08 aprel 2021 18:13
1050

SOCAR 2022-ci ildə səmt qazı emissiyalarını sıfra endirməyi hədəfləyir

Aprelin 6-da SOCAR-la Dünya Bankının “Səmt Qazının Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) təşkilatı arasında əməkdaşlıq çərçivəsində SOCAR-da səmt qazı emissiyaları üzrə əldə olunan nailiyyətlərlə bağlı onlayn görüş keçirilmişdir.

“İki sahil” xəbər verir ki, görüş zamanı şirkətdə səmt qazı atqılarının azaldılması üzrə görülən işlər, əldə olunan müvəffəqiyyətlər və bunların səbəbləri istiqamətində ətraflı müzakirə aparılmışdır. SOCAR-da atmosferə qaz emissiyalarının atılmasının intensivliyinin azaldılması məqsədi ilə ən qabaqcıl ekoloji tədbirlərin həyata keçirildiyi təqdir edilmişdir. SOCAR-ın artıq səmt qazı atqılarını 2%-ə endirdiyi və 2022-ci ildə bu növ emissiyaları sıfra endirməyi qarşısına məqsəd qoyduğu xüsusi vurğulanmış və yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, bu işlərin reallaşdırılması SOCAR-ı dünyanın nəhəng neft-qaz şirkətləri arasında ön sıraya çıxaracaqdır.

GGFR nümayəndələri qlobal istiləşmə prosesinin sürətləndiyi bir dövrdə SOCAR-ın həyata keçirdiyi effektiv tədbirlərin digər aparıcı neft-qaz şirkətləri üçün örnək olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, SOCAR davamlı inkişaf məqsədlərinə uyğun olaraq dünyada neft-qaz şirkətləri arasında “sıfır karbon emissiyası” hədəflərinə çatan ilk şirkətlərdən biri olacaqdır və müsbət mənada fərqlənəcəkdir. GGFR təşkilatının nümayəndələri gələcəkdə SOCAR-ın təcrübəsinin öyrənilməsi və tətbiq olunmasının vacibliyini vurğulamışlar.

Görüşdə SOCAR-ın əldə etdiyi ekoloji naliyyətlər barədə Dünya Bankının rəsmi veb saytında elan verilməsi qərara alınmışdır.

Qeyd edək ki, SOCAR Xəzər regionuna və ümumiyyətlə, beynəlxalq ekoloji dayanıqlığa təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, həmçinin metan qazının atmosferə atılmasının qarşısını almaq üçün proaktiv addımlar atır.