HİNDİSTAN BELƏ DƏ OLUR... MOBİL TELEFONA YASAQ QOYULDU
Qəribə ənənələri, təbiəti və adətləri ilə seçilən Hindistanda qüvvəyə minən qeyri-adi qadağa çoxlarını təəccübləndirib. Qucarat ştatında Ağsaqqallar Şurasının qərarı ilə mobil telefonlar yasaqlanıb. Qadağa 18 yaşı tamam olmayan qızlara və tək həyat tərzi keçirən xanımlara aid edilib. Şurada düşünürlər ki, cib telefonları bu yaşa çatmayan qızların dərslərindən yayınmasının başlıca səbəbidir.
İlk olaraq ştatın balaca bir kəndində tətbiq edilən bu qanun tədricən ətraf ərazilərə də yayılaraq kütləvi hal almağa başlayıb. Qadağalara əməl etməyən qızları isə 30 dollar məbləğində cərimə cəzası gözləyir. 18 yaşı tamam olmayan xanımları telefonla görüb polisə xəbər verən şəxslər isə mükafat alacaq.
Amma bu da son deyil. Ölkədə daha bir qadağa selfi ilə bağlıdır. Hakim dairələr hesab edir ki, selfi insanları təhlükəli hərəkətlərə sövq edir. Məlumat üçün qeyd edək ki, ötən il 49 nəfər selfi çəkərkən həyatını itirib ki, bunlardan da 19-u hindistanlılardır. Artıq Mumbayi polisi selfi çəkməyin qadağan olunduğu 16 yeri müəyyənləşdirib. Bu yerlər arasında dəniz sahili də var.