08 aprel 2021 12:27
1192

Burada saçların yuyulması saatlarla davam edir - FOTO

Dünyanın bir çox yerində fərqli etnik qruplar mövcuddur.

“İki sahil” xəbər verir ki, araşdırmalara görə, təkcə Çində təxminən 400 etnik qrupun olduğu məlum olub. Bunlardan bəlkə də ən maraqlısı 3 milyon üzvü olan və Cənubi Çin dağlarında yaşayan Red Yao (Qırmızı Yao) qrupudur. Həyat tərzi və mədəniyyəti ilə diqqət çəkən Red Yao qrupu ilə daha yaxından tanış olaq.

Nəhəng Asiya ölkəsi olan  Çin Pekin və Şanxay kimi kosmopolit (dünyəvi) şəhərləri ilə yanaşı ekzotik təbiətə və mədəniyyətə sahibdir. Red Yao qrupunun yaşadığı kəndə 2002-ci ilə qədər getmək çox çətin olub. Çin hökuməti, möhtəşəm düyü tarlaları arasında olan bu kəndi "turizm islahatı" proqramı ilə təbliğ etdi və turistlərin buraya rahat gəlməsini asanlaşdırdı.

Çinin Huangluo kəndində yaşayan "rapunzel" qadınlar qeyri-adi uzun saçları ilə tanınırlar. Buradakı uzun saçlar düşündüyümüz uzunluqdan tamamilə fərqlidir. Belə ki, qadınların orta saç uzunluğu 1,7 metr civarındadır. Huangluo kəndi təbiəti, düyü tarlaları, mədəniyyəti və uzun saçlı qadınları ilə turistləri cəlb edən çox məşhur bir yaşayış məskənidir. Dağ həyatına uyğunlaşan bu etnik qrup uzun və sağlam həyatları ilə də diqqət çəkir. Əsasən tərəvəz və meyvə yetişdirir və yediklərinə çox diqqət yetirirlər. Uzunömürlüyün sirlərini araşdıran elm adamları burada yaşayan insanların hər yeməkdə çox sayda lobya və tərəvəz yeydiyini görüblər. 100 ildən çox yaşayan bu insanların həm sağlam qidalanması, həm də sularının çox təmiz olması ilə diqqət çəkir. Bu cəmiyyətdə yaşlılara hörmət etmək çox vacibdir. Onları yolda görəndə mütləq salam verməlisən, onlarla söhbət edərkən pis bir söz işlətməməli və yanında oturanda diqqətli olmalısan. Eyni hörmət yemək masasında da görülür. İlk yemək hüququ həmişə ən yaşlı insanda olur və yeməklər yaşlı insanın tərəfinə düzülür. Yao kişiləri və qadınları çox vaxt fərqli bir yerdən evlənmirlər və bir-birləri ilə ailə qururlar. Kişilər çox vaxt həyat yoldaşının ailəsi ilə yaşayır və valideynlər evlilik qərarlarına qarışmırlar. Min illik ənənələri və mədəniyyətləri ilə Yao qadınları bütün dünyanın diqqətini çəkib.

Qadınlar  sağlam  böyüyən saçlarını heç vaxt kəsməzlər. Evli qadınlarla subay qadınların saç tərzi fərqli olur. Subay qadınlar saçlarını hicabla bağlamağa, evli qadınlar saçlarının qarşısında topuz yığmağa üstünlük verirlər. 1980-ci illərə qədər bir kişi ərə getməmiş bir gənc qızın saçını qısa görsəydi,  həmin qız ailəsinə 3 il xidmət etməli olurdu. Ancaq artıq belə qaydalar yoxdur. Bu yer indi turistlərin üz tutduğu yerlərdən biridir. Hətta şəhər sakinlərinin yerli paltar geyinib, mahnı oxuduğu, rəqs etdiyi və saçlarını necə yuyacağını başqalarına öyrətdiyi bir şou da var. Onlar saçlarını saatlarla yuyurlar. Bu şoular üçün bilet satışından əldə edilən gəlir kəndin gəlirlərinin böyük bir hissəsini təşkil edir. Yüz illərdir qadınlar düyü suyuyla yuduqları saçlarını nümayiş etdirir və gələn turistlərə düyü suyunu sataraq bundan qazanc əldə edirlər. Saçlar Qırmızı Yao qadınları üçün çox vacibdir. Digər maraqlı bir xüsusiyyət də odur ki, yaşları nə qədər olursa olsun, qadınların saçları qara və çox parlaq olur. Onlar uzun saçların bolluq, zənginlik və uzunömür gətirəcəyinə inanırlar. Burada yaşayan qadınlar həyatlarında yalnız bir dəfə saçlarını kəsdirirlər. Onlar bunu 16 yaşında ailə quranda edirlər.

Vüsal Cahanov, “İki sahil”