. Bundan əlavə, hər il 125 milyon telefon zibil qabına atılır. Onlardan bəziləri sıradan çıxmış, bəziləri isə sadəcə dəbdən düşmüş və ya sahibini bezdirmiş modellər olur.
Statistikaya görə, dünyada smartfonların ən aktiv istifadəçiləri koreyalı məktəblilər və tələbələrdir, onlar gün ərzində 100-ə yaxın mesaj göndərirlər.
Enerji sərfiyyatı
Texniki sənədlərini diqqətlə araşdırsaq, soyuducunun enerji istehlakının bir smartfondan qat-qat çox olduğunu düşünəcəksiniz. Lakin nəzərə almaq lazımdır ki, soyuducu yalnız evə yerləşdirildikdən sonra enerji istehlak etməyə başlayır. Mobil telefonların işləməsi üçün isə cihazın özündən əlavə xidməti stansiya, serverlər, internet-kommunikasiya xətləri və s. enerji sərf edir. Belə çıxır ki, bir smartfon ildə orta hesabla, 360 kilovat/saat, soyuducu isə 320 kilovat/saat enerji istehlak edir.
Səsli mesaj
Skot Cons səsli mesaj sisteminin yaradıcısıdır. Səsli mesaj yaratmaq ideyası onun beyninə bir nahar zamanı təsadüf nəticəsində gəlmişdi. Həmin vaxtlar mobil rabitə yalnız böyük şəhərlərdə istifadə edilirdi və bunların xaricində zəng etmək real deyildi. Bu səbəbdən insanların sevdiklərinə səsli mesaj göndərmə imkanının yaranması yerinə düşmüşdü.
Təyyarədə mobil əlaqə
Cihaz sertifikatlaşdırılmamışdırsa, təyyarənin bortunda mobil telefonun mənfi təsirindən qorxmaq lazımdır.
Bütün lisenziyalı cihazlar təhlükəli aralıqlarda radiasiya üçün sınaqdan keçirilir. Yenə də risk etməmək üçün uçuş zamanı cib telefonunu qapalı əziyyətdə və ya xüsusi bir rejimdə saxlamaq daha yaxşıdır.
Əhatə dairəsi
Mobil telefon qüllələri çox zaman 360 dərəcəni əhatə edir. Yeri gəlmişkən, qüllənin antenaları yalnız 3 əsas nöqtəyə (T hərfi şəklində) yönəldilmişdir.
Nubar Süleymanova, “İki sahil”