08 aprel 2021 02:28
1213

Prezidentin dəmir yumruğu düşməni bir zərbə ilə məhv etdi

Vətən müharibəsindəki Qələbəmiz bizim hər birimizi qürurlandırır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə nail oduğumuz bu parlaq Qələbə hərb tariximizə və dərsliklərimizə yazılacaqdır. Mən də bir hərbçi və qanun keşikçisi kimi, bu qalibiyyətli müharibədə iştirak etməyimlə qürur duyuram.

İkinci Qarabağ savaşında Azərbaycan dünyada ilk dəfə olaraq müasir silahlardan istifadə etməklə ən yeni taktika ilə müharibə apardı. Hətta ABŞ Silahlı Qüvvələri Baş Qərargahının rəisi belə Azərbaycanın döyüş taktikasını çox yüksək qiymətləndirərək bildirdi ki, bu müharibə XXI əsrin müharibəsidir, bu üsul öyrənilməli və ABŞ ordusunda tətbiq edilməlidir. Məhz yeni döyüş üsulu nəticəsində müharibə cəmi 44 gün çəkdi. “Nöqtə atışı”, pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlı bölmələrimizin gözlənilməz zərbələri, döyüş elementlərinin kombinasiyası və s. hətta kifayət qədər döyüş təcrübəsi olan yüksək çinli həbçiləri təəccübləndirdi. Bu üsullarla döyüş aparmağı bacarmayan erməni hərbi birləşmələri ilk günlərdən çaş-baş qalaraq qaçmağa, fərarilik etməyə məcbur oldular. Erməni tabor, alay və diviziya komandirlərinin döyüş meydanından qaçmaları barədə əlimizdə çox sayda faktlar var. Əsgər və zabitlərimizin rəşadəti, bir addım belə geri çəkilməmələri, əksinə, əks-hücumlarla düşməni iyirmi yeddi il ərzində betonlaşdırılmış səngərlərdən vurub çıxarmaları əsl qəhrəmanlıq nümunəsi idi. Xüsusilə qürurverici haldır ki, həmin günlərdə ordumuzun bir əsgərinin belə fərarilik etməsi faktı yoxdur.

Beləliklə, Ermənistanın alti ilə işğal etdiyi ərazilərimiz 44 günlük ildırımsürətli müharibə ilə azad edildi. Onu da deyək ki, Prezidentimizin apardığı məqsədyönlü hərbi hazırlıq, yaradılmış

güclü iqtisadiyyatımız, informasiya mübarizəsində üstünlüyümüz, xarici ölkələrdəki Azərbaycan diasporlarının həmrəyliyi və digər amillər Ermənistan üzərində qısa müddətdə parlaq Qələbə qazanmağa stimul hazırlamışdı.

Döyüş əməliyyatları gedən günlərdə xarici ölkələrdən gələn bəzi qəzet və televiziya jurnalistlərinin yalan faktlara əsaslanan, şantaj xarakterli qərəzli suallarına Prezidentimizin necə sərrast və arqumentlərə söykənən cavablarını, öz güclü faktları və məntiqi ilə onları susdurmasını da gördük. Dövlətimizin başçısı həmin gərgin günlərdə vaxt taparaq dünyanın 40-a qədər nüfuzlu qəzet və televiziya kanalına müsahibə vermiş, Azərbaycan həqiqətlərini dünya xalqlarına olduğu kimi çatdırmışdı. Təbii ki, bu informasiyaların effekti döyüş meydanında qazanılan qələbədən az əhəmiyyətli deyildi. Çünki düşmənin illər boyu apardığı yalan təbliğatın alt-üst edilməsi bizim üçün olduqca vacib idi. Bilirik ki, ermənilər iki yüz ildir ki, dünyada azərbaycanlılardan və türklərdən uydurma “vəhşi” obrazı yaradıblar. Prezidentimizin dərin məzmunlu, faktlara əsaslanan çıxışları ilə düşmənin süni surətdə yaratdığı bu yüzillik yalanlar da tamamilə ifşa edildi.

Tərtər bölgəsində xidmət etdiyim üçün müharibə gedən günlərdə burada yerli əhalinin düşmənin top və raket həmlələrinə necə mətanətlə dözüb davam gətirdiyinin, bir nəfərin belə geri çəkilmədiyinin şahidiyəm. Məlumdur ki, bu müharibədə Ermənistan silahlı qüvvələri Tərtər şəhərini və kəndlərini aramsız olaraq top və raket atəşinə tuturdu. Rayon mərkəzində bir çox sakinlərin evləri, idarə və müəssisələr, uşaq bağçaları dağıdılıb yararsız hala salınmış, günahsız mülki şəxslər həlak olmuş və yaralanmışlar. Yalnız bir faktı deyim ki, təkcə Tərtər şəhərinə minlərlə top mərmisi və raket atılmışdı. Ancaq Vətən sevgisi o qədər güclü idi ki, heç kim qorxmur, heç belə hiss də keçirmirdi. Hətta saysız-hesabsız adamlar döyüşlərə qatılmaq üçün hərbi səfərbərlik şöbəsinə və hərbi hissələrin komandirlərinə müraciət edirdilər. Açıq hiss olunurdu ki, onlar üçün Vətən hər şeydən uca

və müqəddəsdir. Acı da olsa xatırladım ki, övladları şəhid olmuş valideynlər oğullarının cənazəsini qarşılayarkən ağlayıb-sızlamır, “Təki Vətən sağ olsun” deyirdilər. Böyük fəxrlə qeyd edirəm ki, Tərtər-Ağdərə istiqamətində döyüşən minlərlə əsgər və zabitimiz orden və medallarla təltif olunmuşlar.

Qazanılmış böyük Qələbədə Tərtər Hərbi Prokurorluğunun kollektivinin də payı olmasını qeyd etmək istəyirəm. Əməkdaşlarımız döyüşə gedən mindən artıq hərbi qulluqçunu qəbul edərək onların müraciətlərini dinləmiş, öz köməkliklərini göstərmişlər. Onlar mütəmadi olaraq hərbi hissələrdə olmuş, əsgər və zabitlərə öz hüquq və vəzifələri barədə məlumatlar vermiş, hərbi vətənpərvərlik mövzusunda çıxışlar etmişlər. Yüzlərlə hərbi qulluqçu ilə fərdi söhbətlər aparılmış onların ailə-məişət problemləri ilə maraqlanılmış, onların həlli üçün icra strukturlarına göndərilmiş və icrası təmin edilmişdir. Həmçinin döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların nəşlərinin qısa müddətdə ailələrinə çatdırılmasını və dəfnini təşkil etmişlər. Təbii ki, gördüyümüz işlər, həyata keçirdiyimiz tədbirlər çoxdur. Ona görə də böyük Qələbədə xidmətimiz kollektivimizi sevindirir.

Qələbəmizdən beş ay keçməsinə baxmayaraq biz hələ də onun şirinliyini yaşayırıq. Bu bahar ölkəmizə daha çox sevinc gətirib. Azərbaycan Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə xalqa təbrikində deyib: “Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.”

Camal Məmmədov,
Tərtər hərbi prokurorunun müavini, ədliyyə mayoru