12 aprel 2021 06:04
827

"Qəbələ" idmançısı Avropa çempionuna nokautla qalib gəldi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirib.

"İki sahil" xəbər verir ki, o, Moskvada keçirilən “AMC Fight Night100” döyüş gecəsində Rusiya təmsilçisi, sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa çempionu Şamil Amirovla üz-üzə gəlib. Amirov  üçüncü raundda idmançımızın zərbələri qarşısında duruş gətirə bilməyərək döyüşü davam etdirmək istəməyib. Beləliklə, Abbasov görüşü texniki nokautla başa vurub.

Bununla da yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan Azərbaycan təmsilçisi titulunu qoruyub.

Görüş aprelin 10-da keçirilməli idi. Lakin həmin vaxt döyüş gecəsi çoxsaylı MMA azarkeşlərinin pandemiya şərtlərini pozaraq zalı tam doldurmaları səbəbindən təxirə salınıb.

Xatırladaq ki, Nəriman Abbasov daha əvvəl 2020-ci ilin sentyabrında Rusiyanın daha bir təmsilçisi Mixail Qoqitidzeyə qalib gəlib.