Vətəni müdafiə etmək hər bir kəsin vətəndaşlıq borcudur. Əgər torpağında gəzib, suyunu, havasını qəbul edib, özümüzə yurd etmişiksə, o yurdu qorumaq da bizlərin müqəddəs borcu olmalıdır. Qəhrəman Azərbaycan oğulları da elə bu səbəbdəndir ki, Vətən müharibəsi başlanan gündən son ana kimi ordu sıralarına yazılmaq üçün növbə gözləyirdi. Hər kəs erməniləri torpaqlarımızdan qovmaq üçün səbirsizlənirdi. Ağdaşın Kükəl kəndindən olan qazi Mehdiyev Vüsal İslam oğlu da belə qəhrəman oğullarımızdan biridir. “İki sahil” Suqovuşan istiqamətində gedən döyüşlərdə sağ qolunu itirən qazi Vüsal Mehtiyevin döyüş hekayətini təqdim edir.
Mehdiyev Vüsal İslam oğlu 2000-ci ildə Ağdaş rayonunun Kükəl kəndində dünyaya göz açıb. Natiq Əhmədov adına kənd orta məktəbini bitirdikdən sonra 2018-ci ildə “N” saylı hərbi hissədə baş tuşlayıcı kimi həqiqi hərbi xidmətdə olub. Xidmətini başa vurduqdan sonra Bakıda avtoyuyucu kimi işləməyə başlayıb. Sentyabrın 21-də isə Ballıqaya istiqamətində yerləşən hərbi hissədə təlimə yollanıb.
Bir-birimizi qucaqlayıb yatdıq
Sentyabrın 26-sı Ağcakənd istiqamətindəki hərbi hissəyə yollandıqlarını deyən qazi Vüsal Mehdiyev döyüşlərə də elə həmin ərazidən başlayıb: “Müharibənin başlandığını eşidəndə çox sevindik. Dedik nə yaxşı ki, bu müqəddəs davada bizim də payımız olacaq. Axşam yeməyindən sonra silah-sursatımızı da götürərək maşınlarla dağa qalxıb toplanma məntəqəsində qərarlaşdıq. Sentyabır ayı olsa da hava çox soyuq idi, sıx duman var idi, isti olsun deyə bir-birimizi qucaqlayıb yatdıq.
Xoşbəxtlikdən düşmən mərmisi partlamadı, yoxsa...
Səhər tezdən müharibə başladı, “URAL”a minərək irəliyə getdik. Ünvana çatıb maşından yenicə düşmüşdük ki, düz maşının yanına mina atdılar. Xoşbəxtlikdən düşmən mərmisi partlamadı, yoxsa yaralı və ya şəhid olacağımıza şübhə yox idi. Sonra ağır artileriyadan qarşılıqlı intensiv atışma başladı, tez qaçıb səngərlərdə mövqe tutduq. Şükürlər olsun ki, həmin gün nə şəhidimiz, nə də yaralımız olmadı, xeyli ərazini də azad etdik. Ertəsi gün əmir gəldi ki, Talış kəndi istiqamətinə getməlisiniz. Biz çatanda artıq kənd digər birliklərimiz tərəfindən azad edilmişdi, ona görə də meşəlik əraziyə gedib gecəni orada gözlədik. Səhəri gün Suqovuşana getməli idik.
...Həkimə deyirdi ki, məni buraxın, döyüşə davam etmək istəyirəm
Səhər açıldı, getmək üçün maşın gözləyirdik, o anda döyüş gedən digər istiqamətdən bizə tərəf sürətlə bir “URAL”ın gəldiyini gördük, yanımıza çatanda dedilər maşında yaralı var, tez köməyə gəlin. Yaralını götürüb təcili bibbi yardım maşınına apardıq. Dəhşət idi, yaralımız qanlar içində idi, ayaqları yox idi. Tüklərim ürpəşdi, çox pis oldum. Bir yaralı da var idi, qarın boşluğuna qəlpə dəymişdi, buna baxmayaraq həkimə deyirdi ki, məni buraxın, döyüşə davam etmək istəyirəm, yoldaşılarıma kömək lazımdır. Bu cür cəsur, igid, döyüş ruhlu əsgərləri görəndə adam həqiqətən qürürlanırdı. Təəssüf ki, belə oğlanlardan çox şəhid və yaralı oldu.
Bayrağımız dalğalandıqca döyüş ruhumuz daha da alovlanırdı
Yaralıları tibb məntəqəsinə göndərdikdən sonra axşam saatlarında Suqovuşana çatdıq. İri bir bayrağımız var idi, yolda gedərkən onu maşının üzərində dalğalandırırdıq və bayrağımız dalğalandıqca döyüş ruhumuz, qisasalma arzumuz daha da alovlanırdı. Özümüzə söz vermişdik ki, hər yeri azad edib bayrağımızı dalğalandıracağıq. Bu minvalla irəliləyərək mənzil başına çatdıq. Artıq piyada getməli idik. Bir neçə kilometr getdikdən sonra qarşıdan yol dönürdü, 30-40 metr irəlidə isə ermənilərin yeraltı bunkeri var imiş. Biz post olduğunu bilmirdik. Ani olaraq düşmənlə üz-üzə gəldik, şiddətli atışma başladı, geriyə çəkilə bilmədik. Komandirimiz mayor Zamanov əl qumbarasının fitilini çəkərək ermənilərin üzərinə yüyürdü. Xeyli sayda düşmən yerindəcə məhv edildi, mayor Zamanov isə qəhrəmanlıq nümayiş etdirərək şəhid oldu. Düşmən ona bir neçə avtomat və snayper mərmisi vurdu. Tez irəli gedərək mayoru döyüş meydanından çıxardım, daha 8 nəfər də yaralanmışdı. Şəhid və yaralılarımızı götürərək tibb məntəqəsinə apardıq.
Qolumda yüksək dərəcədə istilik hiss etdim
Səhər kəşfiyyat bölüyü gələrək bunkerə hücum etdi. Biz isə yeməkdən qayıdıb onlara köməyə gedirdik. Düşmən minomyot mərmisi atdı. O anda sağ qolumda yüksək dərəcədə istilik hiss etdim, baxanda gördüm ki, qolumun dirsəkdən aşağı hissəsi yoxdur. Sonra isə özümcül ağrı hiss etdim, dözmək olmurdu, qaçaraq qışqırmağa başladım. Lakin on addım qaça bildim, taqətim yox idi, yerə yıxılıb qıvrılmağa başladım. Döyüş yoldaşlarım və sanitarlar sağ olsunlar, tez yanıma gələrək qolumu juqutla bağlayıb morf vurdular. Sonra isə Naftalana aparıldım. Vəziyyətim ağır olduğu üçün isə oradan Gəncəyə, daha sonra isə Bakıya aparıldım. Hazırda qoluma protez yerləşdiriblər, təbii ki, öz qolum kimi olmasa da, bununla yaşamağa öyrəşməliyəm.
Amma bu, şəxsi heyəti ruhdan salmırdı
Biz meşəlikdə yağışlı günlərdə 6 gün aç-susuz qalmışıq. Amma bu, şəxsi heyəti ruhdan salmırdı. Komandirimiz deyəndə ki, yorğunsunuz, istirahət edin, deyirdik ki, düşməndən torpaqları azad etməyənə kimi yaşadığımız hər gün, yediyimiz hər tikə çörək bizə haramdır. Mənim ən böyük arzum Qarabağın azadlığı uğrunda döyüşmək olub. Tanrıya şükürlər olsun ki, bu arzum yerinə yetdi, Qarabağın alınmasında mən də pay sahibi oldum. Qazi olmağımla da fəxr edirəm. Allah millətimizi, cənab Ali Baş Komandanımız İlham Əliyevi qorusun. Məhz Onun həyata keçirdiyi siyasət və ordu quruculuğu sayəsində Azərbaycan şanlı Qələbə qazandı. Dünya bizim gücümüzü, iradəmizi, döyüş ruhumuzu gördü. Allah bütün şəhidlərə rəhmət etsin, məkanları cənnət olsun, qazilərə tezliklə şəfa versin”.
Taleh Bağırov, “İki sahil”